Türkiyənin “qaynayan” bölgəsində son vəziyyət: Bıçaq sümüyə dirənib - FOTO, VİDEO

18-03-2020, 17:32           
Türkiyənin “qaynayan” bölgəsində son vəziyyət: Bıçaq sümüyə dirənib - FOTO, VİDEO
“Türklərin əksəriyyəti suriyalı qaçqınların ölkədən çıxarılmalarını tələb edir”



Türkiyə ilə Suriya arasında gərginlik səngimək bilmir. Azərbaycanlı jurnalist Fərid İmran bu günlərdə Türkiyə-Suriya sərhədinə yollanaraq, baş verənlərə canlı şahidlik edib.



Jurnalist təəssüratlarını AYNA-ya danışıb.



- Fərid bəy, yaxın günlərdə Türkiyə-Suriya sərhədinə, daha dəqiq desək, Türkiyənin Hatay vilayətində oldunuz. Nə baş verir orada?



- Təxminən, 20 günə yaxın davam edən “Bahar qalxanı” əməliyyatı istər siyasi, istərsə də ictimai baxımdan Türkiyədə bir canlanmaya səbəb olub. Düzü, Suriya ilə həmsərhəd olan kəndlərdə vəziyyət çox gərgindir və əhali xaos içindədir. Türkiyə-Suriya sərhədində yerləşən Hatay vilayətinin Reyhanlı adlı şəhəri var. Həmin şəhərdə 300 min insan yaşayır ki, bunun 170 mini suriyalı, 130 mini isə türkiyəlidir. Yəni həmin şəhərdə suriyalı qaçqınların sayı yerli əhalidən çoxdur. Həm də ki, həmin şəhər Suriya ilə həmsərhəd olduğu üçün əvvəldən də ora köç edib, yurd salmış, hətta əmlak sahibi olmuş suriyalılara rast gəlmək olur. Reyhanlı həm də Suriyaya ən yaxın Türkiyə şəhərlərindən biridir. Reyhanlıdan Suriya sərhədinə getmək üçün, hardasa 15-20 dəqiqəlik məsafə var. Yəni o qədər yaxındır. Şəhərdə isə, demək olar ki, hər yerdə postlar qurulub və şəhər xüsusi nəzarət altındadır. Düzü, mən orada olanda bacardığım qədər əcnəbi olmadığımı bildirmək istəyirdim. Daha doğrusu, mənə belə tapşırmışdılar. Çünki yerli türklərin dediklərinə görə, orada oğurluq, soyğunçuluq həddindən artıq çoxalıb və bu cinayətlərin əsas qurbanları da, əsasən əcnəbilər olur.



- Dediniz ki, Reyhanlı şəhərində yerləşən suriyalıların sayı yerli əhalidən çoxdursa, həmin qaçqınlar yerli əhaliyə say üstünlüyündən istifadə edərək hansısa probemlər yaşadırlar?



- Yerli əhali bu durumdan çox narazıdır. Hətta, bu məsələ ilə bağlı Türkiyənin bəzi şəhərlərində sorğular da keçirdim. Türkiyə əhalisi suriyalıların ərazidən çıxarılmasını tələb edir. Buna səbəb kimi isə, kirayə evlər, nəqliyyat, ərzaq, iaşə obyektlərinin icarə qiymətlərinin qalxmasını göstərirlər. Yəni əhalinin böyük bir qismi vəziyyətdən narazdır və suriyalıların ölkədən çıxarılmasını istəyir.



Mövzuya uyğun olaraq bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Belə ki, Reyhanlıdan qayıtdığım gün Ankara avtovağzalına getmək üçün taksi tapa bimirdim. Çünki hansı taksiyə yaxınlaşırdımsa, əcnəbi olduğum üçün məni aparmaq istəmirdi. Hətta bir neçəsinə azərbaycanlı olduğumu da qeyd etmişdim. Nəhayət, orada tanış oduğum bir Türkiyə vətəndaşının atası məni getmək istədiyim ünvana öz şəxsi avtomobili ilə yola saldı. Bu hadisənin səbəbini soruşanda isə, soyğunçuluq, oğurluq və digər cinayətləri misal çəkdi. Dediyinə görə, orada insanları yolda saxlayıb qarət etmək elə adi hala çevrilib ki, artıq taksi sürücüləri belə, əcnəbi adam daşımaqdan ehtiyat edirlər. Hətta Reyhanlıda olduğum günlərin birində kəndlərin birinə bomba da atmışdılar, partlayış baş vermişdi.



