Azərbaycanın ən yaraşıqlı kişisi də seçimdən narazıdır: “Qəşəng qızlar başqaları idi, Fatimə, Leyla...” - MÜSAHİBƏ

15-10-2021, 20:08           
Azərbaycanın ən yaraşıqlı kişisi də seçimdən narazıdır:
1996-cı ildən etibarən hər il keçirilən "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin budəfəki final gecəsi “Arion” hotelində baş tutub.

Kastinqdən sonra 3 ay boyunca finala hazırlaşan iştirakçılar arasında münsiflər seçim ediblər.

Azərbaycanın ən gözəl qızı Milan Babayeva və ən yaraşıqlı oğlanı isə Tengiz Rüstəmxanlı olub.

Cebhe.info “Mister Azerbaijan-2021” Tengiz Rüstəmxanlı ilə müsahibəni təqdim edir.

24 yaşlı Tengiz Rüstəmxanlı 1997-ci il noyabrın 24-də doğulub. İdmanla məşğul olan Tengiz hazırda magistr təhsilini davam etdirir. Tengiz həm də gitara ifaçısıdır. Kitab oxumağı sevən həmsöhbətimiz ingilis, rus və türk dillərini bilir.

-Ən yaraşıqlı gənc olmaq necə hisdir?

-Bu gözəl bir hisdir. Ümumiyyətlə, mən bütün sahələrdə qalib olmağı sevirəm. Qalib olmaq məni gücləndirir, möhkəmləndirir, digər insanlardan fərqləndirir. Bu müsabiqədə qalib olandan sonra özümə inamım artıb. Mən bu fərqi çöldə olanda daha çox hiss edirəm.

-İxtisasınız nədir?

-Sabancı Universitetində “Beynəlxalq əlaqələr” fakültəsində bakalavr təhsili almışam. Bu il dövlət hesabına “İctimai siyasət və siyasi analiz” üzrə magist təhsili qazanmışam. Təhsilimi Moskvada davam etdirəcəm.

-Hazırda nə ilə məşğulsunuz?

-Hazırda təhsilimin ardınca Moskvaya getməyə hazırlaşıram. Boş vaxtlarda da öz hobbilərimlə - idman, gitara, kitab oxumaqla məşğul oluram.

-Müsabiqəyə qatılmaq fikri haradan yarandı?

-Aprel ayında Türkiyədə təhsilimi bitirdikdən sonra baxdım ki, mənim boş vaxtlarım yaranıb. Bu vaxtı dəyərləndirmək üçün bir kursa yazılmaq, özümü inkişaf etdirmək istəyirdim. Həmin vaxtda da bu müsabiqəni gördüm, tələbləri oxudum. Özünə inam, 1.75 m-dən yüksək boy, təhsil və mədəni davranış tələb olunurdu. Qatıldım və bir ay sonra finalçı oluğum haqqında cavab gəldi. Ondan sonra 3-4 ay məşqlərimiz oldu, sentyabr ayında da final gecəsi keçirildi və mən qalib oldum.

-Müsabiqədə özünüzə rəqib bildiyiniz insanlar vardı?

-Əslində, mənim bu sahədə dərin biliyim yox idi. İddiam da böyük deyildi. Sadəcə, vaxtımın səmərəli keçməsi üçün müraciət etmişdim. Təşkil olunan dərslərdə iştirak etdikdə fikir verdim ki, bu xüsusiyyətlərin çoxu məndə var. Amma düşünmürdüm ki, mən modelliklə məşğul ola bilərəm. İştirakçılar arasında modelliklə məşğul olan uşaqlar vardı ki, onlar çəkilişlərdə iştirak etmişdilər, müəyyən məsələlərdə təcrübəli idilər. Bir nəfəri isə orada daha çox fərqləndirirdilər. Bu, 16 yaşlı özbəkistanlı iştirakçı Azizbek idi. Təbii ki, o, görünüşü ilə digərlərindən fərqlənirdi. Amma elə oldu ki, biz dost olduq. Əslində, hamı bizi biri-birimizə rəqib görürdü.

-Dünyada gözəllik yarışının qaliblərinin sonradan film çəkilişlərinə aktyor kimi dəvət olunduqları təcrübəsi var. Sizdə bu sahəyə maraq necədir?

-Əgər ciddi filmlər - Azərbaycanın tarixini, Azərbaycanın dəyərlərini təmsil edən film olarsa, çəkilməyə həmişə hazıram. Mənim üçün maraqlı olar.

