“Xalq kimin həqiqi müxalifət olduğunu yaxşı bilir” - Gülağa Aslanlı
16-05-2020, 12:38
Müxalifət daxilində qarşılıqlı ittihamlar yenidən alovlanıb. İki gün öncə Milli Şuranın videokonfrans formatında keçirilən iclasında qurumun üzvü Gültəkin Hacıbəylinin REAL sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasının da REAL-ın taleyini yaşayacağını bildirib. Milli Şura üzvlərinin bu istiqamətdəki açıqlamaları müxalifət qüvvələri arasında münasibətləri daha da gərginləşdirib. ReAL Partiyadan sərt reaksiya gəlsə də, Müsavat Partiyası bir qədər səbrli davranmağı məqsədəuyğun hesab edir.
“Unikal” qəzetinə müsahibə verən Müsavat Partiyasının aparatının rəhbəri Gülağa Aslanlı ilə söhbətə də koronavirus pandemiyası dövründə siyasi qüvvələrin fəaliyyətinin necə təşkil olunması ilə bağlı sualla başladıq.
-Gülağa bəy, öncə dünyanı cənginə alan, eləcə də Azərbaycanda da ciddi fəsadları olan koronavirus pandemiyası dövründə siyasi qüvvələrin fəaliyyəti barədə fikirlərinizi bilmək istərdik.
-Koronavirus pandemiyası dövründə Müsavat Partiyası fəaliyyətini davam etdirib. Karantin elan olunandan bizim partiya qərargahımız da bağlıdır. On nəfərdən artıq insanın toplaşmağı qadağan olunduğu üçün toplantılar da keçirilmir. Fəaliyyətimizi virtual məkanda həyata keçiririk. Sosial şəbəkələrdə müzakirələr aparırıq, təkliflərimizi hökumətin nəzərinə çatdırırıq. Bizim fəaliyyətimiz sosial şəbəkədə bizi izləyənlər üçün açıqdır.
Onu da qeyd edim ki, koronavirus pandemiyası dövründə qadağalar qoymaqla iş bitmir. Hökumət öncə xalqın aztəminatlı hissəsini çörəklə təmin etmək haqqında düşünməlidir.Koronavirusun yayılmasının əsas səbəblərindən biri də sosial məsafənin gözlənilməməsi, nəzarətin normal şəkildə həyata keçirilməməsi ilə bağlıdır. Hər gün bankların önündə yığışan adamların sosial məsafəni gözləmədiklərini, saylarının da həddən artıq çox olduğunu görmək mümkündür. İcra hakimiyyətləri önündə insanlar toplana bilərdi, Biləsuvarda bu, baş vermişdi, amma onu da zorakılıqla dağıtdılar. Hesab edirəm ki, bu məsələləri sivil yolla həll etmək mümkündür. Müsavat Partiyası olaraq, koronavirus pandemiyası elan olunandan bəri bir neçə dəfə təkliflər vermişik. Təəssüf ki, hökumət o təkliflərin bəzilərini öz adı ilə həyata keçirib, amma o da yarımçıq gerçəkləşdirilib. Biz həbsxanadakı məhbuslarla bağlı təklif irəli sürmüşdük ki, az ağır cinayət törətmiş şəxslər, həbs müddəti az qalan insanlar əvf oluna bilər. Təəssüf ki, bu məsələ ilə bağlı təkliflərimiz tam nəzərə alınmadı və cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halı aşkarlandı. Hesab edirəm ki, bu istiqamətdə ciddi tədbirlər görülməlidir, çünki qapalı məkanda virusun yayılma imkanı daha çoxdur.
Başqa bir təəssüfləndirici məqam da odur ki, karantin dövründə bəzi müxalifətçilərə qarşı təzyiqlər edildi, həbslər oldu. Müsavat Partiyası olaraq bütün bunları pisləyirik.
-Maraqlı məqamlardan biri də odur ki, müxalifətdaxili çəkişmələr karantin dövründə sosial şəbəkələr üzərindən davam elədi. Milli Şura rəhbərliyinin məlum video-konfransda səsləndirdikləri fikirlər barədə nə deyə bilərsiniz?
-Mən özüm koronavirus pandemiyasının müxtəlif nəticələrinin olduğunu yazmışdım. Onu nəzərdə tuturdum ki, bu virus bəzi insanların daxili aləminin açılmasına gətirib çıxaracaq. Milli Şura üzvlərinin məlum videokonfransı da qeyd etdiyim nəticəni özündə əks etdirir. Onlar iddia edirlər ki, guya bu videokonfrans öz aralarında olub, hakimiyyətin hər hansı bir rolu ilə ictimai şəkildə yayılıb. Amma elə bi şey yoxdu. Həmin videoya baxanda da görünür ki, orada videokonfransın canlı yayıldığını özləri deyirlər. Bu da onu göstərir ki, həmin söhbət birbaşa yayımlanıb. Biz müsavat Partiyası olaraq, həmin videokonfransda səslənən fikirləri təəssüflə qarşılayırıq. Müsavat Partiyasının başqanı Arif Hacılının bu haqda yaydığı fikir var ki, biz hələ səbrlə gözləyirik. Hesab edirik ki, Müsavat Partiyası haqqında aşağılayıcı sözlər demiş insanlar özlərində cəsarət tapıb səhv elədiklərini etiraf edəcəklər və üzr istəyəcəklər. Əgər üzr istəyəcəklərsə, onda bizim münasibətimiz ayrı olacaq. Üzr istəməsələr, münasibətimiz tamam başqa cür olacaq, onu da hər kəs görəcək. Hələlik isə biz səbrlə gözləyirik. Hesab edirik ki, Milli Şura rəhbərliyi üzr istəməlidir. Görək bu siyasi mədəniyyəti nümayiş etdirməyi bacaracaqlarmı? Əgər bunu etməsələr, onlara cavabımız həmin konfransda səslənən fikirlərə uyğun olacaq.
