"Bu ümumxalq işidir, milli məsələdir, hər kəs nəyi bacarırsa etməlidir" - Qulu Məhərrəmli

2-10-2020, 11:33           
"Bu ümumxalq işidir, milli məsələdir, hər kəs nəyi bacarırsa etməlidir" - Qulu Məhərrəmli
Hazırda Azərbaycan Vətən müharibəsini yaşayır və ordumuz Ermənistanın dinc sakinlərə qarşı həyata keçirdiyi təxribata cavab olaraq cəbhəboyu əks hücumdadır. Artıq bir sıra hərbi uğurlar əldə edilib, düşmən işğal etdiyi torpaqlarımızdakı mövqelərini tərk edərək geri çəkilir, onlara məxsus hərbi obyektlər, canlı qüvvə, iri texnikalar dəqiq hava zərbələri ilə məhv edilir. Azərbaycan hərbi əməliyyatlarla yanaşı çox doğru bir informasiya siyasəti yürüdür. Məlumatlar yalnız Müdafiə Nazirliyi tərəfindən rəsmi şəkildə açıqlanır və istər yerli, istərsə də, beynəlxalq media ölkəmizlə bağlı yalnız həmin xəbərləri və videogörüntüləri yayır. Ölkə daxilində internet və sosial şəbəkələrə çıxış imkanları məhdudlaşdırılıb ki, bu da ermənilərin sosial şəbəkədə törətdiyi informasiya təxribatının qarşısını almaq, informasiya təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Media qurumları dövlətin informasiya siyasətini qorumağa çalışsa da, xarici kütləvi informasiya vasitələrinin yerli nümayəndəlikləri bəzən ölkəmizin mənafeyinə zidd məlumatlar yayırlar. “BBC Azərbaycan” artıq bir neçə gündür ki, ermənilərin “Suriyalı döyüşçülər Azərbaycan tərəfində döyüşür” , “Türkiyə Azərbaycana suriyalı həbrçiləri göndərir” tipli absurd iddialarını müzakirə edir, tirajlayır, mövzunu gündəmdə saxlayır. Halbuki ermənilərin feyk xəbərləri Azərbaycan mediasının gündəmində deyil, dövlət başçısı xarici mediaya müsahibəsində də bunun erməni yalanı olduğunu açıqladı. Bundan başqa, Tərtərdə düşməndən alınan ərazilərin itirilməsi ilə bağlı çaşqınlıq yaradan, rəsmi mənbəyə dayanmayan məlumatlar da paylaşılır. Halbuki mötəbər KİV hesab olunan BBC-nin Azərbaycan xidməti ölkəmizin bu savaşdakı haqlı mövqeyini əksə etdir, onu dünyaya çatdıra bilər.

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən, media eksperti, professor Qulu Məhərrəmli dedi ki, bu media qurumlarına gündəlik tapşırıqlar xaricdəki mərkəzi ofisdən daxil olur və yerli əməkdaşlar da ona uyğun davranırlar: “Beynəlxalq media qurumlarının ölkəmizdəki təmsilçiləri fəaliyyətlərində sərbəst deyillər. Gündəlik mövzular xaricdəki mərkəzdə müəyyənləşdirilir. Məsələn, BBC-dirsə Londonda, ”Amerikanın səsi"dirsə, Vaşinqtonda müəyyənləşdirilir. Onların media siyasətinin əsasında duran budur ki, yerli coğrafiyanın problemləri daha çox diqqət mərkəzində saxlanılmalıdır. Mən hesab edirəm ki, istər BBC, istər “Amerikanın səsi” və digərləri olsun, bir ölkənin ərazisində xidmət göstərirlərsə, oradan ən mötəbər məlumatları yaymalıdırlar. BBC dünyada ən mükəmməl media qurumlarından biridir, ona ciddi bir iradımız yoxdur. BBC-nin Azərbaycandakı təmsilçisi Səadət Akifqızı da kifayət qədər təcrübəli jurnalistdir, onlar da gündəmlə bağlı öz təkliflərini verə bilərlər. Azərbaycan üçün Suriyadan döyüşçülərin gətirilməsi mövzusu tamamilə yad bir məsələdir. Bunu Ermənistan iddia edir və 30 ildir ki, bu mövzu gündəmdədir. Bu gün Azərbaycan xarici işlər naziri Rusiya XİN-in bəyanatını şərh edərkən bu məsələyə münasibət bildirib, təkzib edib. Burada fəlakətli məqam odur ki, ermənilər öz adlarını bizə qoymağa çalışırlar".

