Tağım komandirindən generala ağır ittiham: “Məqsəd Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsinin qarşısını almaq idi”- MÜSAHİBƏ

17-05-2020, 01:41           
Tağım komandirindən generala ağır ittiham: “Məqsəd Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsinin qarşısını almaq idi”- MÜSAHİBƏ
Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il ötür. Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadratkilometr, əhalisi işğala qədər 64 min nəfər olub. Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək 1992-ci il, mayın 18-də Laçını işğal edib.

İşğalçı Ermənistan rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən, 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Laçının müdafiəsində cəsarətlə döyüşənlərdən biri də polkovnik Arif Paşanın komandiri olduğu 811 saylı Laçın alayının 4-cü əlahiddə tağımının komandiri (bu tağım “Xalq Cəbhəsi tağımı” da adlandırılırdı-müəl.) İsabalı Əsgərovdur. O, “Cümhuriyət” qəzetinə müsahibəsində o hadisələri ürək ağrısı ilə xatırlayıb. Cebhe.info müsahibəni təqdim edir.

“Laçın özünü tamamilə müdafiə edə bilirdi”

- Əsabalı bəy, Laçının müdafiəsi necə təşkil olunmuşdu?
- 4 il yarım mübarizə aparmışıq və bu illərin əziyyəti 10 gün ərzində itib batıb. Laçının müdafiəsi 1988-ci il fevral ayının sonlarından başlamışdı. Hansı ki, həmin ildən ermənilər Qarabağı Ermənistana birləşdirmək arzusuna düşdülər. O vaxtdan etibarən biz könüllülərdən ibarət 13 nəfərlik bir heyət yaratdıq. Öz şəxsi büdcəsmizin hesabına rayonlardan, eləcə də Bakıdan silah-sursat əldə edib torpaqlarımızın müdafiəsinə qalxmışıq. Düz o vaxta qədərki 1990-cı il hadisələri və Xocalı faciəsi baş verdi. Sonradan Arif Paşayevin rəhbərliyi altında Laçın alayı yarandı və mən də müdafiə prosesinin iştirakçısı oldum. Çünki Əfqanıstan döyüşçüsü olduğum üçün təcrübəm kifayət qədər idi. 1979-1981-ci illər ərzində Əfqanıstanda döyüşmüşəm. Nəslimizin 30-a yaxın üzvü Qarabağ döyüşlərində şəhid olub və mən bununla fəxr edirəm. Ümumiyyətlə, tək mən deyil, Laçında güclü döyüşçülərimiz var idi. Laçın özünü tamamilə müdafiə edə bilirdi. Azərbaycanda ermənilərə işləyən bəzi qüvvələr var idi ki, Laçına xüsusi dəstələr göndərmişdi. Onların rəhbərlərindən biri də Elbrus Orucov idi. O, briqada komandiri kimi Laçına gəlmişdi, bizim alayın tamamilə məhvinə çalışdı. 4 il yarım Laçını müdafiə edən, o cümlədən, Şuşa və Qubadlı döyüşlərində iştirak edən bir alayın nizam-intizamını pozdular. Bir ay əvvəl Arif Paşayevin səlahiyyətini əlindən almışdılar. 10 günün içərisində tamamilə hərc-mərclik yaradıldı. Həmin qüvvələrin məqsədi o idi ki, Laçında ikinci Xocalı hadisəsini yaratsınlar. Bunu Elbrus Orucov da yaxşı bilirdi. Sadəcə olaraq, Laçının 300-350 cəsur insanının hesabına 65 min əhalini mühasirədən çıxara bilmişik. O dövr üçün bütün tapşırıqları Arif Paşayevdən alırdıq. Vətənsevərliyi, döyüşməyi biz ondan öyrəndik. Orada hər hansı boşluğa yol verilmədi. Yoxsa ən azı 20-30 min insan qırıla, hətta əsir düşə bilərdi. Mən 4-cü əlahiddə tağımın komandiri idim. Ən ağır prosesləri bizim tağım həyata keçirirdi. Məsələn, 31-ci post əməliyyatı çox böyük proses idi. Ermənilər həmin postu ələ keçirmişdi. Bizim tağım Arif Paşayevin tapşırığı ilə o postu azad etmişdi. 29-cu post əməliyyatı da buna daxildir. Kirs dağını 200 nəfərlə müdafiə edib göz bəbəyimiz kimi qoruyurduq. Elbrus Orucov öz dəstəsi ilə tapşırıq verib bizi oradan çıxardı. 40 nəfərlik dəstə ilə bir gün qalıb ikinci gün ermənilərə təhvil verib çıxdılar. O ərazi Dağlıq Qarabağla Laçın arasında ən böyük strateji nöqtə idi. Ondan sonra Laçın tam olaraq mühasirədə qaldı. Laçını mühasirədən çıxarmaq cəhdimiz yalnız o igidlərimizin nizam-intizamı sayəsində oldu yoxsa ki, bu gün bir nəfər də laçınlı qalmayacaqdı. Elə kaş qalmayaydı. Çünki bu bıabırçılıqdan yaxşı idi. Belə qəhrəmanlıq nəyə gərəkdir ki?

“Təxribat yaradıb Şuşanı verdilər və sonra gəlib Laçında xaos yaratdılar”

- Silah-sursatı necə təmin edirdiz?
- Bizim alaya Müdafiə Nazirliyinin cəmisi 40-50 silahı verilmişdi. Qalanı Arif Paşayev və mənim təşəbbüsümlə respublikada yaxşı insanların, imkanlı şəxslərin hesabına yığılmışdı. O vaxt ruslardan da birtəhər silah-sursat alıb, özümüz normaya salmışdıq.

