“İstintaqın yazdıqlarını o demək deyil ki, məhkəmə götürüb təsdiq etməlidir” - Mövlam Şıxəliyevin mülklərini dandılar

20-01-2022, 10:05           
“İstintaqın yazdıqlarını o demək deyil ki, məhkəmə götürüb təsdiq etməlidir” -
Həbsdə olan general, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin vəkilləri Arzu Cavadovla Ceyhun Yusifov “Yeni Müsavat”a eksklüziv müsahibə verib. Vəkil Arzu Cavadov Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham olunan Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkmişlərin yalan danışdığını iddia edir:

- Hüseyn Səfərovun göstərdiyi obyektlər Mövlam Şıxəliyevin deyil. Deyir ki, Həsən Əliyev küçəsindəki obyektlər sıra ilə Mövlam Şıxəliyevindir. Gedin yoxlayın, əgər Mövlam Şıxəliyevindirsə, götürün. Deyir ki, Dubayda, Praqada restoranları var. Bunlar hamısı yalandır.

- Açıq elan edilən məhkəmə prosesinə mətbuat nümayəndələri buraxılmır. Bu məsələ ilə bağlı sizin fikirləriniz maraqlıdır.

- Jurnalistlərin məhkəmə prosesində iştirakı bizə də sərfəlidir. Çünki onlar özlərini ifşa edirlər. Həm şahidləri, həm də özləri özlərini ifşa edirlər. İstintaqda verdikləri ifadələrlə məhkəmədə verdikləri ifadələr uyğun gəlmir. Hamısı öyrədilmiş adamlardır!

- 32 zərərçəkəni nəzərdə tutursunuz?

- Bəli.

- 32 zərərçəkənin hamısı öyrədilmiş adamdır?

- Bəli, belə deyirəm, özü də məsuliyyətlə deyirəm.

- Şahidlərlə bağlı da eyni mövqedəsiniz?

- Bəli. Şahidlər kimdir ki, hamısı qohum-əqrəbalarıdır. Onlara təzyiqlər var.

- Kim təzyiq edir?

- Hüseyn Səfərov tərəfindən güclü təzyiqlər var. Həmin təzyiq hansı şəkildədir, bunu deyə bilmərəm. Amma təzyiqlər var. Ondan başqa danışan yoxdur.

- Zərərçəkən zərərçəkənlərə hansı şəkildə təzyiq göstərir?

- Gedib Mövlam Şıxəliyevə aid olmayan binaları, obyektləri necə göstərirsə, təzyiqləri də elə göstərir.

- Cinayət işi üzrə 32 zərərçəkən, 4 dünyasını dəyişən zərərçəkənin hüquqi varisi var. Bu şəxsləri zərərçəkən, zərərçəkənin hüquqi varisi kimi tanıyan prokurorluq orqanıdır. Demək istəyirsiz ki, prokurorluq orqanı bu şəxslərin iş üzrə statusunu müəyyən etməklə müdafiəçisi olduğunuz şəxsə təzyiq göstərir?

- Təqsirsizlik prezumpsiyası var. Heç bir vətəndaş günahsız olmayaraq məsuliyyətə cəlb edilə bilməz. Günahı olan vətəndaş da məsuliyyətdən kənar qala bilməz. Məhkəmə hökmü olmayınca, şəxs günahkar sayılmır. Siz isə məhkəmə hökmü olmadan, araşdırma aparılmadan bu insanı reklam edirsiz.

- Kimi nəzərdə tutursuz?

- Mətbuatı. Mətbuat qeyri-obyektiv məlumatlar yayır.

- Xahiş edirəm konkretləşdirin, hansı məlumatlardan söhbət gedir?

- İndiyə qədər nə yazılıbsa, hamısı qeyri-obyektivdir.

- Zəhmət olmasa, konkret fakta istinad edin. Mətbuat cinayət işi üzrə təqsirləndirilən, onların özlərinin və vəkillərinin, zərərçəkənlər, onların vəkillərinin fikirlərini yayıb, ittiham aktında yazılanlara istinad edib.

- İttiham aktında yazılanlar hələ məhkəmədə sübut olunmalıdır. Məhkəmə də bunun üçün qurulub ki, ittiham aktında yazılanlar sübut olunsun və ya təkzib edilsin. Məhkəmə istintaqı onun üçündür ki, yenidən araşdırılsın, əgər bu adamın günahı varsa, cəzasını versin. Yoxdursa, bəraət verilsin.