Media eksperti hesab edir ki, Ermənistanın informasiya siyasəti tam yalan, şantaj və feyk xəbərlər üzərindədir: ““Tutar qatıq, tutmaz ayran” ümidi ilə, ölkənin baş naziri səviyyəsində yalan və əxlaqsız informasiya siyasəti yürüdülür. Onlar öz cəmiyyətlərini aldatmaq, dünya mediasına yanlış informasiya ötürmək və Azərbaycan haqqında mənfi imic formalaşdırmaq üçün bu məlumatları yayırlar. Bu məsələdə bizim özümüzün həm yerli mediamız, həm dünyaya çıxışı olan media qurumlarımız daim gündəmi izləməlidir və bu məsələlərlə bağlı gerçək məlumatlarla təmin etməlidirlər".

Professorun fikrincə, çox arzulanandır ki, Xarici İşlər Nazirliyinin İnformasiya Departamenti xarici ölkə jurnalistlərinin ölkəmizə səfərlərini təşkil etsin: “Doğrudur, Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacızadənin bu sahədə rolu görünür. Hazırda da ölkə içində xarici media nümayəndələri var, amma arzuolunandır ki, daha çox jurnalist gəlib bu hadisələri görsün. Türkiyə mediası bu məsələdə bizə kömək edir. Onlayn görüşlər, məlumatlandırma prosesi aparılır, ancaq hadisələri, ermənilərin dinc yaşayış məskənlərinə atdıqları mərmiləri, onların dağıtdığı məkanları görmək daha üstündür. Burada Azərbaycanın jurnalist təşkilatlarının, QHT-lərin üzərinə ciddi iş düşür. Bu ümumxalq işidir, milli məsələdir, hər kəs nəyi bacarırsa etməlidir. Azərbaycan həqiqətləri, dinc əhalinin Ermənistan atəşə tutulması, Azərbaycanın hərbi əməliyyatlara öz torpaqlarını düşməndən azad etmək üçün başlaması dünya mətbuatına çıxarılmalıdır. Biz öz işlətdiyimiz ifadələrə diqqət yetirməliyik ki, aparılan döyüş əməliyyatlarının xarakteri nədən ibarətdir. Ermənilərin başqa bir dövlətin köməyi ilə tutduğu ərazilər, indi Milli Ordumuzun köməyi ilə azad edilir, boşaldılır, onun hərbi resursları zərərsizləşdirilir, texnikası sıradan çıxarılır. Sosial şəbəkədə də imkan daxilində bu məsələyə diqqət yetirilməlidir ki, Ermənistan ordusu Cenevrə Konvensiyasının tələblərini birbaşa pozaraq dinc əhalinin yaşayış məskənlərini atəşə tutur. Tərtərin avtovağzalına mərmi atılır, onun yaxınlığında əsgər yox, hərbi obyekt yox, dinc əhalinin olduğu ərazidir. Ağdamın kəndlərinə, tibb məntəqəsinə, kommunikasiya vasitələrinə atılan atəş birbaşa insanların yaşayışını təhlükə altına almaqdır. Jurnalistlər bu məsələni qabartmalıdır”.

Q.Məhərrəmli təəssüflə bildirdi ki, bu gün bizim ingilisdilli mötəbər media qurumlarımız yoxdur: “Son 15 ildə media siyasəti aparan insanlar yalnız öz mənafeləri və çevrələri üçün işləyiblər. Bu gün isə bizə dünya ilə çevik işləyə bilən, mötəbərlik qazanmış media qurumları lazımdır ki, onları zamanında sıradan çıxarıblar. ”Turan" informasiya agentliyi kimi mötəbər bir agentlik bu gün bizə çox gərəkdir. Vaxtilə “Zerkalo” qəzeti bütün Qafqazda, Rusiyada oxunurdu, istinad olunurdu, bu cür qəzetləri sıradan çıxartdılar. Bu, xarici media üçün də bir mötəbər mənbə idi, çünki peşəkar mətbuat idi. Avropa Jurnalistlər Təşkilatı var idi, jurnalistlərin təşkilatları var idi, onlar sıradan çıxdı. Çox mənasız qəzetlər yaradıldı, pullar yeyildi, əvəzində milli mətbuatda bir irəliləyiş olmadı. Biz bu gün o qüsurları aradan qaldırmalıyıq. Həm mediada, həm də sosial şəbəkələrdə erməni vandalizmini ifşa edən materiallar, fotolar, mötəbər mənbələrdən aldığımız məlumatlar yaymalıyıq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.