“Dünya türklərinin haqq səsi olmağa çalışırıq” - CAHANDAR BAYOĞLU

19-03-2020, 18:01           
“Dünya türklərinin haqq səsi olmağa çalışırıq” - CAHANDAR BAYOĞLU
“300 milyonluq bir millətin vahid siyasi məkanda inteqrasiyasına çalışacağıq”

“Türk dövlətlərinin bu gün birliyə böyük ehtiyacı var”

9 fevral növbədənkənar parlament seçkilərindən sonra yaranan Turan Partiyasının başqanı Cahandar Bayoğlu bir neçə gün öncə sosial şəbəkələrdə maraqlı təkliflərlə çıxış edib. C.Bayoğlunun sözlərinə görə, son bir neçə ayda “koronavirus terroru” bütün dövlətləri təkləməyə və təcridləşdirməyə məcbur edərək, hər kəsi özünə tabe etdirməkdə davam edir: “Belə bir durumdan çıxış yollarını aramaq hər bir dövlətin borcudur. Azərbaycan və digər Türk Dövlətləri birlikdə bu ağır durumdan az itkiylə çıxmağa ən şanslı dövlətlərdir. Bunun üçün də Türk Dövlətləri təcili olaraq bir sıra tədbirlər görməlidir:

1. Karantin qalmaqla, ortaq iqtisadi məkana keçməlidir,

2. Digər dövlətlərdən qida asılılığından azad olmaq üçün ticarəti sərbəstləşdirilməlidir,

3. Öz aralarında alqı-satqı milli valyutalarla olmalıdır,

4. Dünya bazarında güclənmək üçün ortaq istehsala üstünlük verilməlidir,

5. Milli valyutalarla yanaşı, ortaq valyutanın da dövriyəyyə buraxılması həyata keçirilməlidir və Ortaq Türk Bankı qurulmalıdır.

“Bütün iqtisadi əlaqələrin tənzimlənməsi üçün yerli qanunlara yenidən baxılmalı, ortaq idarəçilik gerçəkləşməlidir. Türk Dövlət başçılarından ibarət olan qurum işlək şəkildə təşkilatlanmalıdır ”,- deyə C. Bayoğlu qeyd edib.

Maraqlıdır ki, yeni yaranan Turan Partiyasının məqsədi nədir? Partiyanın ideoloji hədəfləri nədən ibarətdir? “Hürriyyət”in bu və digər suallarına cavab almaq üçün partiya başqanı Cahandar Bayoğlu ilə söhbətləşdik.

- Turan Partiyasının məqsədi və hədəfləri adından bəllidir. Məqsəd türk dövlətlərinin inteqrasiyası, daha sıx birlik, Avropa Birliyindən üstün bir birlik olmasıdır. Bilirsiniz ki, Çində, İranda, bir çox ölkələrdə əzilən türklər var, onların səsləri boğulur, əzilir. Biz onların haqq səsi olmağa çalışırıq. Onların haqlı mücadiləsinin yanında olmaq istəyirik. Eyni zamanda Turan coğrafiyasında yaşayan 300 milyonluq bir millətin vahid siyasi məkanda inteqrasiyasına çalışacağıq. Hesab edirəm ki, bu cür partiyalar türk dünyasının hər yerində qurulacaq və onların ortaq fəaliyyəti nəticəsində bu inteqrasiya yaranacaq.

- Koronovirus bəlasından az itki ilə çıxmaq üçün Azərbaycan və digər türk dövlətlərinin birlikdə həyata keçirməli olduğöu bir sıra təkliflərlə çıxış etmisiniz. Bu təkliflərin həyata keçirilməsi üçün imkanlar var?

