Azərbaycan İsraillə ikitərəfli ticarət əlaqələrini genişləndirməyi planlaşdırır

24-04-2021, 07:32           
Azərbaycan İsraillə ikitərəfli ticarət əlaqələrini genişləndirməyi planlaşdırır

ISRAEL HAYOM, İsrail
23.04.2021

Müəllif: Din Şmuel Elmas

Bütün neft ölkələri kimi, Azərbaycan da öz iqtisadiyyatını şaxələndirməyə çalışır. Bunun fonunda koronavirus pandemiyası Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi həcminin azalmasına səbəb olub. Bu iki ölkə arasında ticarət dövriyyəsi ən yüksək həddinə 2019-cu ildə çatmışdı – 1,4 milyard dollar.

Gələn həftə İsrail-Azərbaycan Birgə Komissiyasının iclasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İsrailin xarici işlər naziri Qabi Aşkenazi ikitərəfli ticarət əlaqələrini müzakirə edəcəklər. Bu iclas ərəfəsində Mikayıl Cabbarov “Israel Hayom” nəşrinə eksklüziv müsahibə verib. “İsrail Azərbaycanın üçüncü böyük ixrac istiqaməti olaraq qalır. Heç kimə sirr deyil ki, ikitərəfli ticarətdə neft-qaz sahəsi mərkəzi yer tutur. Lakin şəxsən mən qarşılıqlı ticarət əlaqələrimizin daha da genişləndirilməsini istəyirəm”, - deyə nazir qeyd edib.

Bəs Bakı ticarət əlaqələrini hansı sahələrdə genişləndirməkdə maraqlıdır?

“Xüsusən turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində. Mən kibermüdafiə, təhsil, su ehtiyatları və səhiyyə sahəsində də əməkdaşlıq etməyimizi istərdim”, - deyə Mikayıl Cabbarov bildirir: “İsraildə turizm bürosu açmağa qərar vermişik. Bundan başqa, əsası 2019-cu ildə əsası qoyulmuş və qısa müddətdə effektini göstərən ikitərəfli iqtisadi əməkdaşlıq forumun fəaliyyətinə yenidən start verməkdə maraqlıyıq. Odur ki, İsraildə turizm bürosunun açılması vacib mesaj olacaq. Eyni zamanda, texnologiya sahəsində də İsrail ilə əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlıyıq”.

Ticarət əlaqələri necə genişləndiriləcək?

“Biz biznes sahəsini təşviq edə bilərik. Lakin bürokratik əngəlləri aradan qaldırmadan bunu etmək çətindir. Özəl sektorda iki ölkə arasında əlaqələr sürətlə möhkəmlənir. Eyni zamanda, gələn il İsraildə ticarət bürosu da açmağı planlaşdırırıq”, - deyə azərbaycanlı nazir bildirir.

- İsrail hökumətinin nazirləri ilə tez-tez əlaqə saxlayırsınızmı?

- Peşəkar səviyyədə tez-tez danışıqlar aparırıq. Bizim çox yaxşı əlaqələrimiz var. İsrailin Bakıdakı səfirliyi ilə də əməkdaşlıq səviyyəmiz əladır. Eyni zamanda, İsrailin müxtəlif nazirləri ilə davamlı əlaqələrimiz var.

- Azərbaycanın yəhudi icması ilə xüsusi əlaqələrini necə izah edərdiniz?

- Biz yüz illərdir ki, birgə yaşayırıq. Azərbaycanın dəyərləri hər dinə, hər etnik qrupa hörmət üzərində qurulub. Bunun sirri sadədir: biz hesab edirik ki, Azərbaycanda yaşayan hər bir etnik qrup cəmiyyətimizin bir hissəsidir. Bizim əlaqələrimiz birgə yaşadığımız tarixə, bir-birimizə zərər verməmək, bir-birimizə hörmət etmək, birlikdə əylənmək və böhranları birlikdə aradan qaldırmaq, dini bayramları qeyd etmək, istisnasız yan-yana döyüşmək kimi dəyərlərə əsaslanır. Azərbaycan nisbətən gənc ölkədir, lakin bizim qədim tariximiz var. Həqiqətən, Azərbaycan prezidenti İlham Əliyev ölkədəki bütün azlıqlar kimi, yəhudi icmasının da qayğısına qalır.

Bu il Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü, gələn il isə İsraillə əlaqələrinin 30 illiyini qeyd edəcək. Mənim vəzifəm hər zaman əlaqələrin yaxşılaşdırılmasına çalışmaqdır. Bu xüsusi ildə də bununla məşğul olacağam. Odur ki, biz İsraildə Azərbaycan ticarət bürosunu açmaq və əlaqələri daha da dərinləşdirmək üçün hər şey edəcəyik.

Mikayıl Cabbarov İsrailə həm şəxsi məqsədlərlə, həm də nazir vəzifəsində bir neçə dəfə səfər etdiyini xatırladır: “Hesab edirəm ki, İsrail müstəsna xüsusiyyətlərə malik ölkədir. Bu ölkədə təhsilə, araşdırmalara, çox çalışmağa böyük hörmətlə yanaşırlar. Orada düşüncə tərzi də fərqlidir və əhəmiyyətlidir. Məhz bu xüsusiyyətlər İsraili gənc dövlətdən keyfiyyətli iqtisadiyyata, yüksək ümumdaxili məhsula, geniş ali təhsilə malik dövlətə çevirib”.

İsrailin misli görünməmiş, bütün dünyanın təqdirini qazanmış vaksinasiya kampaniyası da Azərbaycan hökumətində dərin təəssürat yaradıb. “Biz tam əminik ki, Azərbaycan da İsrail kimi, uğurlu vaksinasiya kampaniyası həyata keçirəcək”, - deyə Azərbaycanın iqtisadiyyat naziri vurğulayıb.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISRAEL HAYOM
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.