“Bu brendlər Azərbaycan xalqından üzr istəməlidir” – AÇIQLAMA

4-11-2020, 02:34           
“Bu brendlər Azərbaycan xalqından üzr istəməlidir” – AÇIQLAMA
Vətən uğrunda davam edən bu müharibədə hər bir Azərbaycan vətəndaşı öz dövlətinə, ordusuna əlindən gələn qədər istər maddi, istərsə də mənəvi yardım etməyə çalışır. Bununla yanaşı hüquqi şəxslər də (Silahlı Qüvvələrə Yardım Fonduna ianələr, posterlərin paylaşımı və s.) bu istiqamətdə addımlar atırlar. Lakin bir neçə gün bundan əvvəl Azərbaycanda beynəlxalq brend altında fəaliyyət göstərən şirkətlər (McDonald’s, KingBurger, Papa John’s) sosial hesablarında Azərbaycana dəstəklə bağlı paylaşım etsə də, çox çəkməyib ki, posterlər silinib. Bu isə xalq tərəfindən mənfi qarşılanıb. İnsanlar hər kəsi həmin şirkətlərdən məhsul almamağa çağırıb. Digər tərəfdən isə “Mercedesin Benz” markasının Ermənistandakı nümayəndəsi Ermənistan ordusu üçün pul yığmaq aksiyası keçirdib. Beynəlxalq brendlərin bu cür davranışları nə dərəcədə doğrudur? Onlar ölkənin daxili işlərinə niyə qarışırlar? Bu prosesin qarşısı necə alınmalıdır? Bu məsələlərə müdaxilə vətəndaşlar yoxsa dövlət tərəfindən olmalıdır?

Teref.az xəbər verir ki, məsələ ilə bağlı yaranan sualları cavablandıran “Fil Agency”nin direktoru Aysel Cəbrayılova Correct.az-a açıqlamasında bildirib ki, bu cür addımlar yanlışdır və həmin şirkətlər xalqdan bu əməllərinə görə üzr istəməlidirlər: “Bu, kökündən yanlış addımdır. Qlobal brendin beynəlxalq hüquqa əsaslanmayan, ermənilərdən ibarət lokal komandanın şəxsi rəyinə görə Ermənistana pul köçürməsi, işğalçı dövləti dəstəkləyən post yayımlaması yanlış addımdır. Azərbaycanın haqlı mövqeyini tanıyan hər kəs, o cümlədən vətəndaşlarımız etiraz edərək postun silinməsinə nail oldular. Bu həmin brendlərin lokal komandaları tərəfindən qərarlaşdırılır. Belə ki, baş ofis tərəfindən yazılmış brend bələdçisinə (guideline) əsasən hər ölkənin daxili komandası marketinq fəaliyyətini icra edir. İcra edərkən brend dəyərləri, məqsəd və hədəfləri mütləq nəzərə alınmalıdır. Mercedes-Benz Armenia-nın paylaşımı baş ofisin deyil, sırf orada çalışan yerli (erməni) əməkdaşların təşəbbüsü olduğunu düşünürəm. Bu paylaşım üçün postu silməklə bərabər, Azərbaycan xalqından üzr istənilməlidir. Misal üçün, bir neçə il əvvəl Ukrayna-Rusiya münaqişəsi zamanında Rusiyada “Coca-Cola” yeni il təbrikində Rusiya xəritəsində Krımı da əks etdirmişdi. Ukraynanlıların etirazı əsasında həmin post dərhal silindi və “Coca-Cola” rəsmisi lokal agentliyin təşəbbüsü olduğunu bildirərək Ukrayna xalqından üzr istədi. Həmçinin, “McDonalds” üçün heç kimin belə bir paylaşım gözləntisi yox idi, daha diplomatik yolla dəstək mesajı verilə bilərdi. Paylaşdıqdan sonra erməni lobbisinin təzyiqi ilə silinməsi çox böyük yanlışdır. Üstəlik, silindikdən sonra baş ofisdən gələn mesajı oxumadan, tərcümə edib vermək daha da yanlış addım oldu. Yuxarıda qeyd etdiyim kimi, bu beynəlxalq hüququn təsdiqlədiyi məsələdir. Hər hansı mübahisə deyil. Yerli komanda, franşıza hüququnu alan sahibkar mütləq baş ofisə çatdırmalı idi. Üzr mesajında postu şikayət əsasında sosial şəbəkənin özü tərəfindən silinib-silinmədiyi, bu mövzuda haqlı mövqeyimizin dəstəkləndiyi bildirilməli idi.

Məsələyə kimin müdaxilə etməsinə gəldikdə isə böhran vəziyyətinin dərəcəsindən asılı olaraq müxtəlif qurumların müdaxiləsi ola bilər. Nümunə olaraq, “AnderSon” brendinin təsisçisi şəxsi hesabında işğalçı dövlətə dəstək verdiyi üçün bizim ölkədən çıxarılmalı idi. Ərazi bütövlüyümüzü tanımayan, bizə qarşı təcavüzü dəstəkləyən istənilən brend, biznes sahibi Azərbaycanda qalmamalıdır. Bunu franşıza hüququnu alan sahibkar özü etməlidir. Franşızanın şərtlərində bu bənd mütləq öz əksini tapmalıdır. Həmin kafenin sahibi də müqaviləyə xitam verərək, Xankəndi adı altına fəaliyyətini davam etdirmək qərarı aldı. Həmvətənlərimiz bu addımı qiymətləndirərək paylaşdı. Bu bizim vətəndaş borcumuzdur, birliyimizdir. Qlobal brendlərdə isə işğalçı ölkənin lokal marketinq komandası empsional yanaşaraq baş ofisin təsdiqi olmadan hər hansı mövqe bildirirsə, bunu vətəndaş olaraq elə biz etirazımızla həll edə bilərik. Biz ölkəmizə xarici investisiya cəlb etmək istəyirik. Azərbaycan sülhsevər, qonaqpərvər, multikultural dövlətdir. Hal-hazırda haqlı şəkildə torpaqlarını işğalçılardan təmizləyir. Bizim tariximiz, beynəlxalq hüquq ərazi bütövlüyümüzü tanıyır. Bu cür məsələlərdə daha çox yerli və xarici sahibkarların maarifləndirilməsi, müharibə şəraitində dövlətin strateji kommunikasiya planına uyğun hərəkət etmələri aşılanmalıdır. Biz vətəndaşlar arxa cəbhədə, həm ölkədaxilində yaşayan xaricilərə, həm də beynəlxalq ictimaiyyətə Ermənistanın Azərbaycanda yaşayan dinc əhaliyə qarşı apardığı terror siyasətini anlatmalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.