ABŞ yenə “azad xalqlar formulu”nu ortaya atdı - inqilablar hazırlığı, yoxsa...

30-04-2021, 10:39           
ABŞ yenə “azad xalqlar formulu”nu ortaya atdı - inqilablar hazırlığı, yoxsa...
Ekspert: “Elə avtoritar dövlətlər var ki, onların olduğu kimi qalması ABŞ milli maraqlarına uyğundur, elələri də var ki...”

ABŞ demokratiyalar və avtokratiya arasında hazırkı mübarizəni “bu və ya digər ölkə üçün onlardan hansının daha faydalı olması” uğrunda yarış kimi görür, bu barədə jurnalistlərlə söhbətində Co Bayden administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

“... Avtoritar rejimlər iddia edirlər ki, onların idaretmə sistemi 21-ci əsrin çağırışlarına bizim demokratiyamızdan daha yaxşı uyğunlaşıb. İlk 100 gündə (Baydenin prezidentliyinin) biz bu fikrin yanlış olduğunu sübut edirik və demokratiyaların əvvəlki kimi irəlilədiyini nümayiş etdiririk”, - deyə “Turan”ın Vaşinqton müxbiri məmurdan sitat gətirir. Mənbə deyib ki, Bayden yaxın aylarda “azad dünya xalqlarının ortaq məqsədini yeniləmək üçün demokratiya uğrunda qlobal sammit keçirmək istəyir.

Baydenin “ABŞ geri qayıdır” bəyanatının bəzi konturları açılır. Bu, yeni administrasiyanın dünyada itirilmiş mövqelərini “yeni inqilablar”, “avtoritar hakimiyyətlər”, “xalqların hakimiyyəti” kimi bəzəmə sözlərlə qaytarmaq niyyətində olduğuna işarə edir. Yada salaq ki, demokrat Barak Obama hakimiyyəti Ukraynada Maydan hadisələri, Yaxın Şərqdə isə “ərəb baharı” kimi qan-qadalı dövrə təsadüf edib. Bayden administrasiyası da bu kursu bu və ya digər adla davam etdirmək istəyindədir. Yeni inqilablar dövrü geri qayıdırmı? Bu cür aqressiv siyasət Azərbaycana nə vəd edir?

AMİP sədrinin müavini, politoloq Elşən Mustafayev “Yeni Müsavat”a şərhində bildirdi ki, Bayden dönəmində ABŞ-ın avtoritar rejimlərə münasibətinin daha kəskin olacağı öncədən bəlli idi. Yəni Ağ Ev administrasiyasının nümayəndəsinin səsləndirdiyi fikirlər gözlənilməz deyil. Amma bir məsələ də var ki, AĞ Ev üçün avtoritar rejimlər də qruplara bölünüb. Onların bir hissəsi ilə əməkdaşlıqlar edilir, daxillərində olan problemlər görməzlikdən gəlinir və s.

Digər hissəni isə mütəmadi ittiham edir, sanksiyalar tətbiq edirlər, həmin hissədə inqilablara dəstək verirlər: “Kənardan buna ikili standart kimi qiymət vermək olar. Əslində isə bu, ABŞ üçün milli təhlükəsizlik strategiyasının tərkib hissəsidir. Böyük bir dövlət olaraq belə siyasətin aparılmasını normal qəbul etmək lazımdır. Çünki elə avtoritar dövlətlər var ki, onların olduğu kimi qalması ABŞ milli maraqlarına uyğundur. Elələri də var ki, milli təhlükəsizliklərinə təhdiddir. Bu təhdidləri yaradan səbəblər isə bir başqadır. Hazırda ABŞ üçün dünyadakı avtoritar rejimlər siyahısına Rusiya başçılıq edir. Sonrakı yeri isə İran tutur. Bu dövlətlərdən əlavə, ABŞ üçün problem yarada biləcək bir neçə dövlət, o cümlədən Cin və Şimali Koreya olsa da, Vaşinqton üçün yaxın dönəmdə əsas hədəf Rusiyadır. Məlumdur ki, Rusiya dünyada ən güclü avtoritar dövlətlərdəndir. Hər zaman belə dövlətlərin yanında istəyərək, yaxud istəməyərək daha kiçik avtoritar dövlətlər yer almağa məcburdur. Rusiyanın yanında olan, yaxud onu dəstəkləyən belə dövlətlər də avtomatik olaraq hədəfə çevriləcək”.

Ekspertin sözlərinə görə, hazırda gözlənilən odur ki, ABŞ Rusiyaya qarşı aparacağı mübarizədə onun yanında olan daha kiçik avtoritar dövlətləri Rusiyadan aralamağa cəhdlər edəcək, ya da paralel olaraq onlara da savaş açacaq və ilk olaraq həmin ölkələrdə müxtəlif vasitələrlə mövcud rejimlərin dəyişdirilməsinə çalışacaq.

Azərbaycana münasibətin necə olacağına gəlincə isə E.Mustafayevin qənaətincə, bu, bizim Rusiya ilə münasibətlərimizin səviyyəsindən asılı olacaq. Şimal qonşumuzdan nə qədər uzaq durmağı bacarsaq, bir o qədər təhlükəsiz zona yarada biləcəyik. Eyni zamanda ölkədə demokratik, siyasi və iqtisadi islahatların keçirilməsi vacib şərt olmalıdır: “Azərbaycan yaxın dövr üçün Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı, müttəfiqliyi maksimum səviyyəyə qaldırmalıdır. Bu gün ABŞ və Türkiyə arasında olan müəyyən soyuqluqlar müvəqqəti xarakterlidir və tezliklə öz həllini tapacaq. Bunda əsas maraqlı olan tərəf də məhz ABŞ-dır. Rusiyanın daha çox yanında duran tərəflər isə son dərəcə riskli, eyni zamanda təhlükəli bir oyunun içində qalacaqlar. Lakin bu, o anlama gəlməməlidir ki, Azərbaycan Rusiyadan tamamilə uzaqlaşmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.