Tofiq Zülfüqarov nəyin anonsunu verdi? - "Əsl uğurlar qabaqdadır”

8-04-2022, 19:15           
Tofiq Zülfüqarov nəyin anonsunu verdi? - "Əsl uğurlar qabaqdadır”
Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması və bölgədə proseslərin bundan sonrakı gedişi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da keçirilmiş görüşn nəticələrindən asılı olacaq.

Gərginliyin sülhlə əvəz edilməsi Paşinyanın verdiyi vədlərə nə qədər əməl etməsindən asılı olacaq. Brüssel görüşündən sonrakı vəziyyəti təhlil etmək və hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq üçün suallarımızı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırdı:

-Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə Brüsselddə keçirilən görüşündə konkret sahələr üzrə razılaşmaların olduğuna dair rəsmi açıqlama verilsə də, hər hansı sənəd imzalanmadı. Necə hesab edirsiniz, razılaşmalar olub, ya yox?

-Təəssüflər olsun ki, Ermənistan tərəfi həmişəki oyunlarını yenə davam etdirir. Yəni Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü prinsipləri qəbul etdiyinə dair görüntü yaratmaq istəyir. Ancaq axırda deyir ki, ümumən razıyam. Sonra da deyəcək ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Amma Qarabağın statusu məsələsi gərək həllini tapsın. Bu, Ermənistanın həmişə istifadə etdiyi taktikadır. Onlar sadəcə olaraq, görüntü yaratmaq istəyir. Guya ki, danışılar gedir, guya delimitasiya və demarkasiya prosesinə hazırdırlar. Amma danışıqlar başlayan kimi Qərbin, Fransanın, Minsk Qrupunun qarşısında məsələ qaldıracaqlar ki, gəlin, müzakirələrin məzmununu dəyişək.

-Deməli, istər sülh sazişinin imzalanması, istərsə də sərhədlərin müəyyənləşməsi barədə razılaşmalar Ermənistanın manipulyasiyasıdır. Yəni Ermənistan bu razılaşmadan sonra yayına bilər.

-Ermənistan deyəcək ki, mən ərazi bütövlüyü prinsipinə razıyam. Ancaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi Qarabağ mövzusu həll olunan paketə daxil edilsin.

-Brüsseldəki razılaşmaya uyğun olaraq, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılıb. Bu razılaşmaya uyğun olaraq, xarici işlər nazirlərinin görüşü baş tutatcaqmı?

-Mən hesab edirəm ki, Azərbaycan tərəfi məntiqə uyğun olaraq, sülh layihəsini irəli sürəcək. Ermənistan da deyəcək ki, bu layihənin üzərində danışıqlar aparmağa hazırıq. Amma danışıqlara hazır olmaq bu prinsipləri qəbul etmək demək deyil. Hətta ola bilsin ki, Ermənistan sülh sazişinə imza atsın, ancaq 2020-ci il 10 noyabr Bəyanatında olduğu kimi ona zidd əməllərini davam etdirsin. Ermənistan konkret öhdəliklər götürüb və indi onu yerinə yetirmək istəmir. İndi bildirirlər ki, biz öhdəlikləri belə görürük.

-Brüssel görüşünün nəticələrinə dair açıqlamada qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması qərara alınıb. Qeyd edək ki, müvafiq razılaşma ötən il noyabrn 26-da qəbul olunmuş “Soçi Bəyannaməsi”ndə də öz əksini tapmışdı. 2021-ci ilin sonunadək birgə komissiyanın çağırılması qərara alınsa da, Ermənistan bundan yayındı. Sizcə, komissiya fəaliyyətə başlayacaq, yoxsa yox?