-Sosial şəbəkələrdə sizin bu titula layiq olub, olmamağınız haqqındakı rəylərə münasibətiniz necə olur?

-Rəy bildirmək azaddır, mən də azad fikri dəstəkləyirəm. Sadəcə, neqativ fikirlər bildirənlər, məncə, tələsiblər və məlumatsızdılar. Çünki mənim haqqımda məlumat toplamadan, hansı xüsusiyyətlərə sahib olduğumu bilmədən və digər fotolarımı görmədən neqativ fikirlər səsləndirmək düzgün deyil. Bunu başqası üçün də eyni cür fikirləşirəm. Bunun digər səbəbi də xəbər saytlarıdır. Reytinq xatirinə hər şey edərlər. Yaxud hansısa jurnalist mənim haqqımda araşdırma aparmadan danışır. Yaxşı jurnalist araşdırma aparmalıdır. Yaxşı jurnalistin hər hansı insanın görünüşü haqqında zarafat adıyla mühakimə yürütməsi düzgün deyil. Düşünürəm ki, sənə nifrət edənləri görməzdən gəlməlisən. Çünki nə qədər uğur qazanırsan qazan, nə qədər yaxşı olursan ol, sənə qarşı olan insanlar həmişə olacaqdır. Ona görə belə rəylər məni dayandırmaz və mənə təsir etməz.

-“Miss Azerbaijan 2021” - Milan Babayeva seçilib. Bu seçimə insanların münasibəti birmənalı deyil. Siz necə onu ən gözəl qız hesab edirsiniz?

-Milan haqqında daha pis fikirlər səsləndirildi. Xüsusilə təbiiliyin olmaması iddia edilirdi. Əslində, haqlıdırlar da, çünki təbiilik yox idi. Amma Milan əsas ona görə dəyərləndirilməmişdi. “Instagram” fəaliyyəti, jurnal, reklam çəkilişləri münsiflər tərəfindən dəyərləndirilib. Əlbəttə, müsabiqədə daha gözəl, təbii qızlar var idi. Mənim zövqümə görə də müsabiqədə qəşəng qızlar başqa qızlar idi. Birinciliyə Fatimə və Leyla Şərifi layiq bilirdim. Böyük ehtimalla, onların geniş fəaliyyəti və kütləsi olmadığı üçün seçilmədilər. Milan seçildi.

-Kitab oxumaqla aranız necədir, kimləri oxuyursunuz?

-Kitab oxumaqla aram həmişə yaxşı olub. Bu da atamın sayəsində belə alınıb. Uşaqlıqdan kitabların ətrafında olmuşam, atam Şahbaz Xuduoğluna kitab yarmarkalarında, parklarda, küçələrdə, universitetlərdə kitab satışında yardım eləməyə çalışmışam. Satanda da çalışmışam ki, satdığım kitabları oxuyum ki, həm özüm məlumatlanım, həm də alıcıları məlumatlandırım. Əsasən, kitabları ingilicə oxuyuram və daha çox özünü inkişaf kitablarını mütaliə edirəm. Hazırda oxuduğum kitab Simon Sidekin “Liderlər ən sonda yeyirlər” kitabıdır. Napoleon Hill, Antoni Robins, İsak Pintoseviç və digər özünüinkişaf sahəsində yazan müəllifləri daimi oxuyuram.

-Bir neçə mahnınız gənclər arasında məşhur olub? Bu sahədə planlarınız nədir?

-Həmişə maraqlarımı geniş tuturam. Yeni şeylər, yeni vərdişlər öyrənməyi xoşlayıram. Sadəcə, gitarada yox, türk sazında da ifa edirəm. Musiqi mənim üçün həmişə hobbi olaraq qalacaq. Dostlar və ailə məclislərində ifa edirəm. Bu, mənim üçün də xoş olur, onlar üçün də. Mahnıları arada “YouTube” kanalıma yükləyirəm ki, həm orada qalsın, həm də ordan digər musiqi kanalları paylaşır. Bu da mənim üçün xoşdur. Xoş olduğu üçün istəyirəm ki, həmişə də hobbi olaraq qalsın.

- Kimin barmaqlarının qapınızı döyməyini istərdiniz?

-Bu suala pozitiv və pessimist tərəfdən baxmaq olar. Mən pozitiv tərəfindən baxacam və kim qapımı döymək istəyirsə, buyursun. Mənim qapım hamıya açıqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.