- Bəs, sərhəd-keçid məntəqlərində hasnı proseslərin şahidi oldunuz?



- Türkiyə ilə Suriyanı ayıran “Cilvə gözü” adlanan gömrük keçid məntəqəsində baş verənlərə şahidlik etdim. Belə ki, həmin keçid məntəqsindən Türkiyəyə keçən suriyalıların sayı durmadan artır. Onların arasında istər qoca, itər uşaq, istərsə də cavanlara rast gəlmək olar. Axşama doğru isə Türkiyəyə keçən suriyalıların sayının daha da artdığını gördük. Lakin “Cilvə gözü”nün qarşısında mətbuat nümayəndələrinin işi demək olar ki, bitir. Çünki “Cilvə gözü”ndən sonra artıq Suriya ərazisidir və buna görə də jurnalistlərin girişini qadağan ediblər. Hətta orada belə bir söz də eşitdim ki, viza ilə də o tərəfə keçən olsa, geri qayıtmağa qoymurlar. Buna baxmayaraq, “Cilvə gözü”dən hər şeyi ətraflı görmək mümkün olurdu. Hətta “Cilvə gözü”nə gedən yolda postlar qurulmuşdu və hər kəsi saxlayıb sorğu-sual edirdilər. Hətta mən Türkiyədə qeydiyyatdan keçmədiyim üçün problem yaratdılar. Çünki Türkiyədə belə bir qayda var ki, orada xarici mətbuat kimi iştirak edən hər kəs mütləq qeydiyyatdan keçməlidir. Bu da vaxt aparan proses idi deyə qeydiyyatdan keçmək mənim üçün mümkün deyildi. Polislər isə ümumiyyətlə şərait yaratmırdılar. Reyhanlı şəhər mərkəzində çəkiliş edəndə də polislər yaxınlaşıb mane olmağa başladılar. Belə başa düşdüm ki, polislər də ehtiyat edirlər.



- Suriyalılara qarşı qeyd etdiyiniz münasibətin kökündə nə dayanır?



- Burada bir neçə faktor var. Çünki münasibətdə fərqli-fərqli fikirlər var. Məsələn, türk gəncliyi fikirləşir ki, “mənim əsgərim nə üçün Suriyanın ərazi bütövlüyü uğrunda şəhid olmalıdır, amma suriyalı gənclər Türkiyədə kef çəkməlidir?” Hətta bu fikirdə olanlar çoxluq təşkil edirdi. Amma yaşlı nəsil onlarla problemləri olmadığını və müsəlman qardaşları olduğu üçün onlara qapı açdıqlarını bildirirdilər. Ümumi götürəndə isə Türkiyə əhalisi suriyalıların Türkiyədən çıxmasını istəyir. Lakin onu da qeyd edirlər ki, uşaqlar və qadınlar köməksiz olduğu üçün Türkiyədə istədikləri qədər qala bilərlər, amma Türkiyədə olan suriyalı kişiləri ölkədən çıxarmaq lazımdır. Mövzuya uyğun olaraq başıma gələn bir hadisəni danışmaq istəyirəm. Sivas şəhərində idim və oradan Hataya getməli idim. Avtovağzala gedib bilet satan şirkətlərə yaxınlaşdım və Hataya getmək istədiyimid dedim. Ancaq cəmi bir şirkətdə bilet var idi. Yaxınlaşıb Hataya getmək istədiyimi desəm də, biletin olmadığını dedilər. Lakin azərbaycanlı jurnalist olduğumu deyəndən və sübut etdikdən sonra biletin olduğunu dedilər və mənə ən ucuz və VİP bileti verdilər. Səbəb də onu göstərdilər ki, qardaş ölkədən onlar üçün gəlmişəm. Ayrı-seçkiliyin səbəbini soruşanda isə belə dedilər: “Biz onlara qapımızı açdıq, universitetlərdə onlara ödənişsiz təhsil verdik, bir sözlə, hər şəraiti yaratdıq. Amma onlar Yunanıstan sərhədinə gedəndə küçələrdə rəqs edir, sevinir və bizə acıq verdilər”. Digər tərəfdən, suriyalıların Türkiyədən çıxarılmasını istəyənlərin bir səbəbi də odur ki, suriyalılar türklər üçün işsizlik problemi yaradırlar. Çünki türklərin gündəlik 100 lirəyə çalışdığı işlərdə suriyalılar 80 lirəyə işləməyə razı olurlar. Təbii ki, bu da şirkətlərə sərf edir.



