İslahatlar ordunu da əhatə etməlidir- QÜDRƏT HƏSƏNQULİYEV
15-05-2020, 00:38
Teref.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:
– Qüdrət bəy, mayın 12-də Mütəllibovun 83 yaşı tamam oldu. O bu münasibətlə verdiyi açıqlamada bildirib ki, “hamı birləşsə, hər kəs əlindən gələni etsə, əsas problemlərimizi qısa bir müddətdə həll edə bilərik, tez vaxtda gücümüzü səfər edərək torpaqlarımızı azad etməliyik”. 14 may 1992-ci il həm də istefa vermiş eks prezident Mütəllibovun təkrar hakimiyyətə qayıtmağa cəhd etdiyi gündür. Mütəllibov tariximizdə bir siyasətçi kimi necə qalacaq və onun bu açıqlaması reallığı nə dərəcədə əks elətdirir?
– O orta səviyyəli, ekstremal vəziyyətdə düzgün qərar qəbul etmək imkanı olmayan məmur idi. Onu Moskva Azərbaycanda birinci şəxs etmişdi. Ona görə də çətin siyasi şəraitdən baş çıxara bilmədiyi üçün iflasa uğradı, amma ölkəmizə də sağalmaz yara yurdu. Təbii ki, zaman keçib, onun yaşa dolmasını, Azərbaycanın birinci prezidenti adını daşımasını nəzərə alıb, həm xalqımız, həm də hökumət onu bağışlayıb. Amma təəssüf ki, bu adam o posta layiq olmadığını heç vaxt etiraf etməyib. Yalnız bəyan edib ki, onun günahı insanlara inanmağı olub.
– Sizcə onun ən böyük səhvi nə idi?
– O prezident kimi əhali arasında o zaman güclü dəstəyi olan AXC ilə düzgün münasibətlər qura bilmədi. Heydər Əliyevi təqib etmək və sıxışdırmaq yolu tutdu. 18 avqust 1991-ci ildə Moskvada SSRİ-nin vitse-prezidenti Yanayevin rəhbərliyi ilə baş verən qiyam cəhdini müdafiə etdi ki, bununla da özünün bir siyasətçi kimi “fatihəsini” vermiş oldu. Bunun ardınca 20 noyabr 1991-ci ildə komandasının ən nüfuzlu üzvülərinə eyni vaxtda Qarabağa döyüş bölgəsinə getməsinə icazə vermişdi ki, onların da hamısının olduğu vertolyot Qarakənd üzərində erməni terrorçuları tərəfindən vuruldu. Ardıcıl böyük səhvlər edən Mütəllibov qətlə yetirilmiş komanda üzvlərinin yerinə nüfuzlu və bacarıqlı şəxsləri cəlb edə bilmədi. İndi milli birliyin zəruriliyindən danışan Mütəllibov o çətin dövrdə bu istiqamətdə heç bir addım atmadı. Gec də olsa məhz həmin ərəfədə xalq arasında böyük nüfuzu olan Heydər Əliyevi Bakıya hakimiyyətə dəvət etməli idi. Həmin ərəfədə AXC-nin rəhbərliyində təmsil olunan bəzi insanlar istisna olmaqla AXC üzvlərinin mütləq əksəriyyəti Heydər Əliyevə ən yaxın müttəfiqi kimi baxırdı. 1991-ci ilin sentyabrında Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi barədə məlumatı “Azadlıq” meydanında mitin iştirakçılarının necə coşqu ilə qarşılaması, İsa Qəmbərin isə insanları sevinməyə tələsməməyə çağırması bu gün də gözlərim önündədir. Halbuki Heydər Əliyev Naxçıvanda AXC-nin yerli təşkilatının təkidli xahişləri və güclü dəstəyi ilə Ali Məclis Sədri seçilmişdi. Mütəllibov ağılsız ( başqa söz tapmaq çətindir) qərarları ilə özünü siyasi baxımdan məhv etməklə yanaşı, heç bir idarəetmə təcrübəsi olmayan, rəhbərliyində çoxlu təsadüfi adamların olduğu AXC-nin hakimiyyətə gedən yolunu qısaltmaqla da ölkəmizə ölçüyə gəlməz zərbə vurdu. Qarakənd faciəsindən sonra tamamilə başını itirmiş Mütəllibov 26 fevral 1992-ci ildə Xocalı faciəsindən sonra istefa vermək məcburiyyətində qaldı. Bundan sonra o yenə də vəziyyəti düzgün qiymətləndirə bilmədi və hakimiyyətə uğursuz formada təkrar qayıtmağa cəhd etdi.
