Kripto dələduzlarına 300 milyon dollarlıq böyük zərbə
Bu gün, 17:44

Kriptovalyuta sektorunda dələduzluqlara qarşı mübarizədə mühüm addım atılıb.
Valyuta.az xəbər verir ki, “Binance”, “Tether” və “Chainalysis” kimi aparıcı şirkətlərin əməkdaşlığı nəticəsində 300 milyon dollardan artıq qanunsuz kripto aktiv dondurulub.
Blockchain sisteminin quruluşu səbəbindən oğurlanmış vəsaitlərin izini sürmək və geri qaytarmaq adətən çətin olur. Lakin son açıqlamalar göstərir ki, müxtəlif əməliyyatlarla yüz milyonlarla dollarlıq qeyri-qanuni aktivlərin hərəkəti dayandırılıb.
“Binance”, “TRON”, “Tether” və “TRM Labs” tərəfindən yaradılan T3 FCU adlı təşəbbüs ilk ilində 250 milyon dollardan çox qanunsuz vəsaiti dondurduğunu açıqlayıb. Bu əməliyyat çərçivəsində “domuz kasaplığı” adlanan onlayn aldatma və romantik münasibətlər üzərindən edilən fırıldaqlarla əldə olunan təxminən 6 milyon dollar da bloklanıb.
“Tether”in baş direktoru Paolo Ardoino bu uğuru belə şərh edib: “Bir ildən az müddətdə 250 milyon dollardan artıq qanunsuz vəsaitin dondurulması, sektorun ortaq hədəflə hərəkət etdikdə nələrə nail ola biləcəyinin bariz göstəricisidir”.
Digər tərəfdən, “Chainalysis” də Kanadada hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən Atlas və Uçqun adlı əməliyyatların nəticələrini açıqlayıb. Bu əməliyyatlarda ümumilikdə 74 milyon dollardan artıq qanunsuz tranzaksiya aşkarlanıb və on milyonlarla dollar dondurulub.
Atlas layihəsi çərçivəsində yalnız Kanada deyil, ABŞ, Avstraliya, Almaniya və Böyük Britaniya da daxil olmaqla 14 ölkədə 2 mindən çox kripto pulqabı ünvanının dələduzluqla əlaqəli olduğu müəyyənləşdirilib. Bu fakt, kripto dələduzluğunun beynəlxalq miqyasda ciddi təhlükəyə çevrildiyini göstərir.
Mütəxəssislər bildirirlər ki, aktivlərin dondurulması onların avtomatik olaraq zərərçəkənlərə qaytarılması demək deyil. Vəsaitlərin geri alınması üçün hüquqi prosedurların tamamlanması, mülkiyyətin sübut olunması və dövlətlərarası əməkdaşlıq tələb olunur. Bu səbəbdən zərərçəkmişlərin pullarını geri əldə etməsi uzun və mürəkkəb proses ola bilər.