“Dərhal altı komandanı premyer-liqaya gətirə bilərik, amma...” - Elxan Məmmədov

10-04-2022, 00:03           
“Dərhal altı komandanı premyer-liqaya gətirə bilərik, amma...” - Elxan Məmmədov
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Şamaxı” - “Neftçi” (1:2) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Elxan Məmmədovun Football-plus.az-a müsahibəsini təqdim edirik:

- “Şamaxı”nın çempionatda iştirakı ilə fikirlərinizi bilmək maraqlı olardı...

- Gözəl andı. “Şamaxı” bu gün burda ilk oyununu keçirdi. Bizim strategiyamıza uyğun olaraq növbəti illərdə də premyer-liqada daha çox bölgə komandalarını görəcəksiz. Hazırda lisenziyalaşdırma prosesi gedir. Artıq müraciətlər gəlib. May ayında müvafiq qərar qəbul olunacaq. Bu günkü oyunda sevindirici hal odu ki, stadion dolu idi. Əminəm ki, növbəti oyunlarda da azarkeşlərin sayı çox olacaq.

- Oyunla bağlı fikirləriniz necədi?

- Maraqlı görüş keçdi, azarkeşlər qollar gördü. Sevindirici haldı ki, ev sahibi komanda ilk qolu vurdu. Bu, futboldu. Bölgəyə futbolun qayıtması xoş haldı. Əminəm ki, futbol coğrafiyası genişlənəcək.

- Lisenziyalaşdırma Komitəsinə hansı bölgələrin komandalarını müraciətləri daxil olub?

- Hazırda “Turan Tovuz” və “Kəpəz”in müraciəti daxil olub.

- “Zaqatala” bildirir ki, çempionatda yaxşı çıxış edirik, premyer-liqada oynamaq istəyirik...

- Hər klub müstəqildi və müraciət edə bilər. Lakin “Zaqatala” klubu müraciət etməyib.

- Müraciətlər çox olsa, komandaların sayı artırıla bilər?

- Strategiyamıza uyğun olaraq premyer-liqaya iki komandanın gəlməsini planlaşdırırıq. Nöbəti illərdə komandaların sayının artmasını düşünürük. Biz qeyri-peşəkar yanaşsaq, dərhal 6 komandanı premyer-liqaya gətirə bilərik. Amma bu, stabil olmayacaq. Ona görə də stabil şəkildə inkişaf edək.

- Növbəti mövsümdə premyer-liqaya yüksələn komandaların sayı ikidən az ola bilər?

- Təbii ki, risklər hər zaman böyükdü. Riskləri azaltmaq üçün katiblik bu işə baxır.

- “Misli” şirkəti ilə anlaşma nə yerdədi? Ramin müəllim dedi ki, bu işlərlə siz məşğul olursuz...

- Daim danışıqlar aparılır. Ümumi böyük bir layihə düşünürük. Bununla bağlı məlumat veriləcək. Hazırda əsas məqsədimiz növbəti mövüm premyer-liqada 10 komandanın olmasıdı. Futbolun İnkişafı Fondu da maksimum futbolumuza dəstək verəcək. Onlar yaxşı işlər görürlər.

- Deyilənə görə növbəti mövsüm şirkət tərəfindən bütün klublara 1-2 milyon arası pul ayrılacaq. Bu, nə dərcədə doğrudu?

-Bununla bağlı bir neçə il əvvəl də müxtəlif qurumlara layihə təklif etmişdik. Hazırda da davam etdirilir. Əvvəlcədən nəsə deməyim. İstəyirəm ki, müsbət cavablar alaq. Bundan sonra konkret nəsə deyə bilərik.

- Millinin qarşıdakı Millətlər Liqası oyunlarından nə gözləyirsiz?

- Təbii ki, hər oyunda 3 xal gözləyirəm. Təəssüf ki, yoldaşlıq oyunlarında komanda yaxşı oyun nümayiş etdirmədi. Rəsmi oyunlarda ancaq qələbə gözləyirik.

- De Byazi millinin üzvlərini xaraktersiz adlandırıb...

- Təbii ki, baş məşqçi öz fikrini sərbəst ifadə bilər. Çox söhbətlər oldu, amma sonra italyan dilində deyilənlər təkzib edildi. Video yayımlandı, orada təhqiredici nə isə görmədik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.