Həbs olunanların günahı yoxdur, Əbülfəs Qarayevin rüşvətdən də, özbaşınalıqdan da xəbəri var” – Tanınmış rejissordan şok müsahibə (VİDEO)

13-05-2020, 00:23           
Həbs olunanların günahı yoxdur, Əbülfəs Qarayevin rüşvətdən də, özbaşınalıqdan da xəbəri var” – Tanınmış rejissordan şok müsahibə (VİDEO)
Cəlaləddin Qasımov: “Əbülfəs Qarayev bu biabırçılıqdan sonra nazir vəzifəsində qala bilməz”
“Şollerin arxivi” filmi ilə Azərbaycanda, eləcə də, xarici ölkələrdə diqqətləri üzərinə çəkən tanınmış rejissor Cəlaləddin Qasımov “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub.

Suallarımıza cavab verən rejissorla söhbətə DTX-nın Mədəniyyət Nazirliyində aparılan əməliyyatla başladıq:

“Son 3 ildə Mədəniyyət nazirinə dəfələrlə teleqram vurmuşam, amma məni qəbul etmədi. Nazirliyə getdim, dedilər ki, siyahıda birinci adamsınız. Amma yenə də məni nazirin görüşünə çağırmadılar. Mən Azərbaycan kinosunu dünyada tanıtmışam. Amma Mədəniyyət naziri Əbülfəz Qarayev mənim gördüyüm işin 1 faizini görməyib. “Şollerin arxivi” filmi bu günə kimi 38 mükafat alıb. Son iki ildə 5 filmim ümumilikdə 109 mükafat aldı. Hər dəfə nazirin qəbuluna yazılıram, amma məni dəvət edən yoxdur. Bir nazir 3 il öz vətəndaşını, mədəniyyət üçün bu qədər çalışan rejissorunu qəbul etmirsə, deməli, fil qulağında yatıb. Belə Mədəniyyət naziri olar? Dünyanın heç bir yerində belə mədəniyyət naziri yoxdur. Nazir məni görməzdən gəlir. Hətta, mənim festivallarda qazandığım uğurları yalan adlandırırlar. Halbuki, bütün sübutları dəfələrlə nazirə, oradakı şöbə müdirlərinə göndərmişəm. yenə də mənə cavab gəlməyib.

– DTX-nın əməliyyatından sonra Əbülfəs Qarayevin istefa etməsi, hətta həbs olunması tələb olunur. Siz necə düşünürsünüz, Əbülfəs Qarayev öz postrunu tərk etməli, həbs olunmalıdırmı?
– ilk dəəfdir ki, mən kiməsə qarşı çıxış edirəm. Mən yaşadıqlarımı Əbülfəs Qarayevə bağışlamaram. Onun xalqıma, mədəniyyətimizə, fəxri adlarımıza qarşı etdiklərini ona bağışlamaram. Qarayevin həbs olunub-olunmayacağı istintaqdan sonra bilinəcək. Əbülfəs Qarayev bu biabırçılıqdan sonra nazir vəzifəsində qala bilməz.

– Əbülfəs Qarayevin Azərbaycan mədəniyyətinə bu qədər biganə olmasına səbəbi nədir?

– Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun sayəsində dünyada tanınır. Əbülfəs Qarayev Azərbaycan mədəniyyəti üçün heç nə etməyib. Onun mədəniyyətdən anlayışı yoxdur. Təbii ki, onun yerinə vətənini, millətini sevən şəxs gəlməlidir. Mənə də maraqlıdır ki, o niyə mədəniyyətimizi sevmir. Bir nazir ki, öz dilində danışa bilməsin. Ondan nə nazir olacaq?

– Əbülfəs Qarayev açıqlama verdi ki, əgər neqativ nə isə varsa, ona da hüquqi qiymət veriləcək. Yəni, onun ətrafında olan özbaşınalıqdan və alınan rüşvətlərdən xəbəri yoxdur. Necə düşünürsünüz, həqiqətənmi Əbülfəs Qarayev bütün bu olanlardan xəbərsizdir?

– Mən də elə bilirdim ki, onun heç nədən xəbəri yoxdur. Mən hər dəfə sənədləri aparırdım. Sonra mənə dedilər ki, nazirlikdə bütün qərarları Əbülfəs Qarayev verir. Həbsdə olan müavinlərin günahı yoxdur, günah Əbülfəs Qarayevdədir. Nazirin xəbəri və razılığı olmadan heç vaxt saxtakarlıqlara yol verməzlər. Onun alınan rüşvətdən də, edilən özbaşınalıqdan da xəbəri var. Ölkə başçısı bütün sahələrə olduğu kimi mədəniyyət sahəsinə də diqqət ayırır. 2008-2018-ci illərdə kino sahəsinin inkişafı üçün böyük pullar ayırıb. O pulların aqibəti ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. Büdcədən ayrılan pullar hara gedib? Film sahəsinin inkişafı üçün ayrılan pullar bəllidir ki, “yeyilib”. Çəkilən filmlər hamısı arxivə göndərilib. Araşdırılsın ki, büdcədən ayrılan pullar həqiqətən filmlərin çəkilməsinə xərclənib.

