Azərbaycanlı nazir oğlunun rusiyalı qonağı türk düşməni çıxdı - FOTOLAR

28-04-2015, 18:21           
Azərbaycanlı nazir oğlunun rusiyalı qonağı türk düşməni çıxdı - FOTOLAR
Formula-1″ yarışlarının Rusiya üzrə rəhbəri, bir müddət əvvəl nazirlərdən birinin oğlunun dəvəti ilə Bakıya gələn Oleq Zabara sosial şəbəkələrdə türkləri pisləyən fikirlər yazıb.

“A24.az”ın məlumatına görə, Soçidə keçirilən “Formula-1″ üzrə Qran-Pri yarışının təşkilatçısı Oleq Zabara sosial şəbəkələr vasitəsilə qondarma “erməni soyqrımı”nı dəstəkləyən statuslar yazıb. Və görünən odur ki, bu statuslarla ermənilərin böyük sevgisini qazanıb. Ermənilər Oleqə dərin sevgi ilə öz minnətdarlıqlarını bildiriblər.03

Oleq Zabaranın internetdə bölüşdüyü fikirlər belədir: “Özlərini Allah hesab etməyən insanlar qərara gəlməlidirlər ki, şeytanı məhv etmək prinsipini həyata keçirsinlər. Və genosid bir daha özünə bizim cəmiyyətdə yer tapa bilməyəcək”.

Qeyd edək ki, Oleq Zabara bir müddət əvvəl Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu, “Baku Grand Prix” şirkətinin rəhbəri Arif Rəhimovun dəvəti ilə Azərbaycana gəlib. Səfər Azərbaycanda 2016-cı ildə keçiriləcək ““Formula 1″ Avropa Qrand Pri” yarışı ilə əlaqədar olub.

Oleq Zabara sosial şəbəkələrdə öz səhifələrində Arif Rəhimov və Bakı haqqında müsbət fikirlər yazıb, şəhərimizin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu dilə gətirib. Amma görünən odur ki, ona Bakıda Azərbaycan həqiqətləri barədə danışan olmayıb. Yoxsa qayıdan kimi “əzabkeş erməni xalqı”na belə canıyananlıqla vəkil etməzdi. Hərçənd, Zabara ilə internet üzərindən apardığımız müsahibədən də gördük ki, onun qondarma “soyqırım”, Dağlıq Qarabağ münaqişəsi, səbəbləri, nəticələri haqda demək olar ki, məlumatı yoxdu. Sadəcə, erməni təbliğatının təsirinə düşüb, türkləri pisləyən fikirlər səsləndirib. Zira qısa bir müsahibədəcə biz onu inandıra bildik ki, heç də hər şey onun bildiyi kimi deyil. Və o, müsahibənin sonunda “Mən statusu sildim. Qoy, tarix tarixdə qalsın. Tarixçilər bu işlə məşğul olsunlar” deyərək həmin yazıları səhifəsindən sildi. Demək ki, onu və onun kimilərini Bakıda gəzdirmək, bəs deyincəyə qədər yedizdirib-içirmək bəs eləmir. Arada kim olduğumuzu xatırlatmaq da lazımdır. Elə qonaqlara da, özümüzə də…

Oleq Zabara ilə müsahibəni təqdim edirik:

- Salam, cənab Zabara. Sizi Bakıdan “a24.az” saytından narahat edirik. Vaxtınız varsa, sizə bir neçə sualımız olacaq.

– Buyurun. Əlbəttə ki vaxtım var.

- Bir müddət əvvəl Bakıda olmusunuz. Sizi kim dəvət etmişdi?

– Mən “Formula-1″-in Rusiya üzrə idarəçisiyəm. “Formula One (F1)” rəhbəri Bernie Eccleston mənə Arif Rəhimovla əməkdaşlıq etməyi tövsiyyə edib. Mən də onun tövsiyyəsinə uyğun olaraq Bakıya gəldim. Bizim təşkilatçılıq planımızda oxşar cəhətlər var. Mən daha yaxşı nəticələr əldə etmək üçün Bakının təcrübəsindən də yararlanmaq istəyirəm.

- Bizim ölkəmizə səfəriniz haqda danışa bilərsinizmi? Ölkəmiz Bakının timsalında xoşunuza gəldimi?

– Mənim çox xoşuma gəldi. İlk dəfə Bakıda oldum. Paytaxtınız çox gözəldir.

- Yenə gəlməyi planlaşdırırsınız?

– Hələ ki, nəzərdə tutulmayıb. Mən çox istəyərdim ki, komandamızla Azərbaycanda 2016-cı ildə keçiriləcək “”Formula 1″ Avropa Qran Pri” yarışına qatılaq. Lakin mən hələ ki, əməkdaşlıq haqda təklif almamışam.

- Bu haqda yaxın vaxtlarda Arif Rəhimovla danışmısınız?

– Biz görüşüb danışmışıq. Mən bəzi incəliklər haqda danışdım. İşlər çoxdur. Vaxt isə kifayət qədər dardır. Keçən həftə bir neçə dəfə zəng etdim, dəstəyi götürmədi. Zəhlə tökmək mənim stilim deyil.

- Bəlkə qondarma “erməni soyqırımı”nı dəstəkləyən fikirlərinizlə əlaqəlidir?

– Nə bilim… Bu barədə heç nə deyə bilmərəm.

- Soçidə sizin azərbaycanlı və ya türk dostunuz, tanışınız və ya işçiniz varmı?

– Mən Novorossiyskdə anadan olmuşam. İki bakılı dostum var. Onlar Novorossiysk dəniz akademiyasını bitiriblər. Çoxdandır ki, kapitandırlar. Türklərlə isə 90-cı illərin axırlarında işləmişəm.