- Bəs, azərbaycanlılara münasibət necədir?



- Türkiyənin Çankrı şəhərinə də səfər etdim. Çankrıda, təxminən 200 nəfər azərbaycanlı tələbə təhsil alır. Orada isə azərbaycanlılara qarşı münasibət həddindən artıq yüksəkdir. Hətta Çankrıda “Qarabağda müharibə başslasa, türk gəncliyi gedərmi” adlı bir sorğu da keçrdim. Yaxınlaşdığım bütün insanlar qeyd-şərtsiz Azərbaycan üçün canlarını verməyə hazır olduqlarını dedilər. Onu da əlavə etdilər ki, “Suriyanın ərəbləri üçün ölməkdənsə, qardaş ölkə üçün ölmək bizim üçün daha üstündür”.



- Son hadisələrdən sonra Türkiyədə Prezident Ərdoğana qarşı münasibətdə dəyişikliklik varmı?



- Əsasən, orta və gənc nəslin arasında olmağa çalışırdım. Çankrıda CHP rəsmiləri ilə bir görüşüm də oldu. Orada da bir neçə maraqlı fikirlər səsləndi. CHP-nin də mövqeyi var ki, Türkiyənin Suriyada işi yoxdur. Ərdoğana qarşı müansibət isə deməzdim ki, pisdir. Lakin Türkiyə Silahlı Qüvvələrinin başlatdığı “Bahar qalxanı” hərəkatı türklər tərəfindən dəstəklənir və artıq burada Ərdoğana qarşı olan münasibət ikinci plana keçir. Türkiyə xalqı hazırda əsgərlərinin ölməməsi və orada zəfər çalması üçün çalışır. Buna baxmayaraq, əvvəlki illərə nisbətən demək olar ki, Ərdoğanın zamanı bitib. Yəni Türkiyə gəncliyinin böyük bir qsimi Ərdoğanın Türkiyəni Suriyanın gününə salacağını fikirləşir. Bununla yanaşı, dini faktorların qabardılmasına da etiraz edirlər.



- Hazırda sosial-iqtsadi baxımdan Türkiyədə vəziyyət nə yerdədir?



- İnsanlar yaşayış səviyyəsindən həddindən artıq narazıdırlar. Hətta məni aparan taksi sürücüsündən bu barədə soruşanda, aylarla ət ala bilmədiklərini dedi. Yəni ərzaq və digər şeylər çox bahadır. Onlar bunun belə davam edə bilməyəcəyini deyirlər.



- Son ayların əsas gündəmi, məlum olduğu kimi, koronavirus təhlükəsidir. Türkiyədə bununla bağlı müşahidələriniz oldu?



- Türkiyəyə Gürcüssan vasitəsilə keçdim. Gürcüstanda da, Türkiyədə də sərhəddə güclü yoxlamalar var idi. Amma geri qaydıdanda Azərbaycan sərhədində məni yoxlayan olmadı. Türkiyədə isə ümumiyyətlə koronavirus demək olar ki, ciddiyə alınmır. Bizdə panika var, maska ilə gəzənlər çoxdur. Amma Türkiyədə demək olar ki, heç maska taxan yoxdur. Hətta, apteklərdən soruşdum ki, qiymətlərdə fərq varmı virusa görə. Dedilər ki, heç bir artımdan söhbət gedə bilməz. Əhali spirtə, maskaya demək olar ki, pul xərcləmir.



- Ümumi olaraq Türkiyədən hansı təəssüratla qayıdınız?



- Bundan əvvəl də bir neçə dəfə Türkiyəyə səfər etmişdim. Amma bu dəfə arzuladığım təəsüratla qayıtmadım. Çünki belə davam eləsə, Türkiyə kimi güclü bir dövlət irəli gedə bilməyəcək. Orada gənclərin həyat tərzi həddən artıq gerilməyə başlayıb. Hətta bunu bizim dırnaqarası feministlərin həyat tərzi ilə də əlaqəndirmək olar. Yəni vəziyyət o dərəcədə gərgindir. Bu isə kütləvi hal alıb deyə, Türkiyə daha da zəifləməyə doğru gedir.ayna.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.