-Delimitasiya və demarkasiya texniki prosesdir. Dünyada qəbul olunmuş təcrübəyə görə, dövlətlər bir-birinin ərazi bütövlüyünü qəbul etdikdən sonra sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirirlər. Bu isə texniki mövzudur. Məsələn, SSRİ ilə Çin arasında başlanan sərhəd mübahisəsi Sovet İttifaqının dağılmasından sonra Rusiya ilə davam edir. Yəni bu proses 70 ildir öz həllini tapmayıb. Yaxud Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına dair komissiyanın danışıqları 25 ildir davam edir. Bu mənada, danışıqlara razılıq vermək orada irəli sürülən prinsilərə razılıq vermək deyil. Bu, sadə məntiqdir. Sadəcə, dəyişiklik ondan ibarətdir ki, Azərbaycan Avropa İttifaqına sədrlik edən Fransanı milli və dövlət maraqlarımıza zidd olan “Minsk qrupu”, “status” ifadələrinin mətnə salınmamasına məcbur etdi. Ancaq bu o demək deyil ki, bu terminlər növbəti danışıqlarda mətndə olmayacaq.

- Sərhədlərin delimitasiyası və demarkasiyasına dair sonuncu razılaşma Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunub. Ancaq əvvəlki razılaşmalarda bu prosesin Rusiyanın məsləhətçi iştirakı ilə, yəni Moskvanın təqdim etdiyi xəritələr əsasında həyata keçiriləcək. Bu baxımdan, Rusiya Azərbaycan-Ermənistan sərhəddinin Qərbin vasitəçiliyi ilə müəyyənləşməsinə razı olacaqmı?

-Bu mövzu indiki vəziyyətdə bəlkə Rusiyanın yadına da düşmür. Sadəcə olaraq, vasitəçilik etməkdə məqsəd bu ölkələr üzərində hansısa təsirə malik olmaqdır. Həm Rusiya, həm də Fransa üçün sərhəd xəttinin 100 metr o tərəfdən, yoxsa buradan keçməsinin fərqi yoxdur. Onlara bölgədə öz iştirakını təsbit etmək lazmdır. Belə qarşıdurma isə bizim üçün faydalıdır. Onlar eyni mövqedə olarsa, bunu dəf etmək Azərbaycan üçün çətin olar. Ona görə də biz buna praktiki yanaşmalıyıq.

-“Hraparak” qəzeti yazır ki, Paşinyanın aprel ayının sonunda Moskvaya səfəri zamanı Rusiya Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünü təşkil edə bilər. Belə bir görüşün keçirilməsini gözləmək olarmı?

-Bəli, bu tamamilə realdır.

-O zaman Moskva görüşündən Azərbaycan üçün əlverişli bir razılaşmaya ümid etmək olarmı? Söhbət ilk növbədə Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasından gedir...

-Bu məsələdə danışıqlar olmamalıdır. Qərar qəbul olunub və o, yerinə yetirməlidir. Bunu danışıqlar predmetinə çevirmək taktiki baxımdan, zəiflik olar. Ona görə də biz silahlı birləşmələrin çıxarılmasını tələb etməliyik.

- Brüessel görüşünün nəticəsinə dair bəyanatda qeyd edilir ki, tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqləyiblər. Bu açıqlama Ermənistanın 10 noyabr Bəyanatının 4-cü bəndinə uyğun olaraq, silahlı birləşmələrini Azərbaycandan çıxaracağına razılığı kimi qəbul oluna bilərmi?

-Bəyəm 10 noyabr Bəyanatındakı öhdəlik bundan zəif idi? Təbii ki, yox. Sadəcə, biz bu məsələni təkidlə onların üzünə vurmuşuq. Belə olmasa, onlar yenə də bu öhdəliyin icrasından boyun qaçırar.

-Son zamanlar bölgədə bir-birini əvəz edən hərbi və diplomatik fəallıq fonunda prosesləri necə proqnozlaşdırırsız? Gərginlik artmaqda davam edəcək, yoxsa aparılan danışıqlar razılaşmalara ümid yaradır?

-Gərginliyin artması Qərblə Rusiyanın qarşıdurmasından asılıdır. Yəni Brüsseldə, yaxud Moskvada keçirilən hər hansı görüş problemləri nisbi şəkildə həll edə bilər. Türkiyənin də Rusiyaya təzyiqinin artması nəticəsində qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılacağını istisna etmirəm. Diplomatiya hansısa mərhələdə rol oynayır. Amma məsələni 2020-ci ildə həll edən Azərbaycan Ordusu olub. Ona görə də diplomatik uğurlar taktiki xarakter daşıyır. Əsl uğurlar qabaqdadır.//cebhe.info//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.