Dağlıq Qarabağ: “Beynəlxalq hüquq təmin edildi”

6-01-2021, 06:06           
Dağlıq Qarabağ: “Beynəlxalq hüquq təmin edildi”

Le Courrier de l’Atlas, Fransa
04.01.2021

Müəllif: Yassir Guelzim

Azərbaycanla Ermənistan arasında döyüşlər 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edib. Tərəflər arasında döyüşlərin dayandırılmasına dair Rusiyanın himayəsi ilə əldə olunmuş razılaşmadan sonra, nəhayət, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sakitlik yaranıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirir ki, əslində bölgədə beynəlxalq hüquq təmin edilib.

- Dağlıq Qarabağda döyüşlər dayanıb. Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Bölgədə beynəlxalq hüququn prinsipləri və tarixi ədalət, nəhayət, bərpa edilib. Başqa sözlə, Ermənistan silahlı qüvvələri tərəfindən 1991-1994-cü illərdə işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və əraf 7 rayon (Azərbaycan ərazisinin 16%-i) azad edilib. Bu, beynəlxalq münasibətlərdə yaxın tarix üçün nadir hadisədir. İlk dəfədir ki, BMT üzvü beynəlxalq hüququ təkbaşına təmin edir. BMT Təhlükəsizlik Şurasının 1993-c ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, biz onların icrasını təmin etdik.

İndi yeni dövr başlayır: yaxınlarda işğaldan azad edilmiş torpaqların yenidən qurumasına start veriləcək. Ümid edirəm ki, bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması dövrü də başlayacaq. Hazırda biz bu məqsəddən xeyli uzağıq və bu, əlbəttə ki, asan olmayacaq. Çünki Ermənistan cəmiyyətində hələ də revanş hissi hökm sürür.

- Münaqişədə qaçqın və məcburi köçkün məsələsi də ön plana çıxır. Azərbaycan bu məsələdə hansı addımları atmağı planlaşdırır? Dağlıq Qarabağ ermənilərinin hüquqlarını necə təmin edəcəksiniz?

- Bölgənin işğalından sonra bizim şəhərlərimiz, kəndlərimiz, maddi mədəniyyət abidələrimiz, qəbiristanlıqlarımız dağıdılıb, yolların əksəriyyəti minalanıb. Odur ki, hüquqları 30 ilə yaxındır pozulan 750 min azərbaycanlı qaçqının öz torpaqlarına qayıdışı üçün genişmiqyaslı işlər görülməlidir. Qərbdə insan haqlarından danışmaq dəbdədir. Lakin azərbaycanlı qaçqınların pozulmuş hüquqları haqda çox az adam danışır.

Azərbaycanlı qaçqınların hüquqları tezliklə təmin olunacaq. Dağlıq Qarabağ ermənilərinə gəlincə, bizim bu məsələ ilə bağlı da mövqeyimiz aydındır. Onların statusu BMT Təhlükəsizlik Şurasının xüsusi qərarları ilə müəyyən edilib. Bu insanlar bizim vətəndaşlarımızdırlar. Azərbaycan Konstitusiyasına uyğun olaraq, ölkədə etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq bərabərliyini təmin edilir. Azərbaycan 1918-ci ildən tolerantlığın, dünyəviliyin hökm sürdüyü ölkədir. O, müsəlman dünyasında ilk parlamentli respublika olub. Tolerantlıq və dünyəvilik bizim qanımızdadır.

- Düşünmürsünüz ki, Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşıyır?

- Gəlin, faktlara olduğu kimi yanaşaq. Ermənistan tərəfinin bu münaqişədə nə tarixi, nə də hüquqi arqumenti var. O, problemi dinlərarası münaqişə kimi qələmə verməklə, Fransanın və Avropanın digər xristian ölkələrinin dəstəyini qazanmaq istəyir. Amma belə problem yoxdur. Biz haqq yolundayıq. Münaqişənin səbəbi Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi idi. Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri və çoxsaylı beynəlxalq təşkilatların qərarları da təsdiqləyir. Bu, hər şeydən əvvəl, siyasi məsələdir.

- Amma biz bu bölgədə ermənilərin çox olduğunu inkar edə bilmərik...

- Bunu inkar etmirik ki. Əksinə. Tarixə nəzər saldıqda görürük ki, Sovet İttifaqının dağılmasından əvvəl Azərbaycanın idarəçiliyində olmuş Dağlıq Qarabağ çoxmillətli, çoxkonfessiyalı bölgə olub. Münaqişənin əvvəlində – 1989-cu ildə aparılmış son siyahıyaalma zamanı bu bölgədə əhalinin 22%-nin azərbaycanlı, 74%-nin erməni olduğu üzə çıxmışdı. Bundan başqa, bölgədə 48 etnik və dini azlığın (müsəlman, yəhudi və xristian) nümayəndələri – ruslar, ukraynalılar, belaruslar, yəhudilər, bolqarlar, yunanlar, almanlar, polyaklar və sair yaşayıb. Onlar əhalinin 4%-ni təşkil edib. Lakin nədənsə media bu faktı unudur, rəsmi hesabatlarda da çox vaxt bu haqda heç nə deyilmir.

Beləliklə, müharibə vaxtı erməni separatçılar oradan bütün dini azlıqların nümayəndələrini qovub. Yəni, biz bu bölgənin hər zaman müxtəlifliyi qoruyan Azərbaycanın suverenliyindən çıxaraq, monoetnik Ermənistanın suverenliyi altına düşdüyünü görürük.

- Elə isə, kommunitarizmlə bağlı gedən diskussiyaları necə qiymətləndirirsiniz?

- Azərbaycan bu məsələdə Fransa üçün nümunə ola bilər. Biz kommunitarizmin bu səviyyədə olmadığı dünyəvi respublikayıq. Təəssüf ki, Fransada bəzi dairələr (senatorlar, deputatlar, merlər, jurnalistlər və s.) erməni icmasının maraqlarını Azərbaycan icmasının maraqlarından üstün tutur. Ən pisi isə odur ki, onlar müdafiə etdikləri bu ifrat “kommunitarizm”in beynəlxalq hüquqa və Fransa qanunvericiliyinə zidd olduğunu unudurlar. Bir daha təkrar edirəm ki, dünyəvi respublika olan Azərbaycan yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət olunmasını istəyir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Courrier de l’Atlas












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.