- Bizim ölkəmizin idman mətbuatı sizi kifayət qədər tanıyır. Bir neçə gün bundan qabaq siz sosial şəbəkədə qondarma “erməni soyqırımı” haqda statuslar paylaşmısız. Bu statuslar səhifənizdə hələ də qalır. Onları paylaşarkən bakılı dostlarınızın fikirləri sizi maraqlandırmadı? 1 milyondan artıq qaçqını olan bir ölkənin vətəndaşı kimi sizin statuslar məni çox təəccübləndirdi. Ermənilər, deyəsən, sizə də təsir ediblər?

– Əgər Rusiya prezidenti Vladimir Putin “erməni soyqırımı”nı tanıyıbsa, demək, o olub. Mənim bakılı dostlarım isə çox mehribandılar. Bizim kompaniyada çeçenlər, ermənilər də var…

- Siz nə siyasətçi, nə də ki tarixçisiniz. İdmançısınız. Nəzərə almalısınız ki, idman siyasətə qarışmamalıdır…

– Bilirəm. Mən öz statuslarımda qeyd etmişdim ki, tarixi faktları tanımaq və səhv buraxmamaq lazımdır. Bu faktları bütün Avropa tanıyır. Mənim ölkəmin prezidenti mərasimdə iştirak etmək üçün ora gedib. Mən siyasətçi deyiləm, lakin məsələlərə öz baxışlarım var.

- Siz bilirsinizmi ki, mənim ölkəmin 20% -i erməni işğalı altındadır? Bəs, mənim tarixim fakt deyil?

– Ərazi məsələsi çox mürəkkəbdir.

- Xocalıda ermənilərin azərbaycanlılara qarşı soyqırım törətmələri haqda eşitmisiz?

– Şəxsən mənim babalarım Böyük Vətən Müharibəsində həlak olublar. Lakin mən buna görə Almanlara qarşı nifrət hissi daşımıram.

- Bəs statuslarınızda ermənilərə görə niyə türkləri qınayırsız…

– Bu nifrət deyil. Sadəcə, türklər “erməni soyqırımı faktını” tanımalıdırlar.

- Ermənilər bu “faktlar”ı özləri uydurublar axı. Siz idman adamısınız. Bu uydurmalara uymaq isə sizə şərəf gətirmir…

– Mənim şərəfim o demək deyil ki, mən hamıya yaxşı görünməliyəm. Mən özümçün şərəfliyəm. İnsanların bir-birini milliyyətə görə incitməsi mənim xoşuma gəlmir. Mən bunu ermənilərə də, azərbaycanlılara da demişəm.

- Açıq danışdığınıza görə çox sağ olun. Ancaq biz MDB ölkələri arasında 2-3 ölkədən biriyik ki, Rusiya ilə dostluq münasibətindəyik və sizin prezident də bunu yaxşı bilir…

– Siz ermənilərlə qonşusuz. Təəssüf ki, ukraynalılar bizə qəzəbləndilər. Hansı ki, rusları özlərinə qardaş xalq sayırdılar. Bəli, buna görə siyasəti siyasətdə qoymaq lazımdır.

Bilirsən, Bakıda məni bir yoldaş qarşıladı. Biz danışdıq, zarafat etdik. O, ermənilər haqda həmişə pis fikirlər söyləyirdi. Mən ondan soruşdum ki, “Komedi klab”a baxırmı? O bildirdi ki, baxır və çox xoşuna gəlir. Dedim ki, oradakıların demək olar ki, hamısı ermənilərdir. Artıq bütün neqativləri unudub irəli getmək vaxtıdır. Pis millət yoxdur, pis insanlar var.

- Ancaq ermənilər bunu etmək istəmir. Siz isə onları müdafiə edir, xatırladır, olmayan “soyqırım”ı bir daha gündəmə gətirirsiz…

– Mən Holokostu da xatırlayıram. Lakin bundan mənim almanlara qarşı münasibətim dəyişmir. Siz niyə bunu şəxsi inciklik kimi qəbul edirsiniz. Türklərin ermənilərə qarşı vəhşilik faktı olub. Əlbəttə, faktlar var və zorakılıq da olub.

- Qoy Ermənilər bunu sübut etsinlər…

– Mən bu barədə susar və sizin nəzərinizdə yaxşı adam kimi qala bilərdim. Bu, lazımdır? Xeyr, mən yalan danışa bilmərəm. Mənim prezidentim bunu tanıyır və bu mənə bəsdir.

- Sizə Xocalı soyqırımı haqda video göndərirəm. Baxın, cavab yazın…

– Yaxşı. Baxıram..

– Mən sizə çatdırmaq istəyirəm ki, ermənilər bizim 20 faiz torpaqlarımızı işğal edib, 1 milyondan artıq qaçqınımız var. Azərbaycan xalqına qarşı soyqırımlar törədiblər…

– Belə başa düşürəm ki, bundan sonra Bakıya dəvət olunmayacam.

- Mən mətbuat işçisiyəm, bu barədə sizə heç nə deyə bilmərəm. Məndən olsa, sizi Bakıya dəvət edər, qaçqınlarımızın vəziyyətini, şəhidliklərimizi göstərərdim…

– Yaxşı, mən sizə söz verirəm ki, “erməni soyqırımı” barədə heç nə deməyəcəm, heç nə paylaşmayacam. Statuslarımı da pozuram. Artıq səhifəmdən pozdum və siz də baxa bilərsiniz. Qoy, tarixi tarixçilərə buraxaq. Mən də öz sahəmlə məşğul olsam, yaxşıdır. Ancaq inanıram, sizin xalqınızın müdrikliyi çatacaq ki, ermənilərlə sülh yaratsın.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.