“O videonu görəndə dedim ki, tez Şükürə zəng elə” - Şükür Həmidovun atası

28-10-2020, 03:06           
“O videonu görəndə dedim ki, tez Şükürə zəng elə” -
"Mənə zəng elədi, xeyli danışdıq. Qayıtdı ki, ata, sabah bəlkə siz tərəfə getdik. Onda oktyabrın 19-u idi. Ayın 21-də gördük telefonda video var, deyir, Şükür, bura Balasoltanlıdır, çayın o tərəfi də Mollabürhandır. Mat-məəttəl qaldım. Dəfələrlə deyiblər ki, heç kimin yerini deməyin. Müdafiə Nazirliyi nəyi elan edirsə, onu bildirmək lazımdır. Oğluma dedim ki, təcili Şükürə zəng elə. Dedilər, bu video artıq hamıda var".

Bu sözləri şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov "Xəzər" TV-də qonaq olarkən deyib.

Şəhid atası bildirib:

"Ayın 22-də böyük həvəslə televizorda xəbərləri gözləyirdik. Televizorda dedilər ki, bir neçə dəqiqədən sonra sizə şad xəbər verəcəyik. Mən də bütün ailə üzvlərimi ekran başına yığdım. Xəbərlərin başlamasına 5 dəqiqə qalmışdı, gördüm oğlum ağlaya-ağlaya girdi içəri. Ondan sonra xəbərlərə də baxmadıq. Böyük itkidir. Valideyn üçün bu, hər şeydir. Heç bir valideynə qismət olmasın. Xalqımızın hazırkı dövrdəki bu birliyi, bu həmrəyliyi ürəyimi o qədər açır ki... Deyirəm, Allah bunu bizə həmişə bəxş edə. Bu, müharibədir, itki də olacaq. Bu olmasa, düşmənin mundar ayağını torpaqlarımızdan təmizləyə bilmərik".

Nəriman Həmidov Prezident İlham Əliyevin ona zəng etməsindən də söz açıb: "Şükür Həmidovun tabutunu gətirəndə o qədər adam yığışmışdı, bu da adama təsəlli verirdi. Şəhidlər Xiyabanında dəfn zamanı da adam əlindən yer yox idi. Cənab Prezidentin hər dəqiqəsi qızıldı. Amma mənə zəng etdi, başsağlığı verdi, kədərləndiyini bildirdi. Bu, mənə böyük təsəlli verdi. Mənim arzum odur ki, torpaqlarımız son qarışa qədər alınsın. Xankəndidə, Şuşada qələbə bayrağımız dalğalansın, xalqımız qələbəni qeyd etsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru