"Haqqımızı yeyirdilər, ona görə də cənab prezident onları vəzifədən azad etdi..."

18-01-2021, 09:15           
"Haqqımızı yeyirdilər, ona görə də cənab prezident onları vəzifədən azad etdi..."
Əməkdar artist Aliyə Ramazanova Moderator.az-ın suallarını cavablandırıb.

- Aliyə xanım, koronovirus pandemiyasından özünüzü necə qoruyursuz?

- Hamı kimi evdə otururam, pəncərələri açıb otağı havalandırıram. Bizim kimi yaşlı insanlar yüksək risk qrupuna daxildir. Ona görə də evdən çölə çıxmıram. Nəvələrim, nəticələrim də nadir hallarda qonaq gəlirlər. Daha çox telefonla əlaqə saxlayırıq.

- Hərəkət rəqqasəlik sənətinin ayrılmaz hissəsidir, indiki hərəkətsizlik sizi yormur ki?

- Mən heç vaxt özümü hərəkətsizliyə öyrəşdirməmişəm. Bu yaşda da efirlərdə oynayıram. Evin içində gəzirəm, bəzi idman və rəqs hərəkətlərini edirəm. Yorulanda da otururam. Bu məni yaşadır. Bir növ özümü məcbur edirəm buna.

- Teatrda çalışan sənətçilər çalışmasalar da aylıq əmək haqlarını alırlar. Bəs Aliyə Ramazanova necə dolanır?

- Kiçik təqaüdlə dolanıram. Allah uzun-ömür versin, bir də oğlum və nəvələrim mənə kömək edir. Amma 50 ildir qazandığım zəhmətin haqqını hələ mən heç vaxt görməmişəm. Mədəniyyət nazirliyinə də, prezidentə də, Mehriban xanıma da məktublar yazmışam, bəzən məktublar ünvanına çatmır. Fəaliyyətdə olduğum müddətdə 70-yə yaxın ölkədə qastrol səfərlərində, bölgələrimizdə olmuşam. Bu sənətlə bağlı xatirələrim və qastrol səfərlərim haqda 3 kitab ( “Rəqs Mələyi”, “Sönməyən ulduzlar” və “Aliyə Ramazanova 80”) yazmışam. Hansı rəqqasə indiyə qədər kitab yazıb? Məni kim yolda görür deyir ki, Aliyə xanım siz mənim müəlliməm olmusuz. O insanların 40-50 yaşları var. Gör nə qədər tələbələr yetişdirmişəm. Mən indi də sakit oturmuram, balaca bir qızla məşğulam, o da çox böyük uğurlar əldə edib. Bir tələbəm Moskvada İncəsənət Akademiyasında oxuyur. Ondan soruşublar ki, müəllimən kimdir səni bu cür peşəkar yetişdirib? Deyib ki, Aliyə Ramazanova.. Bu tələbəmə görə oradan mənə böyük bir fəxri fərman göndərmişdilər. Bu mənim sənətə, tamaşaçılarıma olan sevgimdir, amma çox təəssüf ki, ətrafda bunu görmürlər. Mən qapı-qapı gəzməyi bacarmıram. Keçmiş nazir Əbülfəs Qarayev mənə demişdi ki, Aliyə xanım bu yaxınlarda təqaüd alacaqsız, lap bu yaxınlarda.. Hanı? Heç nə olmadı! Nə “Xalq artisti” adı verildi, nə də təqaüd. Allah böyükdür, ədalətsiz işləyirdilər, haqqımızı yeyirdilər, ona görə də cənab prezident onları vəzifədən azad etdi. Bunu hamı bilir.

- Fevralın 7-də sizin 80 illik yubileyinizdir.. Hələ də ümidiniz varmı?

- Sözün düzü mənim artıq ümidlərim ölüb. Hər dəfə yazılır-pozulur, amma bir nəticəsi olmur. Qəzetlərdə də yazılmışdı ki, Aliyə xanıma qarşı niyə bu qədər haqsızlıq var? Mən sənətimdən deyil, bu diqqətsizlikdən sönmüşəm. 80 yaşım var, mənim halım yoxdur hansısa qapını döyüb, yalvarım. İnşallah ki, yeni Mədəniyyət Nazirimiz keçmiş nazirin yarımçıq qoyduğu bütün işləri tamamlayar.

- Bu dönəmlər bir çox sənətkarlar keçmiş nazirdən və ətrafındakı vəzifəlilərdən şikayətlənirlər..

- Bəli, nazirlikdə haqqı çatan insanlara qarşı nəzakətli davranmırdılar. Orada Sevil adlı bir xanım var, ona dedim ki, uzun illərdir məni aldadırsız ki, sizə həm “Xalq artisti”, həm də təqaüd veriləcək. Hanı bəs? Mənə dedi ki, Aliyə xanım, niyə bizdən istəyirsiz, Zakir Bağırovun (Keçmiş Mədəniyyət Naziri) vaxtında alardınız da.. Dedim ki, Zakir Bağırovun vaxtında belə şeylər yox idi! O çox yaxşı insan idi. Nəinki o, o vaxtkı nazirlər mənə çox dəyər verirdi..

- Keçən il seçkilərdə cənab prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdünüz. Orada yaxınlaşıb probleminizi demək şansınız oldu?

- Bu görüş həqiqətən də bir tarix idi. Mən cənab prezidenti Azərbaycanın günəşi, xanımı Mehriban Əliyevanı isə Azərbaycanın baharı adlandırırdım. Çox sevindim ki, mən bu ailə ilə görüşə bildim. Prezidentimizin atası, ulu öndər Heydər Əliyev də mədəniyyət xadimlərinə, sənətkarlara çox dəyər verirdi. İndi də onun yolunu oğlu İlham Əliyev davam etdirir. Mən hər il ona səs vermişəm və yenə də verəcəm.Mehriban xanım səs verib gələndən sonra məni qucaqladı. Xanıma dedim ki, mən uşaq evində böyümüşəm və ağrılı günlər yaşamışam. Buna baxmayaraq 50 ildir çalışıram və nə “Xalq artisti” , nə də təqaüdə layiq görülmüşəm. Mehriban xanım mənə dedi ki, sənin fəxri adın və təqaüdünlə şəxsən özüm məşğul olacaqam. Qısa müddətdən sonra Heydər Əliyev fondundan Fidan adında bir xanım mənə zəng edib dedi ki, ərizə yazıb gətirin. Elə də etdim. Daha sonra Mehriban xanımın köməkçisi Anar Ələkbərov mənə zəng edib dedi ki, biz ərizənizə baxacağıq, narahat olmayın. Daha sonra pandemiya və müharibə başladı, unuduldum. Cənab prezident torpaqlarımızı bizə qaytarmaqla bir daha Azərbaycan xalqının yanında olduğunu, bizlərə qayğısını, diqqətini göstərdi. Biz ona hər zaman minnətdarıq və bu hər zaman belə olacaq. Ona görə də biz bu gün bu çətin vəziyyətdə cənab prezidentdən heç nə istəyə bilmərik. Amma bu birbaşa Mədəniyyət Nazirliyinin səlahiyətində olan bir iş, bir təqdimatdır. Yenə də ümidim Allahadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.