Kompüter ustası və klub rəqqasəsi işləyən 20 yaşlı qadın: "Məşhurlar dəfələrlə müraciət edib, ilk dəfə 13 yaşımda..." - MÜSAHİBƏ
14-05-2020, 08:44
Hər zaman qeyri-adi, innovativ, istedadlı və sərhəd tanımayan gənclərə dəstəyini əsirgəməməyə çalışan Publika.az bu dəfə də ənənəsinə sadiq qalaraq növbəti Azərbaycan gəncini daha yaxından tanımağa şərait yaradır.
Son günlər sosial media fenomeni olmaq yolunda irəliləyən, düşüncələri, tərzi və maraqlandığı sahələrlə stereotipləri qıran 20 yaşlı Nərmin Assim qonağımızdır. Azərbaycanda ilk olmasa da, hazırda yeganə adlandıra biləcəyimiz kompüter ustası Nərmin yaşının az olmasına baxmayaraq, bir neçə peşə üzrə təhsil və təcrübə qazanıb. Hazırda iki işdə çalışan gənc enerji və motivasiya mənbəyini, həyat sirlərini bizimlə bölüşüb.
Müsahibəni təqdim edirik:
- Nərmin xanım, özünüzü oxucularımıza təqdim edin.
- 1999-cu ildə Gəncə şəhərində anadan olmuşam. Əyani olaraq Akdeniz Universitetinin Psixiatriya Fakültəsi tələbəsiyəm, qiyabi olaraq da Anadolu Universitetində Beynəlxalq Əlaqələr Fakültəsində oxuyuram. Lakin bu tədris ilində təhsilimi 1 illik dondurdum. Hazırda 20 yaşım var və planladığım həyat limitimə görə, haradasa, bundan sonra 35 ilim qalıb. Nəzərdə tutduğum həyat limitim 55 yaşıma kimidir. Çünki qocalmağa qarşı fobiyam var və açığı, çox yaşamağı düşünmürəm bu səbəbə görə.
- Neçə ildir kompüter təmiri ilə məşğul olursunuz?
- Bu sahə üzrə dostum illərdir ki işləyir. Azərbaycana qayıdanda birlikdə işləməyi təklif etmişdi. Düzdür, o vaxta kimi əməliyyat sistemini yazmağı bacarırdım, amma bir çox texniki işləri onlardan öyrənirəm. Deyə bilmərəm, tam kompüter ustasıyam, amma həvəsliyəm. İnanıram ki, bir zaman gələcək, tam sərbəst şəkildə bu işin öhdəsindən gələcəm.
- Kompüter texnologiyaları üzrə təhsiliniz varmı?
- Bu sahə üzrə təhsilim yoxdur. Düzü, bu sahə üzrə təhsilin o qədər önəmli olduğunu düşünmürəm. Bu iş təcrübə istəyir. Bu istiqamət üzrə təhsil alan bir çox tanışım var ki, onların hazırda servislərdə təcrübə üçün işlədiyini görürəm. Digər ölkələri deyə bilmərəm, Azərbaycanda bu sahə üzrə oxumaqdansa, hansısa kompüter ustasının yanında öyrənmək daha effektivdir.
- Ən çox rastlaşdığınız şikayət nədən ibarətdir?
- Kompüter texnologiyası üzrə ən çox şikayət olunan kompüterin donması, qızması və bir də ekrana görüntü gəlməməsidir. Birinci problem insanların sistemdən düzgün istifadə edə bilməməsindən qaynaqlanır. Hər saytdan mahnı, proqram yükləmək olmaz. Bir də səliqəli işlətmək lazımdır. İkinci problem isə personal və dizüstü kompüterlərin hər ikisində yaşanır. Bu məhsullar alınandan 1 il sonra açılıb içi təmizlənməlidir. Sonra isə termopasta dəyişilməlidir. İnsanlar bunu illərlə etmirlər, problemlər yaranır. Qeyd etdiyim ekrana görüntü gəlməməsi problemi də buna görədir. Kompüter qızır və vga (video kart) yanır, ekrana görüntü gəlmir. Çox təəssüf ki, texnologiya haqqında ümumi, səthi biliyimiz azdır.
- Qadın olmağınız işinizə nə kimi təsir göstərir? Sizə kişilər qədər etibar varmı?