- Bizim resurslarımız kifayət qədər bizi bu problemdən xilas edə bilər. Sadəcə, onun təşkilati işlərini elə gerçəkləşdirmək lazımdır ki, dünyada iqtisadi münasibətlərin dağıldığı bir dövrdə bu proses bizə az itkilərlərlə başa gəlsin. Bilirsiniz ki, türk dövlətlərinin birliyi olmasa da, artıq Keneşi Konseyi fəaliyyət göstərir, onun fəxri sədri də var. Amma sadəcə bu qurumu daha da gücləndirmək lazımdı ki, o işlək bir quruma çevrilsin. Türk Konseyi türk birliyi kimi, onun bütün işlək mexanizmləri olmaqla yanaşı, dövlət başçıları bir araya gəlib, onun fəxri sədrini deyil, artıq katibliyini yaratmaq, ya da ümumi rəhbərini seçmək haqqında qərarlaşmalıdırlar ki, bu problemlərin öhdəsindən gələ bilsinlər. Azərbaycanın və digər türk cümhuriyyətlərinin ortaq imkanları var. Bilirsiniz ki, bizdə olmayan bəzi şeylər Türkiyədə var, Türkiyədə olmayan Özbəkistanda var... Qazaxıstanın, Özbəkistanın, Azərbaycanın, Türkiyənin, Türkmənistanın resursları ilə öz aramızda azad bazar yarada bilsək, sərbəst idarəçiliyə imkan yaratsaq, alqı-satqı proseslərində Azərbaycanda olmayan şeylər digər türk cumhuriyyətlərindən gələr, bizdə olanlar başqalarına gedər. Bu, həm ticarətin inkişafına böyük təsir göstərər, həm də insanlarımızı maddi sıxıntılardan azad edər. Bununla yanaşı, təbii ki, bu gün dünya bazarına çıxmaq üçün də ciddi ehtiyac var. Dünya bazarına məhsul çıxarmaq üçün də ortaq istehsal sahələri yaradıla bilər və vacibdir. Bu, ortaq istehsal həm bizim yerli tələbatımızı ödəyər, həm də xaricdən olan sifarişlərə hesablanar ki, bu da bizim gələcəkdə iqtisadi bazamızın güclənməsinə xidmət edər. Mən hesab edirəm ki, biz dəyişən iqtisadi prosesdən həm özümüzü qoruya, həm də kifayət qədər güclənə bilərik. Çünki bu gün dünyada iqtisadi münasibətlər bütün ölkələrin iqtisadiyyatını vurur, hətta onu darmadağın edəcək proseslər davam edir. Belə bir şəraitdə ən gözəl imkan türk cümhuriyyətlərindədir, bizdədir. Biz də bu imkanlardan yararlanmalıyıq. Biz hesab edirik ki, ortaq bazarın yaradılması ilə yanaşı, ilkin halda bizim dövlətlərarası alqı-satqı münasibətləri milli valyutalarla, hər ölkənin öz valyutası ilə gerçəkləşməlidir və qısa bir zamanda da ortaq valyutamız dövriyyəyə buraxılmalıdır, ortaq bank yaradılmalıdır. Eyni zamanda bu qurumların da fəaliyyətini tənzimləmək üçün dövlətlərin qərarı ilə işlək qurumlar yaradılmalı və onlara səlahiyyətlər verilməlidir. Təbii ki, ortaq valyuta gerçəkləşdiriləndən, ortaq bank da qurulandan sonra avtomatik olaraq digər ölkələrlə sərhədlərimizi qapaya bilərik, həm də özümüzün iqtisadi münasibətlərimizi tənzimləyərik. Biz artıq prosesdən zəifləyən dövlətlər kimi deyil, güclü dövlət kimi çıxa bilərik.

- Sizcə, bütün türk dövlətləri bu təşəbbüsünüzü dəstəkləyəcəkmi?

- Mən hesab edirəm ki, türk dövlətlərinin özünün bu gün buna böyük ehtiyacı var. Sadəcə, təşəbbüslər lazımdır. Bunun üçün türk cümhuriyyətlərindən birinin təşəbbüsü yetərlidir. Hesab edirəm ki, bu təşəbbüsə də ilk olaraq Azərbaycan və Türkiyə səs verəcək. Azərbaycan və Türkiyənin səs verdiyi bu təşəbbüsə digər türk dövlətləri də çox rahatlıqla gələcəklər. Çünki artıq dövlətlərin özündə millətimizin buna ciddi ehtiyacı var. Bu, artıq siyasi tələbat deyil, məcburi tələbatdır. Heç kim bunun gerçəkləşməsinə qarşı çıxa bilməz.