-Sizcə, üzr istəməklə hər şey bitəcəkmi? Bir üzrlə Milli Şura əxlaqlı olacaq, yoxsa Müsavat o ittihamlardan təmizlənəcək?
-Bəy, hər şeyi zaman göstərəcək. Mən fikrimi bildirdim. Müsavat Partiyası sözünü deyib, onları gözləyir, qeyd etdiyimiz reaksiyanı almasaq, lazımi addımı atacağıq. Üzr istəməyin, forması var. Bundan sonrakı münasibətlər onların yanaşmasından asılı olacaq.
-Onsuz da tək indi deyil ki, əvvəllər də Müsavatla AXCP arasında bu kimi çəkişmələr olmuşdu. Amma son illər AXCP və Milli Şura üzvləri yalnız özlərini həqiqi müxalifət kimi qələmə verirdilər, qalanlarına isə yalançı müxalifət kimi baxırlar...
-Mən azad fikrə və azad sözə qarşı deyiləm. Onlar fikirlərini o cür ifadə edirlər. Xalqın gözü tərəzidir. Azərbaycan xalqı kimin həqiqi, kimin saxta müxalifət olduğunu yaxşı bilir. İndi durub desəm ki, mən dünyanın ən yüksək intellektual adamıyam, buna necə baxarsız? Doğrudur, həqiqətən də mən belə bir söz demərəm. Amma desəm, nə olacaq, nə dəyişəcək? Odur ki, danışırlar da. Hər şeydən öncə deyilən sözün təsdiqi ortada olmalıdır. Əgər təsdiqi ortada olarsa, nə gözəl. Amma məsələ ondadır ki, Müsavat Partiyasını müxalifət saymamağın heç bir əsası ola bilməz. Hesab edirəm ki, müxalifət daxilində bu cür aşağılayıcı ittihamlar, yersiz çəkişmələr olmamalıdır. Əgər son hərəkətlərinə görə üzr istəyərlərsə, bu, irəliyə doğru bir addım olar.
-Söhbət təkcə Müsavat-AXCP çəkişməsindən getmir, ümumiyyətlə, müxalifətdaxili münasibətlər hansı müstəvidə olmalıdır?
-Müsavat Partiyası yarandığı gündən – 1918-ci ildən tutmuş 90-cı illərdə bərpa olunandan sonra belə hər zaman özünün düzgün bildiyi yolla gedib, Müsavatçılıq ideologiyasına sadiq qalıb. Heç vaxt da hakimiyyətin hər hansı bir qolu ilə danışığa getməyib. Həmişə də haqqın yanında olmağı bacarıb. Biz bu gün də həmin doğru bildiyimiz yolu gedirik. Müxalifət daxilində hər hansı bir anlaşılmazlıq olursa, bu anlaşılmazlığı birgə müzakirələr yolu ilə aydınlaşdırmaq olar. Kimsə Müsavat Partiyasının bir üzvünü QHT nümayəndəsi kimi dəvət edirsə, onunla bu müstəvidə söhbət edirlərsə, sonra bunu Müsavat Partiyasının dialoqa getdiyi kimi təqdim etməyə çalışırlarsa, bu artıq düşünülməmiş addımlardır. Bu cür addımlar münasibətlərin korlanmasına gətirib çıxarır. Təbii ki, bu məsələləri də müzakirə edib sona çatdırmaq olar. Amma siyasi mübarizədə təhqir, söyüş ritorikası, ekrandan birbaşa ağzına gələni danışmaq, koronavirusun həmin insanlarda yaratdığı vəziyyətin nəticəsidir.
-Ümumiyyətlə, hakimiyyət-müxalifət dialoqu və bu təmasların perspektivi barədə Sizin düşüncələriniz necədir?
-Müsavat Partiyası hər zaman hakimiyyətlə normal münasibətlərin tərəfdarı olub. Ümumiyyətlə, demokratik ölkələrdə siyasi qüvvələr arasında sivil münasibətlər olur. Azərbaycanda da belə mühitin olması zəruridir. Sadəcə olaraq, Müsavat Partiyası dialoqun mövzusunun şəffaf olmasını tələb edir. Əvvəlcə mövzu dəqiqləşməlidir, sonra danışmaq olar. Qarabağ problemi, siyasi məhbuslar, əhalinin sosial-iqtisadi durumu mövzusu olarsa, Müsavat Partiyası hər zaman müzakirə aparmağa hazırdır. Bu müzakirələr bir başa televiziya ilə verilməlidir ki, insanlar kimin hansı təklif verdiyini, hansı cavab aldığını görsünlər. Belə bir şəffaf mühitdə heç kim dialoqdan qaçmaz. Kimsə öz problemlərini dilə gətirmək üçün hakimiyyət nümayəndəsi ilə görüşə gedirsə, öz işidir. Amma bu cür görüşləri hakimiyyətlə müxalifətin dialoqu kimi qələmə vermək olmaz. Dialoq yalnız qeyd etdiyim şərtlər çərçivəsində aparılan müzakirələr zamanı mümkündür. Əgər bu istiqamətdə addımlar atılarsa, Müsavat Partiyası olaraq, kənarda dayanmarıq.