- Bu günə qədər 4 zərərçəkən sərbəst ifadə verib, onların şahidləri ifadə verib dindiriliblər. İfadələrdə elə faktlara, sübutlara istinad edilir ki, ittihamın əsassız olduğu fikri formalaşmır.

- Deyə bilərəm ki, şahidlərin də, zərərçəkənlərin də ifadələri əsaslı deyil. Mövlam Şıxəliyevə qarşı əsaslı deyil.

- Mövlam Şıxəliyevin həbsə alınması üçün əsaslar olubmu?

- Xeyr, əsas olmayıb.

- Fikrinizi necə əsaslandırırsız?

- Orada göstərilənlər qərəzli xarakter daşıyır.

- İttiham aktını, bildiyimiz kimi, prokurorluq tərtib edib, təsdiqləyib. Sözlərinizdən belə çıxır ki, prokurorluq orqanı Mövlam Şıxəliyevə qarşı qərəzlidir?

- Deyirəm ki, məhkəmə istintaqı, əsas kimi məhkəmə istintaqı götürülür. Məhkəmə nə üçündür? Araşdırıb obyektiv qərar çıxarsın. İstintaqın yazdıqlarını o demək deyil ki, məhkəmə götürüb təsdiq etməlidir. Qanuna görə, məhkəmə istintaqı prokurorluq orqanının apardığı istintaqdan üstündür. Hökm buradakı məhkəmə istintaqının nəticəsinə görə çıxarılacaq.

- Məhkəmənin gedişatından razısınızmı?

- Bəli, razıyıq. Məhkəmə obyektiv gedir. Hərtərəfli araşdırma gedir. Nəticəsi də qanuna, müvafiq olacaq. Çıxarılacaq hökm bizim üçün qəbuldur. Çünki dövlət adından çıxarılır.

- Məhkəmənin obyektiv getdiyini dediniz. İddia etdiyiniz kimi, məhkəmə obyektiv keçirilirsə, mətbuat nümayəndələri açıq məhkəmə prosesinə niyə buraxılmır?

- Bu mənim səlahiyyətimə aid məsələ deyil.

Mövlam Şıxəliyevin digər vəkili Ceyhun Yusifov da açıq keçirilən məhkəmə prosesinə mətbuat nümayəndələrinin buraxılmamasının səlahiyyətlərinə aid məsələ olmadığını dedi:

- Cinayət təqibinə məruz qalan tərəf bizik. Biz istəyirik ki, mətbuat nümayəndələri prosesdə iştirak etsinlər. Cəmiyyət də görsün ki, biz günahsızıq. Ona görə də jurnalistlərin iştirakını ən çox istəyən tərəf də bizik.

- Açıq keçirilən məhkəmə prosesinin faktiki olaraq qapalı keçirilməsi sizin maraqlarınıza toxunursa, bununla bağlı vəsatət qaldırıb jurnalistələrin məhkəmədə iştirakını tələb etmisinizmi?

- Bu, bizim səlahiyyətlərimizə aid məsələ deyil. Biz jurnalistlərin məhkəmədə iştirakına etiraz etmirik. Məhkəmə verdiyi qərar müzakirə edilmir.

- Hansı qərardan söhbət gedir? Məhkəmənin jurnalistlərin prosesdə iştirakının qarşısını alan qərarı da olub?

- Prosesin hansı qaydada keçirilməsini məhkəmə müəyyən edir.

- Jurnalistlərin məhkəmə prosesinə buraxılmaması ilə bağlı qərarı olub?

- Bu bizim fəaliyyətimizə aid məsələ deyil.

- Sizin müdafiə etdiyiniz şəxs məhkəmənin ictimaiyyət üçün açıq keçirilməsini istəyirmi?

- Hərbi Məhkəmənin mətbuat katibi deyiləm. Mənə konkret əməllə bağlı sual verin. Mətbuatın müdafiəsi ilə bağlı suallar verməyin.

- Məhkəmə açıq elan olunub, faktiki olaraq mətbuat, ictimaiyyət üçün qapalı keçirilirsə, ümumilikdə obyektivliyi şübhə altına düşür. Prosesdə cəmiyyətdən gizli qalması olan hansısa sirlər varmı?

- Əlavə suallara cavab verməkdən imtina edirəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.