– Dediklərinizdən belə anlaşılır ki, hazırda Siz AXC-nin həmin ərəfədə hakimiyyətə gəlməsinin tez və yalnış olduğunu düşünürsünüz.
– İndi bəli. O vaxt mən BDU-nun tələbəsi kimi xalq hərəkatına qoşulmuşdum və AXC-nin hakimiyyətə gəlməsinə sevinirdim. Romantikcəsinə düşünürdüm ki, AXC hakimiyyətə gələn kimi ölkədə geniş islahatlara başlayacaq və biz tezliklə Qarabağı azad edəcəyik. Amma qısa bir zaman keçəndən sonra bu ümidlər puç oldu. AXC qarşısına qoyduğu məqsədlərə çatmamış onun İdarə Heyətində təmsil olunan 15 nəfərin hər biri özünə ayrıca partiya yaratdı. Hətta İsa Qəmbərin özündən başqa qardaşı da ayrı bir partiya yaratmışdı. Bu faktın özü siyasi yetkinliyin olmamasının ən bariz nümunəsi idi. Ona görə də Gəncədə Surət qiyam qaldıran kimi AXC hakimiyyətində yüksək vəzifə tutanlar pərən-pərən oldu. Elçibəy Kələkiyə gedəndən sonra uzun müddət gənclik düşüncəsi ilə özüm-özümə sual verirdim ki, niyə Elçibəy Mütəllibov kimi gücü çatmayacaq bir işin altına girmişdi? Niyə ona sadiq qalmış insanları başına yığıb Ali Baş komandan kimi Surətin üstünə getmədi? Ölərdisə qanuni hakimiyyəti və Azərbaycanı gələcək fəlakətlərdən qorumağa cəhd etmiş bir Prezident kimi tarixdə qalardı, nəinki ünvanına səslənən təhqirləri eşidərdi, sındırılan vətənpərvər gənclərin acı taleyini kənardan seyr edərdi…
Zaman keçdikcə, hadisələri daha təcrübəli bir siyasətçi kimi təhlil etdikcə əmin oldum ki, Azərbaycana Elçibəyin qəhrəman kimi həlak olması yox, Azərbaycan dövlətçiliyini qoruyacaq Heydər Əliyevi hakimiyyətə dəvət etməsi lazım idi. Hansı ki, Mütəllibovdan fərqli olaraq onun bunu etməyə müdrikliyi çatdı. Təhqirlərə gəldikdə isə, iflasa uğramışlar siyasi səhnədən çəkilmirlərsə, xarici dairələrin əlində alətə çevrilirlərsə hər zaman təhqir olunmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Günahı olmayanların da onlara qatılaraq təhqir olunub aşağılanmasına gəldikdə isə, bu, artıq siysi sistemin inkişafına bağlı olan məsələdir.
– Qayıdaq ilk sualımıza. Mütəllibov demişkən, xalqımız birləşsə Qarabağı azad edə bilərikmi?
– Yox, o yenə də səhv edir. Təkcə xalqın birliyi yetərli deyil ki, torpaqlarımızı işğaldan azad edə bilək. Bunun üçün xalq güclü iqtisadiyyat və güclü peşəkar ordu qurmalıdır. Biz güclü müttəfiqlər tapmalı, eyni zamanda müharibə başlayarsa Ermənistanın müttəfiqlərinin neytrallığını təmin etməliyik. 2016-cı ilin aprel savaşı, Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsi olsa da, azad etdiyimiz Talış kəndinin təkrar işğal altına düşməsi onu göstərdi ki, heç kimin müdaxilə etməyəcəyi təqdirdə belə bizim qısa bir zamanda torpaqlarımızı işğaldan azad edə biləcəyimiz barədəki düşüncələrimiz həqiqəti əks etdirmir. Ona görə islahatlar Silhlı Qüvvələrimizi də əhatə etməli, peşəkar ordu qurulmalı, ordu rəhbərliyi milli kadrlarla gücləndirilməlidir.
Gununsesi.org