– Mədəniyyət Nazirliyində rəhbər vəzifədə çalışan şəxslərin rüşvət alaraq sənətçilərə vəzifə və fəxri ad verdiyi məlum oldu.

– Elə adamlara fəxri adlar verilib ki, adam şoka düşür. Xalq onları tanımır, istedadları yoxdur. Biz əvvəllər fəxri ad alana uca insan kimi baxırdıq. İndi alanların çoxu biabırçı vəziyyətdədir. Adam baxanda fəxri addan uzaqlaşır.

– Ötən gün rejissor Kənan M.M açıqladı ki, filmin təsdiqlənməsi üçün Mədəniyyət Nazirliyinə filmin büdcəsinin yarısını verməlisən. Sizdə filmlərinizin təsdiqlənmə prosesi necə oldu?

– Mənim göndərdiyim ssenariləri bəyənmirlər, yox cavabı verirlər. “Şollerin arxivi” filmini də bəyənməmişdilər. Halbuki, bütün dünyada maraqla qarşılandı. “Şollerin arxivi” bədii filmi barədə Niderlandın “31mag” jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın “European Cinematography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb. Eyni zamanda, film Hollivudda yerləşən “Global Nonviolent Film Festival”da ən yüksək mükafat alan film kimi, “Daria! Magazine” jurnalında göstərilib, film barəsində ətraflı məlumat verilib.

“Şollerin arxivi” filmi dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.

– Sizdən açıq şəkildə rüşvət istəyən olub?

– Məndən açıq şəkildə heç kim rüşvət, pul istəməyib. Amma 3 ildir get-gələ salırlar. Heç bir işimdə yardım etmirlər. “Şollerin arxivi” filminin qala gecəsinin keçirilməsi üçün müraciət etdim, nazirlikdən yenə cavab gəlmədi. Filmin ilk baxışı, təqdimatı üçün kino idarəsinin müdiri Cahangirə göndərdim. Cahangir müəllim də dedi filmə Yusif Şıxov baxdı, bəyənmədi, bizim qaydalara uyğun deyil. Sonra mənə dedilər ki, kino şöbəsində Vüqar Zeynalov var, ona yaz. Ona yazandan 1 həftə sonra Nizami Kino Mərkəzinin direktoru Leyla xanım məni görüşə çağırdı, filmin təqdimatı üçün mərkəzi təmənnasız verdi. Təqdimat günü səhnədən Vüqar bəyə təşəkkür etmək istədim, amma Leyla xanım dedi ki, gözlə, özü ilə danışım. Sonra gəlib dedi ki, Vüqar bəy deyir, Əbülfəs müəllimə təşəkkür etsin. Mən də Əbülfəs müəllimə təşəkkür etdim.

– Dəfələrlə festivallarda uğurlar qazanmısınız. Mədəniyyət Nazirliyinə filmlərinizlə bağlı müraciət etmisiniz, yox cavabı almısınız. Sizin işlərinizi niyə görməzdən gəlirlər?

– Festivallarda önəmli yerlər qazanmışam. Dəvət etsələr də, gedə bilməmişəm. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm, lakin mənə kömək edən olmayıb. Mənə təsir edən erməni filmlərinin festivallarda üstünlük təşkil etməsidir. Onlar Qarabağ mövzusunda, Xocalını tərsinə çəkib, dünyaya çatdırır. Ermənilər 6 ölkə ilə birlikdə “Axırıncı sakin” adlı film çəkiblər. Filmdə Azərbaycan ermənilərə hücum edir, tək qalan bir qız atasını gözləyir. Atasını azərbaycanlılar əsir götürür, dəlixanaya salır və ermənilərə geri qaytarmır. Ssenari bu səpkidədir. O filmlə bir neçə festivalda rastlaşmışam.

Mən ermənilərlə mübarizə aparmaq üçün festival təşkilatçılarına müraciət ünvanlayıram, onların törətdikləri əməllərin arxivini göstərirəm. Ondan sonra ermənilərin filmləri festivallardan uzaqlaşdırılır.

Könül İbrahim
Fotolar və video Elçin Əkbərovundur.
Musavat.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.