- Təəssüf, ölkəmizdə belə bir psixologiya var ki, bəzi sahələrdə cinsi ayrıseçkilik çoxdur. Qadınların işləyə biləcəyi sahələr stabildir: müəllim, həkim və sair. Buna görə də bir qadının kompüter təmir edə bilməsi çox təəccüblü qarşılanır. Ola bilər, bu işdə yeni olduğum üçün hər şeyi tam aydınlığı ilə bilməyə bilərəm. Ancaq bu, yaxın zamanlarda bu sahədə özümü inkişaf etdirib master ola bilməyəcəyim mənasına da gəlmir (gülür).
- Sırf qadın olduğunuza və ya fərqli stil sahibisiniz deyə müraciət edən olubmu sizə?
- Azərbaycanda həm bəylərimizin, həm də xanımlarımızın ümumi mədəni baxış perspektivinə görə, bir azərbaycanlı, Qafqaz xanımı imicindən uzaq olduğumu bilirəm. Bu da sözsüz ki, həm iş, həm də şəxsi həyatımda əksini tapır.
- Qadın müştəriniz çoxdur, yoxsa kişi?
- Demək olar ki, hər ikisi də eyni qədərdir. Ancaq bir məsələ də var ki, bəzən kompüter ilə bağlı problem yaşayan xanımlarımız öz kompüterlərini ya həyat yoldaşı, ya da qardaşı vasitəsilə servisimizə göndərirlər. Fikrimcə, bu da yenə mental olaraq peşə sahəsində cinsi ayrıseçkiliklə əlaqədardır. Qadınlarımız kişilərlə ünsiyyətdən qaçır.
- Sizin ikinci bir işiniz də var. Bununla bağlı ətraflı danışmağınızı rica edirik.
- Nə qədər çox tənqidlə qarşılansa da, bəli klub sistemində işləyirəm, eyni zamanda. Əslində, hazırda karantin ilə bağlı olaraq ikinci işim dayanıb. Lakin karantin bitdikdən sonra yenidən davam edəcəm. Bilirsiniz, elə bir təəssürat var ki, əgər siz klubda rəqqasə işləyirsinizsə, həm də potensial seks işçisisiniz. Ona görə, bu işim həmişə birmənalı qarşılanmır. Bu da bizim mental dəyərlərə görədir. Amma bu işdə işləyib, seks işçisi olmayan çox tanışım var. Ümumiyyətlə, seks işçisi ilə klub rəqqasəsi arasında çox fərq var. Bu haqda çox danışmışam, insanları maarifləndirmək üçün yazılar yazmışam.
- Rəqs etmək həyat tərzinizin bir parçasıdırmı, yoxsa məcbur qaldığınız üçün məşğulsunuz?
- Ümumən, xarakter olaraq məcbur qaldığım və yaxud məcbur olacağım heç nəyi etmirəm. Rəqsə uşaqlıqdan bəri marağım olub. Hətta orta məktəb vaxtlarında oxuduğum məktəbin tədbirlərində rəqs xoreoqrafiyasını məktəb müdiriyyəti hər zaman mənə əmanət edirdi.
- Bəs bu işin çətinlikləri nədən ibarətdir?
- Əslində elə də bir çətinliyi yoxdur. Bəzi mənfi fikir və tənqidlər xaricində. Açığı, bu tənqidlərə çox da əhəmiyyət vermirəm. Çünki bunu qəbullanmışam ki, bu işi görəcəmsə, hər bir tənqidli fikrə açıq olmalıyam.
- Sosial şəbəkələrdə tez-tez əks cinsin təhqiramiz münasibətləri ilə qarşılaşmağınızdan şikayətlənirsiniz. Sizcə, bu problem nədən qaynaqlanır?
- Bu məsələdə kişilər qədər qadınlar da günahkardır deyə düşünürəm. Çünki övlada ilkin tərbiyə verən anadır. Biz uşaqlıqdan “oğlana hər şey olar” prinsipi ilə yaşayırıq. Heç elə bir ana-ata görmüsünüz ki, qızının çılpaq şəklini paylaşsın? Ya da çəksin? Amma oğlan uşaqlarının bu tipdə onlarla fotosu olur. Bizdə qadın uşaqlıqdan seksual obyekt hesab edilir. Qadınlarımız çox vaxt normal tərbiyə verə bilmir. Başa sala bilmir ki, oğlum, namus qadının geyimində deyil. Hər sərbəst geyinən qadına sən fahişə kimi baxa bilməzsən. Məncə, problemli kişilərin arxasında duran amil analardır. Demirəm hamısı, amma çoxu. Mənə görə, nə vaxt normal düşüncəli, təhsilli qadınlarımız olacaq, oğlan övladlarımız da o zaman normal tərbiyə alacaq. Necə deyirlər, bir qadına təhsil vermək, bir ailəyə təhsil verməkdir. Bir nəsli aydınlatmaqdır.
