“SOCAR-da idarəedənlər neft çıxaranlardan çoxdur”

14-01-2016, 10:03           

“Bu il struktur islahatları aparılmalıdır. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayır. Buna yol vermək olmaz”.

Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında deməklə məmur təbəqəsinə ciddi mesajlar verib. Bununla da prezident bəzi dövlət qurumlarının ləğv olunmasının vaxtının yetişdiyinə işarə edib.

Ölkə.Az xəbər verir ki, iqtisadçı ekspert, keçmiş deputat Nazim Məmmədov Modern.az-a verdiyi açıqlamada ölkə başçısının operativ idarəetmə mexanizmi barədə fikirlərini şərh edərək deyib ki, belə addımlar iqtisadi böhranlar zamanı yaxşı nəticə verə bilir:

“Adətən iqtisadi böhranlar zamanı hökumətlər ilk növbədə dövlət xərclərini azaldır. Dövlət xərcləri o zaman azalır ki, struktur və institusional islahatlar aparılır. Nazirlər Kabinetinin idarəetmənin strukturu bir daha dəqiqiləşdirilir, bir-biri təkrar edən, oxşar funksiyalar daşıyan qurumlar birləşdirilir. Beləliklə, dövlət büdcəsinə idarəetmə xərclərindən olan təzyiq azaldılır. İqtisadi böhranda ilk addım bundan ibarətdir”.

Nazim Məmmədov Azərbaycan Nazirlər Kabinetinin strukturuna görə hazırda regionda ən böyük hökumət olduğunu xatırladıb. İqtisadçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) lazımsız qurumların, departamentlərin mövcudluğunu da misal göstərib:

“Müqayisə üçün deyim ki, Azərbaycan Nazirlər Kabineti 40-dan çox strukturdan ibarət olaraq bölgədə ən böyük hökumət sayılır. Normal ölkələrdə bir baş nazir və 2 müavin olur, sonuncular həm də nazirdir, ümumilikdə, 17-18 nazirlik olur. Bizdə isə baş nazirin 6 müavini var. Sivil ölkələrdə, hətta postsovet məkanında və Şərqi Avropa ölkələrində hökumətin strukturu bu cürdür.

Əslində, yeni iş yerləri şişirdilmiş dövlət aparatının hesabına aparılır. Ona görə də Nazirlər Kabineti istefaya göndərilməməli, tərkibi və strukturu dəyişdirilməlidir.
Ən çox SOCAR-da müxtəlif lazımsız departament və idarələr var, hansı ki, bu şirkətdə idarəedənlər neft çıxaranlardan daha çoxdur. Xarici ölkələrin neft şirkətlərinə baxdıqda, görürük ki, qat-qat az olan idarəedicilərlə daha çox məhsul istehsal edilir və əməliyyatlar apara bilirlər.

Azərbaycanda ayrı-ayrı dövlət idarələrinin, nazirlik və komitələrin tərkibində MMC-lər yaradılır, məqsədləri müxtəlif tenderləri udmaqdır. Adi bir misal: ölkədə sadələşdirilmiş vergi ödəyicilərindən 145 milyon manat yığmaq proqnozlaşdırılır, ancaq həmin nazirlik və komitələrin yaratdığı MMC-lər üzrə bu rəqəm 300 milyon manatdır. Bu, hökumətin sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir.

Hesab edirəm ki, nazirlik və komitələrin tərkibindəki MMC-lər ləğv olunmalıdır. Çünki bu, Ümumdünya Ticarət Təşkilatının qanunvericiliyinə ziddir və normal iqtisadiyyatda belə şey ola bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.