“Yaşım az olsaydı Azərbaycan ordusunda mən də könüllü hərbi xidmətə yollanardım”
4-11-2020, 08:57

Məşhur aktyor Tamər Karadağlının Moderator.az-a müsahibəsini təqdim edirik.
- Tamər bəy, siz bilirsiniz ki, Azərbaycan əzəli torpaqları uğrunda haqq savaşı aparır. Hər zaman ölkəmizi izləyirsiz və vətənimizlə bağlı bir hadisə baş verəndə ilk müsahibə alacağımız türkiyəli sənətçi olaraq sizi fikirləşirik. Elə bu dəfə də belə oldu...
- Əlbəttə, mən həm sizin insanları, həm də Azərbaycanı çox sevirəm. O qədər istiqanlısız ki.. Nə qədər desəm azdır.
- Ölkəmizi sizə bu qədər sevdirən nədir?
- Hər şeydən öncə mən Azərbaycan əsilliyəm. Mənim ata torpağım sayılır. Nənəm və babam Azərbaycandan Türkiyəyə köç etmişlər. Onun üçün də mən Bakıya gəldiyim zaman özümü heç də əcnəbi kimi hiss etmirəm. Elə bilirəm ki, öz ölkəmdəyəm.
- Daha dəqiq desək Azərbaycanın hansı bölgəsindənsiz?
- Nənəmin əsli Gəncədəndir.
-Uşaq olarkən sizə Azərbaycan haqqında danışıblar?
- Uşağlıqda Azərbaycanın hər bir şeyini mənə danışıblar. Nə qədər gözəl ölkə olduğunu, insanlarını, insanlar arasındakı münasibətləri. Mən bilirəm ki, azərbaycanlı ailələr çox ciddir. 3-4 il əvvəl Bakıya gəlmişəm, çox gec gəldim. Nənəmin yeməklərini yeyirmiş kimi hiss etdim özümü, ətrafımda sanki xalalarım danışırmış kimi gəldi hər şey mənə.
- Gəncə hadisələrindən xəbəriniz varmı?
- Əlbəttə, biz Türkiyə mətbuatında baş verən hər bir şeyi izləyirik. Hətta bizim müxbirlərimiz də ordadır. Hər zaman söyləyirik, bir dövlət, iki millət. Bunu elə belə söyləmirik. Ona görə də bilirəm ki, Türkiyədə baş verən acı hadisələrdən siz də təsirlənirsiz. Həmçinin də biz. İzmirdəki zəlzələdən dolayı da paylaşımlarınızı görürəm. Azərbaycan torpağına edilən müdaxilə, mənim üçün Türkiyə torpağına müdaxilə kimidir.
- Ermənilər cəbhə bölgəsini deyil, həm də mülki insanların yaşadığı əraziləri hədəf alır..Gəncə, Tərtər və Bərdəni..
- Bunu qəbul etmək mümkün deyil. Müharibəni də qayda-qanun çərçivəsində etmək lazımdır. Ordular nə edirlərsə edərlər, amma mülki insanları, ələlxsus da uşaqları, qadınları öldürmək olmaz.
- Bu günlərdə bir çox qardaş ölkə sənətçilərinin Azərbaycana dəstəyini görürük.
- Əlbəttə, elə də olmalıdır. Biz Azərbaycanı ayrı ölkə olaraq görmürük. Biz birlikdə olanda daha güclü oluruq. Azərbaycana nə vaxt gəlsəm o istiliyi hiss edirəm və şahidi oluram. Bu çox səmimi bir sevgidir.
- Hamı sizi ordumuzda könüllü cəbhəyə yollanmaq istəyinizdən danışır..
- Bu bir sual idi mənə verildi. Mən də cavabında bildirdim ki, əlbəttə ki, gedərəm, niyə getməyim ki? Sadəcə hər şey istəyə bağlı deyil, yaşım çoxdur, məni aparmazlar. Amma aparsalar könüllü gedərəm.
- Azərbaycanı bir kəlmə ilə necə təsvir edə bilərsiz?
- Azərbaycan bir kəlmə ilə təsvir edilməz. Azərbaycanı yaşamaq, insanını tanımaq, qonaqpərvərliyi görmək gərəkir. “Azərbaycan çox gözəl ölkədi” demək çox azic qalır. Onların sevgisini görmək gərəkir. Bütün azərbaycanlı qardaşlarımızın yanındayıq, necə ki, sizlər də bizim yanımızdasınız.