- Qeyd edirsiniz ki, iqtisadi əlaqələrin tənzimlənməsi üçün yerli qanunlara yenidən baxılmalı, ortaq idarəçilik gerçəkləşməlidir. Ortaq idarəçiliyi necə gerçəkləşdirmək olar, bu hərc-mərcliyə səbəb olmaz ki?

- Xeyr. Ortaq idarəçiliyi gerçəkləşdirmək üçün türk cümhuriyyətlərində ayrı-ayrı qanunlar ola bilər ki, ortaq siyasətin gerçəkləşməsinə əngəl olsun. O qanunlar bütün ölkələrdə eyniləşməlidir ki, qanun bazası münasibətlərin inkişafına və dərinləşməsinə mane olmasın. Bu baxımdan, hökmən bizim qanuni baza yaradılmalıdır ki, bu qanuni bazanın əsasında da ortaq işləyə biləcək qurumlar rahat fəaliyyət göstərə bilsinlər.

- Bu ortaq idarəçilik bir türk dövləti olaraq Azərbaycana nə verə bilər?

- Milli mənsubiyyətimizin eyni olmasına görə, belə biri qurumun yaranması mövcüd şəraitdən çıxmaq üçün ən gözəl model hesab edilir və bu model bütün türk dövlətləri, o cümlədən də Azərbaycan üçün yararlıdır. Bu, bir çox baxımdan yararlıdır. Bu, dağılan iqtisadiyyatın qarşısında dik durmaq, dik durmaqla yanaşı, həm də gücləndirməyə xidmət edəcək. Bu, Azərbaycanın maddi resurslarının daha sağlam inkişafına gətirib çıxaracaq. Nəticə baxımdan ortaq istehsal sahələri yaradılacaq. Azərbaycanın, Özbəkistanın, Türkiyənin, Qazaxstanın kənd təsərrüfatında ortaq fəaliyyəti yaranacaq, digər tərəfdən səmərəli olacaq. Tutaq ki, pambıq Özbəkistanda var, Türkiyə də tekstil istehsalına görə, dünyanın ən güclü dövlətlərindən biridir. Biz bunları öz aramızda ortaq valyuta vasitəsilə alqı-satqı edib, dünya bazarına da çıxara, öz təlabatlarımızı da ödəyə bilərik. Hətta ortaq şirkətlər qurula bilər. Bu şirkətlər qazancı bölə bilər və orada iştirak edən dövlətlərin payı da tənzimlənər. Biz də, bizim iqtisadçılar da belə düşünürlər ki, bu proses çox vacibdir və bu Azərbaycana və digər türk dövlətlərinə faydalı olacaqdır.

- Cahanda bəy, bir partiya rəhbəri olaraq artıq türk dövlətləri ilə əlaqəniz var. Kimlərəsə müraciət etmisiniz ki, bu təklifləri həyata keçirək?

- Biz bu mövzuda özümüzün şəxsi əlaqələrlə özəlliklə bu gün Azərbaycanda Türkiyənin təşəbbüskar olduğunu düşünürük və Türkiyədə olan dostlarımızla, təbii ki, partiyada olan dostlarımızla bizim bu kimi söhbətlərimiz davam edir. Eyni zamanda “feysbuk” üzərindən yaydığımız açıqlamalarımız ölkənin bütün internet saytarında yayımlanır və bu yazılara və təşəbbüslərə ciddi yanaşırlar. Bizim şəxsi əlaqələrimiz və kütləvi informasiya vasitələrinə olan fikirlərimiz hər iki dövlətin ayrı-ayrı qurumlarına və eyni zamanda ayrı-ayrı siyasi qurumlara da çatmış olur. Hesab edirəm ki, bu, artıq gündəlik müzakirəyə çevriləcək bir məsələdir. Biz partiya kimi bunu təşəbbüs kimi irəli sürsək də, minlərlə ayrı-ayrı aydınlarımız, iqtisadçılarımız, dövlət qurumlarında işləyən məmurlar var ki, bu təşəbbüsü fərdi qaydada bizsiz də irəli sürürlər. Sadəcə olaraq bu təşəbbüsün təşkilatlanmasına və yüksək səviyyədə müzakirəsinə ehtiyac var.

Şamo EMİN, Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.