"Ananı övladlarının gözü qarşısında zorlayırlar" - UKRAYNADA YAŞAYAN AZƏRBAYCANLI QADIN

7-04-2022, 16:30           
"Ananı övladlarının gözü qarşısında zorlayırlar" -
Müharibə şəraitinin indiki qeyri-müəyyənliyində gələcəklə bağlı proqnoz vermək çətin ola bilər. Cəbhə xəbərləri, diplomatik bəyanatlar, qaçqın düşmüş insanların iztirabları dərin emosiyalar yarada bilər. Artıq Rusiya-Ukryana müharibəsindən sorna kütləvi şəkildə insanların başqa ölkələrə getdiyini müşahidə edirik. Müharibə başlayan gündən Rusiya hərbi qüvvələri Ukraynanın əsas şəhərlərinə hücum edərək şəhərləri tanınmaz hala gətirib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata görə, 24 fevral - 26 mart tarixləri arasında Rusiya - Ukrayna müharibəsində 3 milyon 821 min 49 qaçqının qonşu ölkələrə keçdiyi bildirilib.

Həmçinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən martın 26-dək Rusiya - Ukrayna müharibəsində ən azı 1119 mülki şəxs həlak olub, 1790 mülki şəxs isə yaralanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib. Bundan sonra rusların Buça şəhərindəki qeyri-insani hərəkətləri, vəhşilikləri haqqında məlumatlar ortaya çıxıb. Məlum olub ki, rusiyalı hərbçilər Buçada dinc insanları öldürüb, zorlayıb, təhqir edib, işgəncə veriblər. Hətta ukraynalı qadınları kütləvi şəkildə zorlandığı da deyilir.

Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı bu ölkədən qaçqın axını başlayıb. Ölkəni tərk etməyə çalışanlar arasında Azərbaycan vətəndaşları da var. Onların bir qrupu Azərbayana, bir qrupu isə müxtəlif ölkələr gedib.

Həmsöhbətimiz uzun illər Ukraynada yaşayan soydaşımızdır. 35 ildir ki Ukraynanın Mariupol şəhərində yaşayan Rimma Həsənova Əflatun qızı "Hürriyyət"in əməkdaşının suallarını cavablandırıb:

Neçə ildir ki, Ukraynada yaşayırsız?

- Artıq 35 ildir ki, Ukraynada yaşayıram.

- Necə düşünürsüz, Rusiya-Ukrayna münasibətləri bundan sonra müsbətə doğru dəyişə bilər?

- Mənə elə gəlir ki, bir neçə ildən sonra onlar yenidən dostlaşacaqlar. Çünki ukraynalıların Rusiyada yaşayan çoxlu qohumları var. Əgər tarixi oxuyursunuzsa, o zaman görərsiniz ki, Rusiya ötən əsrlərdə Ukraynaya hücum edib və onlar həmişə kasıb ukraynalıları öldürüblər. Lakin uzun illərdən sonra yenidən dostlaşmağa başlayıblar. Rusiya prezidenti dəyişəndə ​​onlar mütləq dostluq etməyə başlayacaqlar. Lakin qohumları, bu müharibədə həlak olan ukraynalılar Rusiyanı heç vaxt bağışlamayacaqlar.

- Mariupolda yaşadığınızı deyirsiniz. Rus ordusu şəhərə daxil olanda siz və ailəniz də ordaydı?

- Bəli, mən Mariupoldanam. Ruslar ərazimizə daxil olanda mən və ailəm hələ də orada idik. Ruslar həyətə gəlib yemək lazım olub-olmadığını soruşdular. Dedilər ki, şəhərdən çıxmaq istəyən varsa, gedə bilər. Maşını və benzini olanlar dərhal oturub getdilər. Maşınımıza mərmi dəydi və dərhal oradan çıxa bilmədik, Mariupoldan çıxan insanları axtarmağa başladıq. Şəhəri tərk edən bir ailə tapmaq bizə qismət oldu, bizi də özləri ilə apardılar.