- Elə həmcinslərinizlə də çox da yaxşı yola getdiyinizi deyə bilmərik. İnsanın tanımadığı şey ona düşməndir. Sizə paxıllıq hissi var, yoxsa mental dəyərlərin təsirində qalıblar deyə qəlbiniz onlara yad gəlir?
- Açıq danışsaq, paxıllıq mənə yad hissdir. Paxıllığı çəkiləcək bir üstünlüyümün olmadığını düşünürəm. Daha çox mental olaraq bəzi həmcinslərim tərəfindən neqativ fikirlər görürəm. Həyat tərzi və imic olaraq çoxuna absurd gəlir və mənfi yanaşmalar çox olur bu cəhətdən.
- Özünüzü özgür ruhlu hesab edirsinizmi? Sizin üçün azadlıq anlayışı nələri əhatə edir?
- Sözün açığı hə. Azad bir insanam, çünki fikir və düşüncələrimi azad şəkildə ifadə edə bilir, istədiyim peşədə heç bir şəkildə kiminsə haqqını yemədən işləyə bilir, istədiyim kimi geyinə bilir və davrana bilirəmsə, hətta hansısa bir kafedə təkcə, rahat şəkildə yemək yeyə bilirəmsə, azad bir insanam.
- Sərbəstlikdən bezdiyiniz olubmu? Daha başqa həyat arzulamısınızmı?
- Yox. Və heç vaxt istəmərəm ki, sərbəstliyimə və azadlığıma sərhəd qoyulsun. Çünki özüm öz sərhədlərimi bilirəm.
- Sehrli çubuğunuz olsa, nəyi dəyişdirmək istərdiniz?
- Dəyişdirilməsi ən çətin olan iki ünsürdən başlayaq onda. Fikirləri və xüsusən, azla qane ola bilməyi.
- Sizcə, həmcinslərinizin nə kimi çatışmazlıqları, problemləri var günümüzdə? Və bu problemlərin kökü nəyə dayanır?
- Mənə görə, bir qadının ən əsas çatışmazlığı onun ala bilmədiyi məktəb və ya universitet təhsili deyil. Düşünürəm ki, qadın təhsil almamış olsa belə, özünə həyat, yaşam təlimini verməlidir. Əslində, qadınların hər sektorda irəliləməsinə əngəl özləridir. Qadınlar öz mərkəzlərinə “öz”lərini qoymasalar, özlərinə əhəmiyyət verməsələr, problem davam edəcək. Buna görə müxtəlif çətinliklər yaşayan qadınlar irəli getmək üçün ilk olaraq “özüm” deyərək qorxularını dəf etməlidirlər. Azərbaycanda qərar verənlərin, qənaət rəhbərlərinin, qanun qurucularının, təzyiq qrupu meydana gətirən təşkilatların içində qadınların olması şərtdir. Çünki hüquqlar verilmir, alınır.
- Ana olmaq arzunuz varmı?
- Burada nə qədər əminliklə “xeyr” desəm də, çevrəmdəki insanlar və valideynim “ana olduqda fikrin dəyişəcək” deyir. Heç vaxt dəyişkən fikirli insan olmamışam. Bir şeyi qərara alıramsa və yaxud gələcəkdə hər hansısa bir şeyi etməyin planını qururamsa, hər zaman qərarlarıma sadiq qalıram. Bir az qəribə də olsa, içimdə uşaqlara qarşı səbr və ən önəmlisi, sevgi hissim yoxdur. Demirəm ki, uşaqları sevmirəm, sadəcə olaraq, içimdə “analıq hissi” adlanan bir şirin duyğunun varlığını görmürəm. Bəlkə gələcəkdə övladlığa götürməyi istəyə bilərəm, amma düşünmürəm ki, fiziki olaraq məndən dünyaya gələn bir övladım olacaq.
- İki bir-birinə zidd işlə məşğulsunuz. Biri texniki, digəri incəsənət. Yəqin bunun üstünlükləri də olmamış olmaz. Xüsusilə, psixoloji baxımdan.