Təxribat yaradıb Şuşanı verdilər və orada olan komandirlər gəlib Laçında xaos yaratdılar. Təsəvvür edin, ordunu qaçan görən əhali neyləməlidir? Proses Laçın ətrafında baş verdiyinə görə elə anlaşılmışdı ki, sanki qaçanlar laçınlılardır. Mütəllibovun Bakıdan gəlmiş xüsusi dəstələri idi ki, Elbrus Orucovun tapşırığı ilə Nail Kazımov, Əzizağa Qənizadə kimi adamlar bir günün içində Laçını verib getdi. Özümüzkülər də onu güllələmişdilər. Amma sağ qaldı və sonradan cəzasını aldı. Kəlbəcər ərazisində bir neçə dəfə satqınlıq edib, Kəlbəcər tunelini ermənilərə verdilər. Mülki adamlarımızın da böyük əksəriyyəti orada qırıldı. Belə təxribatlar var idi. Əslində bu cür təxribatların məqsədi Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsinin qarşısını almaq idi. Özünü demokratik adlandıran bəzi qüvvələr də bunu istəmirdilər. Hesab edirəm ki, bu təxribatı böyük dövlətlər də hazırlamışdı. Çünki ermənilər birbaşa tankdan, topdan istifadə edirdilər. Bizim isə əlimizdə olan xırda-para silah-sursat və texnikalar heç bir işə yaramırdı. Tanklar yalnız nəqliyyat vasitəsinə yarayırdı. İndi o satqınların bəzisi vəzifədədir. Biz, vuruşanlar isə vətən yanğısı ilə yaşayırıq. Aprel döyüşlərində döyüşmək ruhumuz yarandı, bir yerə yığışdıq ki, gedək torpaqlarımızı azad edək və şərəflə ölək. Biz gözləyirik ki, nə vaxtsa əmr veriləcək və şərəfimizi o torpaqlarda nümayiş etdirəcəyik.

“Şuşada döyüşən mütəllibovçuların hamısı Bakıya qayıtdı”

- Laçının işğalından bir neçə gün əvvəl Bakıda hakimiyyət dəyişdi. Həmin vaxt Laçından Bakıya siyasi proseslərdə iştirak etmək üçün gedən hərbçilər var idimi?
- Əslində həmin ərəfədə Şuşada döyüşən mütəllibovçular hamısı Bakıya qayıtdılar. Xüsusi təyinatlılar silah-sursatlarını atıb qaçdılar ki, bizim rəhbərimiz Bakıdadır. Deyirdilər ki, “ya bizi öldürün, ya da biz döyüşə bilmirik”. Məcburi döyüşə aparmaq olmazdı ki... Bəli, Ayaz Mütəllibovun dövlət çevrilişinin də böyük təsiri oldu. Hesab edirəm ki, bu gün əmr verilsə, keçmiş döyüşçülərin hesabına torpaqlarımızı azad edə bilərik. Biz vətən uğrunda ölməyə hazırıq, təki bizə qaçqın deyilməsin. Vətən hamımızındır. Elə bilirlər ki, vətən o sərhəddə olanlarındır.

“Çingizi göz bəbəyi kimi qoruyurduq”

- Mərhum telejurnalist Çingiz Mustafayevin məşhur videosüjeti var. Üzünü tutub hərbcilərə deyir: “Hara qaçırsız, hamınız arvadsız, qorxaqsız...” O, bu sözləri kimlərə deyirdi? Bu kadrlar harda çəkilib?
- Çingiz Mustafayevi tənqid etmirəm. Amma əslində onun dediklərinin özündə də yanlışlıq vardı. Biz onu göz bəbəyimiz kimi qoruyurduq. Mənim şəhid olan qardaşım öz maşınında, döyüş yollarında yalnız Çingizi qoruyurdu ki, ona heç nə olmasın. Sonra məlim oldu ki, onun ətrafı, kimlərəsə işləmələri bizlik deyil. Çingiz deyirdi ki, qaçırlar...Qaçan yox idi axı... Kim hardan qaçırdı? Belə olmaz axı... Çingiz biz orada dura-dura deyə bilərdimi ki, burada bir kişi yoxdur? Hamısı təxribat idi.

- Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarında təklif olunan həll planında Laçın kənarda qalır. Bununla bağlı nə deyə bilərsiz?
- Hələ belə getsə bir 10 il də işğal tarixlərindən danışacağıq. Açığını desəm, perspektivdə mən Laçının azad olunacağını görmürəm. Guya 6 rayonu qaytarıb verən var ki, Laçın məsələsi qalsın? Danışığı kimlər aparır? Rusiya özü torpağı alıb verib ermənilərə...Fransa ermənilərin böyük babalarıdır. Amerikadakı lobbiləri də ermənilərə işləyir. Heç bir danışıqdan perspektiv gözləmirəm. Yeganə yol keçmiş döyüşçüləri çağırıb silah-sursatla təmin etmək, vətən uğrunda döyüşə yollamaqdır.

Heç olmasa, öz gücümüzü az da olsa göstərək. Ondan sonra hansısa danışıqlara bəlkə gələ bilərik.

Alçina Amilqızı

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.