“Tacir ustad sənətkardı, fəxri ad onun haqqıdır, amma o cür müraciəti qəbul etmirəm...”

15-01-2021, 09:57           
“Tacir ustad sənətkardı, fəxri ad onun haqqıdır, amma o cür müraciəti qəbul etmirəm...”
Moderator.az müğənni Səyyad Əlizadə ilə müsahibəni təqdim edir:

- Səyyad müəllim, 2020-ci ildə pandemiyayla mübarizə aparsaq da, həm də qələbə ili kimi yadda qaldı.

- Əlbəttə. 2020-ci ildə düzdü, çox çətinliklərimiz çox oldu. Amma bu bizim üçün hım də tarixi bir il oldu. 2020-ci il Azərbaycanın tarixində qızıl hərflərlə yazıldı. Bütün o çətinliklərin hamısını qələbəmiz yudu, apardı.

- İllərdir vətənpərvər ruhda mahnılar ifa edirsiniz, həmçinin bəstələyirsiniz. Yəqin ki, qələbəmizdən sonra bu mövzuda mahnılarınızın sayı daha da artmaqdadır...

- Vətənpərvərlik mövzuları mənim üçün həmişə aktualdır, bunu siz də bilirsiniz. Müharibə gedən günlərdən demək olar ki, 20-ə qədər vətənpərvər mahnılarım hazırlanıb və indi də onların üstündə iş gedir. Məsələn, Şuşa döyüşlərinə həsr olunmuş “Şuşa qartalları” mahnımız artıq hazırdı. Müharibə başlayan günün səhəri günü “Qarabağ Azərbaycandır!” mahnısını oxudum. Çünki ölkə başçımız bu sözü deyəndə artıq iyul ayından mahnını hazırlamışdım.

- Bildiyimiz qədəriylə 44 günlük müharibə dövründə həm də cəbhəyə gedib-gəlirdiniz...

- Əlbəttə. Bilirsiniz ki, mən özüm Füzuli rayonunda anadan olmuşam. Bir neçə dəfə getdim-gəldim və daha sonra ora getməyə icazə vermədilər. Bu isə təhlükəsizliyimizə görə idi. Ona görə biz də qaydalara uyğun olaraq gözlədik.

- Yəqin ki, əsgərlərimizin yanına gedəndə əliboş getməmisiniz...

- Belə şeyləri mən dilə gətirmirəm. Bəziləri gedib bunu çəkib paylaşır. Təbii ki, əsgərlərimizin yanına əliboş getməmişəm. İnsanın nəyə gücü çatırsa, alır aparır.

- Sənət dostunuz Rəmiş bir müddətdir xəstədir. Əlaqə saxlaya bilirsinizmi onunla?

- İndi pandemiyaya görə elə bir məqamdır ki, Rəmiş müəllimə baş çəkmək düzgün deyil. Ola bilər ki, virus daşıyıcısı olarsan və bunu ona da yoluxdurarsan. İnşallah yaxşı olacaq. Bizim ümumi dostlarımız var və onlarla əlaqə saxlayırıq. Mən dua edirəm ki, Rəmiş müəllim sağalsın. Allah xalqımızı bu bəladan xilas etsin.

- Bir neçə gün öncə müğənni Tacir Şahmalıoğlu fəxri ad almasıyla bağlı ölkə başçısına müraciət etdi. Sizin ümidiniz varmı ki, gələcəkdə bu istiqamətdə ədalətli addımlar atılsın?

- Əlbəttə. Biz torpaqlarımızı 30 ildən sonra haqq-ədalət qalib gəldiyi üçün işğaldan azad etdik. Düşünürəm ki, Tacir ustad sənətkardı, fəxri ad onun haqqıdır. Amma o cür müraciəti qəbul etmirəm. Hər halda sən sənətkarsan, bu hər kəsə bəllidir. İnallah düşünürəm ki, Tacir haqqı olan fəxri ada layiq görüləcək.

- Söhbət təkcə Tacir müəllimdən yox, elə sizdən gedir. 42 ildir sənətdəsiniz, amma fəxri ad almamısınız...

- Dediyim odur ki, bunun üçün qapılar döymək var, amma mən bunu etməmişəm. Həmişə vətənimlə, xalqımla bir olmuşam. Hamımız Ali Baş Komandanımızın ətrafındayıq. Amma bütün bunlar yuxarı təqdimat verənlərin səhvidir. Elə adamları təqdim edirlər ki, onların heç bir xidməti yoxdur. Tacir kimi sənətkarların yanında onların xidməti cüzidir. Ümid edirəm ki, haqq-ədalət öz yerin tapacaq.

- Əli Mirəliyev deyir ki, fəxri adları pulla satırlar. Sizə belə təklif olubmu?

- Adamın üstündə Allah var, belə şeyləri eşitməmişəm. Gözünlə görmək başqa, qulağınla eşitmək başqadır. Belə şeydə insan imanın yandıra bilməz. Mən bunu nə eşitməmişəm, nə də görməmişəm.

- Bəs o mənzərəyə baxanda olmazmı ki, imanınızı yandırasınız?

- (Gülür) Siz cavansınız, heç vaxt imanınızı yandırmayın. Ola bilər ki, fəxri adların verilməsində pul məsələsin deyə bilmərəm, amma şəxsi tanışlıqlar rol oynasın. Düşünürəm ki, xalqın sevdiyi, tanıdığı insanlar o adlardan kənarda qalmayacaq və belə söz-söhbətlər də olmayacaq. Ölkə başçımız yeni nazir təyin etdi və düşünürəm ki, bütün bu məsələlər həll edilər. Arzu edirəm ki, pandemiya bitsin və təzə il də xalqımıza, millətimizə düşərli olsun.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.