“Biz hansısa şirkət yox, böyük iddiaları olan İrəvan Respublikası qurmuşuq”

12-05-2020, 19:47           
“Biz hansısa şirkət yox, böyük iddiaları olan İrəvan Respublikası qurmuşuq”
May ayının 10-da Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilib. Qərbi Azərbaycan (İrəvan) Respublikası ilə bağlı təşəbbüs qrupunun sədrliyinə Türkiyənin Kayseri Universitetinin professoru, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı seçilib.
Qafar Çaxmaqlı respublikanın fəaliyyəti və gələcək planları barədə Modern.az-ın suallarını cavablandırıb.

- Qafar müəllim, elan etdiyiniz mühacir dövlətin strukturu, vəzifə bölgüsü necə olacaq?
- Biz öncə təşəbbüs qrupunu formalaşdırdıq. Bu 15 nəfərdən ibarət idi. Təşəbbüs qrupu bir videokonfransla mühacir respublikanı elan etdi. Artıq bizim müəyyən sənədlərimiz, bəyannaməmiz hazır edildi. Bundan sonrakı müddətdə Milli Şuranı seçəcəyik. Milli Şura elan etdiyimiz Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının ayrı-ayrı mahallarından olan insanlardan təşkil ediləcək. İndiki Ermənistan ərazisi olan bütün mahallarda Azərbaycan türkləri yaşayıb. Çalışacağıq ki, bütün mahalları təmsil edən şəxslər respublika idarəçiliyində təmsil olunsun.
Milli Şura seçildikdən sonra onun qarşısında böyük bir vəzifə olacaq ki, parlament seçkiləri keçirilsin. Hələlik 75 nəfərlik və ya 51 nəfərlik yetərsay təklifləri var. Amma ermənilərin “Batı Ermənistan” dedikləri qurum 101 nəfərdən ibarət məclis seçib. Bu bizim üçün nümunə deyil, amma daha çox üzvdən ibarət məclisin formalaşmasına çalışacağıq. Parlamentin üzvlərinin sayı səs çoxluğu ilə müəyyən ediləcək.

- Mühacir dövlətdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar təmsil olunacaqsa, onların bu fəaliyyətdə iştirakı hansı formada həyata keçiriləcək?

- Dünyanın müxtəlif yerlərinə səpələnmiş Qərbi Azərbaycan kökənli insanlar var. Bəziləri Azərbaycan vətəndaşıdır. Amma Türkiyə, Almaniya, Amerika, Avstraliya və s. ölkələrin vətəndaşlığında yaşayan azərbaycanlılar da var. Dünyanın müxtəlif ölkələrində yaşayan insanların hər birinə respublikanın təşkilində iştirak etməyə şərait yaradacağıq. Qurduğumuz respublika demokratik dəyərləri təbliğ edir.
Üç gün ərzində fəaliyyətimizlə bağlı hansı sual, məsələ ortaya çıxırsa, dərhal reaksiya veririk. Təşəbbüs qrupunda yer alan insanların hər biri fikirlərini irəli sürür, təkliflərini səsləndirir. Biz hansısa bir şirkət, təşkilat qurmamışıq. Gələcək üçün böyük iddiaları olan, böyük bir əraziyə iddialı dövlət qurmuşuq. Formalaşma prosesi o qədər də asan məsələ deyil. Artıq düşmən bizə mətbuat üzərindən hücuma keçib. Mərhələli şəkildə bütün prosedurları qaydasına salacaq, gələcəkdə təməli möhkəm bir dövlətin formalaşdırılması üçün bütün məsələləri addım-addım gerçəkləşdirəcəyik.

- Nəyə görə, Qərbi Azərbaycan (İrəvan) Respublikası adını seçdiniz?

- Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası adı böyük müzakirələrdən sonra qəbul olundu. İndiyə qədər bu ideyanı gerçəkləşdirmək istəyən insanlar olub, fərqli adlar təklif ediblər. Biz isə belə qənaətə gəldik ki, Qərbi Azərbaycan kəlməsi tək verilsə, anlaşılmayacaq. Beynəlxalq tribunada qarşımıza Güney Azərbaycandakı Qərbi Azərbaycan ostanı çıxa bilər. Ona görə, biz respublikanın adına İrəvan ifadəsini əlavə etməyi münasib gördük. Çünki bizim əsas iddiamız İrəvanadır, dövlətimiz orada olub. 1918-ci il 29 mayda verilmiş Azərbaycan Milli Şurasının qərarının qüvvədən düşməsi bizə əsas verir ki, İrəvanı geri tələb edək. Digər sənədlər də var ki, əsaslana bilərik. 1947-ci ilə SSRİ Nazirlər Sovetinin qərarına əsasən, Azərbaycan türklərinin burada yaşamasını, həmin qərarla köçürüldüyünü ehtiva edir. Bu aktlar bizim fəaliyyətimizi gücləndirən hüquqi mənbələrdir.
“Mühacirətdə” ifadəsinə gəlincə, biz Azərbaycanda, Türkiyədə belə fəaliyyət göstərsək, bu yenə mühacirətdə sayılacaq. Bizə təklif edilir ki, Türkiyə ərazisində keçici bir iqamətgah seçilsin. Mən buna qarşıyam. İqamətgahı harada olur-olsun dövlətimizin mühacirətdə olduğu bilinəcək.

- Siz özünüz Azərbaycan vətəndaşısınız. Belə olan halda, hər hansı dövlət formalaşdırmaq hüquqi cəhətdən düzgündürmü?

- Vətəndaşlığından asılı olmayaraq, dövlətimizdə təmsil olunan şəxslər hamısı bir amal uğrunda mübarizə aparır. Gələcəkdə məsələ qaldıracağıq ki, Qərbi Azərbaycandan qovulan insanların vətəndaşlığı məsələsinə baxılsın. Onlar bəlkə ikili vətəndaşlığı olan, yaxud heç bir ölkənin vətəndaşı olmayan şəxslər kimi nəzərə alınsın. Əsas məsələ bizim beynəlxalq tribunaya, xüsusilə BMT-yə çıxa bilməyimizdir.

- Qərbi Azərbaycandan olmayan, lakin mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin işində iştirak etmək istəyən şəxslər varmı?

- Əlbəttə. 3 gündür Təşəbbüs Qrupu formalaşdırılıb, respublika elan edilib. Dünyanın müxtəlif ölkələrindən bizə qoşulmaq istəyənlər var. Yüzlərlə insan artıq qoşulub. Biz məmnunluqla Qərbi Azərbaycan kökənli olmayan, lakin fəaliyyətimizdə iştirak etmək istəyənlərə imkan yaradırıq. Elə tarixçilərimiz var ki, təşəbbüs qrupuna ilk başdan üzv oldular. Müraciətlər hələ də davam edir.

- Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının beynəlxalq fəaliyyətlə bağlı gələcək addımları hansı istiqamətdə olacaq?

- Beynəlxalq fəaliyyətlə bağlı müəyyən planlarımız var. İlk olaraq, ayrı-ayrı qurumlarla, beynəlxalq təşkilatlarla əlaqələri formalaşdırmağa başlayacağıq. Təşkilati məsələlər yerinə oturduqdan sonra daha çox beynəlxalq fəaliyyətə diqqət ayıracağıq.
Həm Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, həm də Ermənistanın işğalçılıq siyasətini ifşa etmək baxımından Azərbaycan dövlətinin mövqelərini möhkəmləndirəcək addımlar atılacaq. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, biz İrəvana, Zəngəzura, Göyçəyə qayıdacağıq. Bunu bir prinsip olaraq, rəhbər tutmalıyıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.