“Ora toy generallarını təyin edirlər…”

6-01-2021, 08:58           
“Ora toy generallarını təyin edirlər…”
“Bu halları professional qaydada işıqlandırmağımız, təklifləri ortaya qoymağımız, diqqətdən kənarda qalanları üzə çıxarmağımız, icra başçılarından hansılar ki, öz vəzifələrini, öhdəliklərini yerinə yetirmirlər onları üzə çıxarmağımız çox vacibdir”

Teref.az xəbər verir ki, bunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev deyib. A.Əliyev qazilərimizin problemi istiqamətində mediamızın çox böyük fədakarlıq göstərdiyini bildirib:

“Qazilərimizin problemlərindən biz də kifayət qədər yazmışıq. Bu halları professional qaydada işıqlandırmağımız, təklifləri ortaya qoymağımız, diqqətdən kənarda qalanları üzə çıxarmağımız, icra başçılarından hansılar ki, öz vəzifələrini, öhdəliklərini yerinə yetirmirlər, onları üzə çıxarmağımız çox vacibdir.

İkincisi, bu sonuncu ictimai nəzarət məsələləri ki, var idi, o məsələlərə bizim diqqətimizin, tələbimizin artması çox vacibdir. Baxmayaraq ki, bu mövzuda çox danışılır, ancaq ictimai nəzarətin təşkili olduqca aşağı dərəcədədir. Konkret faktlar da göstərir ki, bu nə dərəcədə rol oynaya bilər. Bununla bağlı mən də o məlumatları toplayırdım və istiqamətləri də göstərmişdim ki, nə etmək lazımdır. İndiyə qədər çox ağır vəziyyətdə və təcili köməyə ehtiyacı olan qazilərə köməyi məhz media təşkil edir. Pulundan tutmuş onların müalicəsinə qədər. Bilirsiniz ki, medianın bu məsələnin üstünə düşməsi nəticəsində evlə təmin olunanlar və müalicə olunan qazi və şəhid ailələrimiz az deyil. Bu problemin iki başı var.

Birincisi, maliyyə problemidir, ikincisi yardımın çatdırılması problemidir. Maliyyə problemi bizdə o qədər də ciddi deyil, yəni maliyyəmiz var. Həm dövlət tərəfindən ayrılan vəsaitlər, həm də ki, dövlət tərəfindən xüsusi fond yaradılıb və ora kifayət qədər məbləğ toplanılıb. Amma onun bölüşdürülməsi və nəzarət mexanizmi yoxdur. Yaradılan “Qarabağ Dirçəliş Fondu”nun ciddi ictimai nəzarət qurumu olmalıdır. Sonuncu fərman da onu göstərdi ki, Qarabağla bağlı yaradılan ictimai nəzarət fondunun adını ictimai nəzarət qurumu qoyurlar, amma ora toy generallarını təyin edirlər. Bunlar həmin rəsmi məmurlardır hansı ki, bu vəzifəni yerinə yetirməlidirlər və özləri-özlərinə nəzarət etməlidirlər. Bizim kifayət qədər ictimai fəallarımız, qurumlarımız, nümayəndələrimiz var ki, bu təşkilatda oturub bu mexanizmi çox sürətlə işlədə bilərlər.

Bu gün ürəkdən yardım etmək istəməyən və bu məsələni əhəmiyyətsiz hesab edən bir nəfər azərbaycanlı yoxdur. Deməli istəyimiz, pulumuz var, amma işi qura bilmirik, mexanizmimiz yoxdur. Tutaq ki, həmin o məmura, tənbələ, o korrupsionerə, bacarıqsıza bu işi görməyi və üstəlik özünün-özünə nəzarət etməsini tapşırırıq.

Əlbəttə, belə vəziyyətdə hər şey ortada qalacaq və narazılıq da hər tərəfdən olacaq. Ona görə hesab edirəm ki, bu gün bu sahədə nə qədər çatışmazlıqlarımız olsa da, mediadan fəal işləyən yoxdur. O heç olmasa bu problemləri üzə çıxarır və onda əl-ayağa düşürlər. Bizim diaspora təşkilatlarımız da canla-başla bu işlə məşğul olmaq istəyirlər, məşğul da olurlar. Amma bir də görürsən bir ailəyə, bir nəfərə yeddi yerdən kömək gəldi, bu biri tərəfdə yeddi nəfər köməksiz qaldı”. /Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.