- Doğrusu, 13 yaşımdan bəri təhsilimi davam etdirməklə yanaşı, fərqli sahələrdə iş təcrübələrim olub. İnşaat sektorunda katibə, ofisiant, saç-makiyaj ustası, pulsuz bələdiyyə kurslarında ibtidai siniflərdə rəsm müəllimi, restoran administratoru, barmen, veb-qrafiker, hətta qabyuyan belə işləmişəm. İşlədiyim bir çox sahədə hər fikir və düşüncədən minlərlə insanlarla qarşılaşmışam, bu, daha az yaşlarda fərqli insan psixologiyasını daha tez öyrənib, bunu həyatımda necə üstün bir şəkildə istifadə edə biləcəyimə dair mənə yol göstərib. Özümdə nadir olaraq ən sevdiyim xüsusiyyətlərimdən biri də uşaq yaşdan hər bir peşəyə, sahəyə marağımın olması və bu mövzuda özümdə bilgi qazanma, öyrənmə həvəsi yarada bilməyimdir. Bəzən zehni olaraq yoruluram, ancaq bu qədər fərqli sahələrdə təcrübələrimin olmağı məni sevindirir.
- Uşaqlığınız və ailəniz bugünkü olduğunuz nöqtədə sizin həyatınıza nə kimi təsirlər göstərib? Travmalarınızdan dərs çıxarmısınızmı?
- Açığını desəm, mükəmməl uşaqlıq dövrüm olmayıb. Hətta yeniyetməlik dövrümü də buraya aid edə bilərik. Amma yenə də travmalarımın və mənfi xatirələrimin heç bir şəkildə geriləməyimə, qarşıma əngəl qoymasına, məni çökdürməsinə icazə verməmişəm.
Evin tək övladıyam və 3 yaşından bəri atasız böyümüşəm. Məktəbdə də sevilən uşaq deyildim sinif yoldaşlarım tərəfindən. Hər zaman heç kəsə qaynayıb qarışmayan, içinə qapanan uşaq olmuşam. Anam ikinci dəfə evlənəndə bunu, uşaq ağlımla olsa da, pis qarşılamamışam. Uşaq ikən belə nəyin doğru, nəyin yanlış ola biləcəyi düşüncəsi olub məndə. Dərslərimdə yaxşı idim, hər zaman hər şeyi araşdırmağı sevirdim. Qopuq ailə bağlarımız olduğu üçün daha çox özüm özümü böyütmüşəm də deyə bilərəm. Əlbəttə, müəyyən yaşa kimi valideynimin böyük əməyi olub üstümdə. Lakin ən əsas təcrübələri, ən əsas həyat təhsilini özüm özümə vermişəm. Həyatımda nə qədər səhvlər də etmiş, mənfi şeylər də yaşamış olsam, indiki insani cəhətlərim, xarakterimə baxanda məni mən edən bunlardır deyirəm və səhvlərimi, yaşadığım neqativ xatirələrimi hər zaman sevmişəm. Məni ən əsas ayaqüstə saxlayan da budur. Mənə görə, insan öz ayaqlarının üstündə dura bilmək, güclü olmaq üçün yaxşı xatirələrinə deyil, pis xatirələrinə istinad etməlidir. Çünki hamımızın mükəmməl, problemsiz, pozitiv həyatımız olsaydı, bu, müsbət yaşayış tərzinə öyrəşdiyimiz üçün ən cüzi neqativlik belə bizi dərindən sarsıdardı.
- Məşhurlardan sizə müraciət edən olubmu? Elə hər iki işinizlə bağlı?
- Sizə də məlum məsələdir. Daha çox rəqqasəlikdə tez-tez bu hallarla qarşılaşırdım. Bəzən təəccüblənirdim ki, həqiqətənmi, bu insan bu qədər məşhurdur və mənimlə dialoq qurmağa çalışır. Bəzən çəkilişlər və ya tədbirlər bəhanəsilə olsun, bəzən də ümumi şəkildə, dialoq qurmağa çalışan, çoxumuzun bildiyi tanınmışlardan olub, əlbəttə. Kimlər olduğu isə məndə qalsın (gülür).
- Həyatda aldığınız ən qeyri-adi və ya qəribə, xoşagəlməz təklif nə olub?
- Gənc qadın olaraq, ikinci işimi də bura qatsaq, mən belə bunun sayını unutmuşam. Həm real həyatda, həm də sosial şəbəkədə indi bir çox xanımın qarşılaşdığı problemlərdir. Məntiqli insan olaraq əlbəttə, bunlara əhəmiyyət vermirəm. Əsəbi olduğum vaxtda rast gəlsəm, bu vəziyyət dəyişə bilər. Stress və əsəbimi atmaq üçün sanki qarşıma Tanrı tərəfindən qurban göndərilir o adam.
- Müsahibə dəvətimizi qəbul etdiyiniz üçün sizə ən böyük kompüter yaddaşı boyda təşəkkür edir, həyatınızın rəqs incəsənəti qədər əlvan, maus qədər hərəkətli keçməsini arzulayırıq.
Zümrüd Kərimova
Foto: Pərviz Həşimi