“11-ci sinfi bitirənlər iki dəfə imtahan verməsin” - Deputatdan testlə bağlı TƏKLİF
5-03-2016, 20:48
“İmtahan sistemində subyektiv amillərdən istifadə edilməsinin tərəfdarı deyiləm”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şəmsəddin Hacıyev deyib. O qeyd edib ki, yaxın 1-2 il ərzində test sistemi ilə bağlı köklü dəyişiklər olmayacaq.
“Vahid imtahan sisteminə keçirilməklə bağlı ciddi söhbətlər gəzir. İmtahan prosesində subyektiv amillərin sıfıra endirilməsinin tərəfdarıyam. Bunun da yeganə yolu testdir. Və test də özünü insanlar arasında doğruldub. Yəni müsbət fikir oyanıb ki, imtahan prosesi şəffaf keçirilir, biliyin qiymətləndirilməsində kənar amillər olmur. Testlə bağlı gündəgün prosesdurlar zənginləşdirilir”.
Deputat qeyd edib ki, gələcəkdə testlə bağlı edilə biləcək yeganə dəyişiklik vahid imtahan sisteminə keçirilməsi ola bilər.
“Yəni şagird həm 11-ci sinfi bitirəndə, həm də ali məktəbə daxil olanda imtahan verməsin. Yalnız bir dəfə, 11-ci sinfi bitirəndə verdiyi test imtahanı ilə ali məktəbə də qəbul oluna bilsin”.