“Hakimiyyət strukturunda formalaşan “5-ci kolon” zərərsizləşdirilməlidir” – PARTİYA SƏDRİ
16-05-2020, 18:44
Cahandar Bayoğlu: “Əgər ölkə başçısı bu işi başladıbsa, o zaman ölkənin bütün aydın insanları, Azərbaycan dövlətinin taleyini düşünən hər bir siyasi qüvvə bu işin yanında olmalıdır”
“Başladılan antikorrupsiya tədbirləri davam etdirilməli, icra başçılarından sonra hədəf nazirliklər və nazirlər olmalıdır”
Turan Partiyasının başqanı Cahandar Bayoğluyla korrupsiya ilə mübarizə istiqamətində görülən tədbirlər, icra başçıları və digər yüksək çinli məmurların həbsi, onların qeyri-qanuni yollarla mənimsədikləri sərvətin taleyi, korrupsiyanın vüsət almasının səbəbləri, müxalifətin başladılan antikorrupsiya əməliyyatlarına münasibəti və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
“Piramidanın yuxarısında olan adamlar yığdıqları pulların böyük bir hissəsini xaricdəki ağalarına ötürüblər”
– Cahandar bəy, sizcə Azərbaycanda korrupsiyaya hansı səbəblər şərait yaradır?
– Korrupsiyaya şərait yaradan bir neçə səbəb var. Hesab edirəm ki, Qərb siyasəti yürüdən xarici qüvvələrin əlində oyuncaq olan, sovet imperiyasından miras qalan, dövlətçilik ənənələri qırılan bir məmləkətdə insanların korrupsiyaya yuvarlanması həm özlərinin şəxsi maraqlarından yaranır, həm də xarici qüvvələr tərəfindən idarə olunur ki, dövlət çökdürülsün.
– Bildiyiniz kimi, korrupsiya ilə mübarizə istiqamətində başlanılan tədbirlər çərçivəsində artıq bir neçə icra başçısı, Mədəniyyət Nazirliyinin yetkili şəxsləri, eləcə də digər səlahiyyətli məmurlar həbs edilib. Bunu necə qiymətləndirirsiniz? Həbs dalğası davam etdirilməlidirmi?
– İcra başçılarının hamısını deməzdim, lakin axtarsaq, müvafiq araşdırma aparılsa, o zaman böyük əksəriyyətində bu cür halların olması mümkündür. Çünki prezidentin özü də deyir ki, icra başçıları rüşvət verib vəzifəyə gəliblər. Təbii ki, bu halda icra başçılarının kimə rüşvət verdiyi ortaya çıxarılmalıdır. Görünür, bu, böyük bir şəbəkədir və onun başı ən yuxarılarda olub. İcra başçılarının əksəriyyəti rüşvət verib hakimiyyətə gəliblər və sonra yığdıqları rüşvətin böyük bir qismini piramida şəklində yuxarılara ötürüblər. Sözsüz ki, bu cür rüşvət mexanizmində korrupsiya güclənib. Mən belə hesab edirəm ki, piramidanın yuxarısında olan adamlar yığdıqları pulların böyük bir hissəsini xaricdəki ağalarına ötürüblər. Artıq demək olar, hər kəsə məlumdur ki, bir ara oliqarx nazirlər ölkə üzrə rayon icra hakimiyyəti başçısı postunu öz aralarında paylaşmışdılar. Bunun da nəticəsində hər oliqarxın 10-15 icra başçısı vardı. Həmin oliqarx nazirləri idarə edən, piramidanın başında duran adam da vardı. Bu, mənim təhlilimdir ki, “prezident rüşvət verilib” deyirsə, deməli rüşvət alan bir başqasıdır. Çox güman ki, bu rüşvət Ramiz Mehdiyevə verilib. Ramiz Mehdiyev isə nazirləri idarə edib, nazirlər də ayrı-ayrı rayon icra başçılarını idarə edib. Yəni, burda ciddi bir şəbəkə var. Düşünürəm ki, başladılan antikorrupsiya tədbirləri davam etdirilməli, icra başçılarından sonra hədəf nazirliklər və nazirlər olmalıdır. Eyni zamanda, hakimiyyət strukturunda formalaşan “5-ci kolon” tamamilə zərərsizləşdirilməlidir.
– Necə düşünürsünüz, icra başçısı həbs olunan rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyətə cəlb olunmalıdır?
– Hesab edirəm ki, istintaq zamanı adıçəkilən, korrupsiya əməllərində bu və digər formada iştirakçı olan hər kəs məsuliyyətə cəlb olunmalıdır.
“Ölkəmizin varlığının qorunub saxlanılmasında hər kəs iştirak etməlidir”
– Müxalifətin başladılan antikorrupsiya əməliyyatlarına münasibəti sizi qane edirmi?
– Qeyd edim ki, müxalifətin böyük əksəriyyəti bu korrupsiya sistemi ilə iş birliyindədir. Yəni məhz müxalifətin də həmin bu korrupsiya şəbəkəsindən qidalanan, onlarla iş birliyində olan, həm yerli mafioz qruplaşmaların, həm də xarici qüvvələrin burda yaratdığı şəbəkəylə bu və digər formada əlaqələri olub. Ona görə də Azərbaycanda müxalifət adlı əksər qüvvələr heç zaman korrupsiyaya qarşı mübarizə aparmayıb. Bu səbəbdən də hesab edirəm ki, ölkədə yeni siyasi mühitin yaranması vacibdir. Ölkənin bu hala düşməsinə görə cavabdehlik daşıyan iqtidar və müxalifət yetkililəri bu məsuliyyəti bölüşməlidirlər. Xalq siyasi mühitdə və Azərbaycan dövlətinin gələcəyi kimi bir taleyüklü məsələdə onların iştirakını sıfırlamalıdır. Azərbaycanın müstəqilliyini və milli maraqlarını hər şeydən üstün tutaraq yeni siyasi mühit formalaşmalıdır. Düşünürəm ki, ölkəmizin varlığının qorunub saxlanılmasında hər kəs iştirak etməlidir. Əgər ölkə başçısı bu işi başladıbsa, o zaman ölkənin bütün aydın insanları və Azərbaycan dövlətinin taleyini düşünən hər bir siyasi qüvvə onunla bərabər bu işin yanında olmalıdır.
– Cahandar bəy, sizcə, icra başçıları və digər məmurlar tərəfindən dövlət büdcəsindən oğurlanan pulların geri qaytarılması istiqamtində hansı proqramlar həyata keçirilməlidir?
– Belə hesab edirəm ki, istintaq prosesi tamamlanıb faktlar təsdiqləndikdən sonra dövlət başçısı birbaşa xalqa müraciət etməlidir. İstintaq materiallarına əsaslanaraq ölkədəki durumu xalqa bildirməklə, korrupsiyanın, dövlətçiliyimizə qəsd siyasətinin qarşısının alınması prosesində birgəlik nümayiş etdirməli və dünyanın harasında olmasından asılı olmayaraq, bu insanların mülkləri müsadirə olunmalı, Azərbaycan dövlətinin büdcəsinə qaytarılmalıdır.