- Rus ordusu olduğunuz şəhərə daxil olanda sizə və digər insanlara qarşı zoraki hərəkətlər etdilər?

- Biz orada olanda ruslar bizə heç nə etmədilər. Amma Mariupoldan çıxa bilməyən dostlarımız dedilər ki, rus hərbçiləri mənzillərə soxularaq yemək, pul, qızıl, əşyalar oğurlamağa başlayıblar. Bəzi mənzillərdə hətta rus əsgərləri də yaşayırdı. Bizə dedilər ki, içkili olub qızları zorlayırlar, ərlərini öldürürlər, ananı övladlarının gözü qarşısında zorlayırlar. Onlar da mənzilimizə soxulmaq istəyirdilər, amma tanışlarımız onlara qapı açıb, hərbçilər ancaq orada qalan yeməkləri aparır, başqa heç nə götürmürdülər.

- Hazırda hansı şəhərdə yaşayırsız?

- Əvvəlcə Ukraynanın Çernivtsi şəhərində, evdə eyni ailə ilə yaşayırdıq. İndi Yunanıstana çatdıq. Müharibə bitəndə biz Ukraynaya qayıdacayıq.

- Ukrayna dövləti vətəndaşlara hansısa maddi yardımlar edirmi?

- İşini itirənlərə 6500 qrivna verilib. Və hər ay böyüklərə 2000, uşaqlara isə 3000 qrivna verəcəklər. Yemək, paltar da verirlər, iş tapmağa kömək edirlər, amma ev vermirlər. Özünüz mənzil axtarmalısınız. Hökümət bildirib ki, müharibə bitəndən sonra Ukraynanın istənilən şəhərində mənzillərini itirənlərə yenisi veriləcək.

- Artıq soydaşlarımız bir müddətdir ki Ukraynadan təxliyyə edilir. Bəs siz nə əcəb Ukraynanı tərk etməmisiz bu günə qədər?

- Çünki şəhərdən çıxa bilmirdik. Həm də Azərbaycana getmək istəmirik. Orda bizə kömək etməyəcəklər. Gedək orda acından ölək?...Həm də bizim millətin çoxusu ayrı ölkələrə gediblər. Ona görə ki, orda yaxşı yardımlar edilir.

- Sosaial şəbəkələrdə Buça və digər şəhərlərdə ukrayna mülki vətəndaşlarının qəddarcasına öldürülməsini əks etdirəm foto və videolar yayılıb. Hətta deyilir ki ukrayna qadınları kütləvi şəkildə rus əsgərləri tərəfindən zorlanıb. Bəs siz daha hansı faktları bilirsiniz?

- Bəli, öldürülən insanların çoxlu foto və videoları var. Mən ancaq internetdə zorlama haqqında oxumuşam. Mən belə zorlanan qızları tanımıram. Hətta on yaşlı qızların zorlandığını deyirlər. Bu haqda danışmağı xoşlamıram. Bunlar bunu edən insanlar deyil. Ukrayna ordusu onların hamısını öldürəcək.

- Azərbaycan da tarixin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını yaşayıb. Sizcə Buçada baş verənlə Xocalı soyqrımını xatırladır?

- Xocalıda məncə, Buçadan da pis qırğınlar olub.. Buçada Xocalıdakı qədər qırğınlar yaşanmayıb.

- Müharibə bitəndən sonra Ukraynada qalacaqsız, yoxsa yenə də ya başqa ölkədə yaşayacaqsınız?

- Müharibə bitəndən sonra mən Ukraynaya qayıdacağam. Çünki orada doğulub böyümüşəm. Ukraynada yaşamağa öyrəşmişəm. Amma bilirəm ki, mən Mariupola qayıda bilməyəcəm, çünki orada hələ həyat olmayacaq. Amma Mariupol yenidən qurulanda ora qayıdacağam. Hələlik Ukraynanın başqa şəhərində yaşayacağam.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.