“Əks halda nə tarix, nə də gələcək nəsillər bizi bağışlamaz” - Deputat

9-10-2020, 00:04           
“Əks halda nə tarix, nə də gələcək nəsillər bizi bağışlamaz” - Deputat
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzusu ilə bağlı sualı cavablandırıb.



- Qüdrət bəy, Cenevrənin ardınca Moskva danışıqlarından Qarabağ münaqişəsinin həllinə dair müsbət nəticələr gözləməyə dəyərmi? Ermənistan işğalçı ordusunu Azərbaycandan çıxarmamış danışıqlar masası arxasına keçməmizi Ermənistana verilmiş növbəti şans kimi qiymətləndirmək olarmı?



- Danışıqlardan ciddi nəticələr gözləmirəm. Ermənilərə və həvadarlarına silah-sursat almaq, əlavə qüvvə cəlb edib möhkəmlənmələri üçün zaman lazımdır. NATO-nun Baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri, bundan dərhal sonra Çavuşoğlunun Azərbaycana gəlməsi, Azərbaycan Respublikasının Prezidentinə, xarici işlər və müdafiə nazirlərinə edilən zənglər, qardaş Türkiyə Respublikasına edilən təzyiqlər onu göstərir ki, xarici dairələri daha çox münaqişənin davam etməsi yox, Böyük Ermənistan ideyasının puç olması narahat edir. Cenevrə və Moskva görüşlərinin təşkili də bu narahatçılıqdan qaynaqlanır. Çünki Türkiyədən başqa heç kim Ermənistandan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağı tələb etmir. Amma danışıqlardan imtina da bizə açıq diplomatik hücumlara, əleyhimizə müəyyən sənədlərin qəbuluna rəvac verə bilər. Ona görə də ermənilərin mövqeyində dəyişiklik baş vermədən yenidən danışıqlar masasına qayıtmağımızı anlayışla qarşılamaq lazımdır. Siyasətdə və diplomatiyada çeviklik həm də zəruri olduqda bəzən bir addım geri atmağı bacarmaq deməkdir. Prezidentə güvənmək lazımdır. O, Qarabağı nə indi, nə də gələcəkdə nəzəri baxımdan belə Azərbaycandan qopara biləcək heç bir sənədə imza atmaz.



Azərbaycan ordusunun işğalçı orduya vurduğu zərbələr Paşinyanın ağıllanması, erməni xalqının Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün görünür, hələlik yetərli deyil. Paşinyanın xarici mətbuata verdiyi son açıqlamalar da göstərir ki, Ermənistan indiki mərhələdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verməyəcək. Ən yaxşı halda onlar problemin Madrid prinsipləri əsasında həllinə razılaşa bilərlər. Yəni Dağlıq Qarabağın yekun statusu referendumla həll olunur. Hazırkı mərhələdə Minsk qurupu da buna çalışır. Amma həmin sənəddə yekun statusun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair müddəa olmayacaqsa Azərbaycan heç vaxt həmin sənədi imzalamaz. Əks halda nə tarix, nə də gələcək nəsillər bizi bağışlamaz. Zərdüşt Əlizadənin hansı niyyətlə deməsindən asılı olmayaraq o fikri ilə qəti razılaşmaq olmaz ki, Qarabağda 40 min erməni qalıb, orda yaşamış azərbaycanlıların isə sayı isə 70 minə çatıb, ona görə də referendumun keçirilməsindən narahat olmağa dəyməz. Qarabağa sülhməramlılar gələn kimi orada yaşamış bütün ermənilər geri dönəcək. Həmişə söyləmişəm ki, düşməni olduğundan artıq qiymətləndirmək lazımdır ki, onu daha asan məğlub edə biləsən. Əgər Ermənistandan Qarabağ üçün vuruşub ölməyə gəlirlərsə, beynəlxalq təhlükəsizlik təminatı altında Qarabağda yaşamağa vaxtilə orda yaşamayan ermənilər də gələcək.Moderator












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.