İmran Xan getdi, bundan sonra Türkiyə və Azərbaycana qarşı... - SENSASİON MÜSAHİBƏ

11-04-2022, 20:24           
İmran Xan getdi, bundan sonra Türkiyə və Azərbaycana qarşı... - SENSASİON MÜSAHİBƏ
Pakistanın Baş naziri İmran Xanın hakimiyyəti devrildi. Onu həbs etmək istəyən qüvvələr də artıq meydandadırlar. Buna baxmayaraq, xalq iki gündür ki, Pakistanın keçmiş hökumət başçısını hakimiyyətə gətirmək istəyir. Hətta bunun üçün milyonlarla insan küçələrə axışıb. İmran Xan onun hakimiyyətinə Qərbin, ABŞ-ın və bu qəbildən olan qütblərin “barmaq uzatdığını” iddia edirdi.

Bir qədər əvvəl isə Şahbaz Şərifin Pakistanın yeni baş naziri təyin olunduğu bildirildi. Şahbaz Şərif keçmiş baş nazir Nəvaz Şərifin kiçik qardaşıdır. O da qardaşı kimi Qərbyönümlü siyasət yürüdəcək. Ən azından ekspertlər belə düşünür.

Bəs Şahbaz Şərifin gəlişi Azərbaycan-Pakistan, Ankara-Bakı-İslamabad əlaqələrinə hansı formada təsir göstərəcək? Yüksələm xətt üzrə inkişaf edən hərbi əməkdaşlığımız zəifləyəcəkmi? Dia.az-ın məlumatına görə, politoloq Cümşüd Nuriyev Publika.az-a müsahibəsində söyləyib ki, Şahbaz Şərif Qərbin adamıdır və Türkiyəyə o qədər də isti münasibət bəsləmir.

- Cümşüd müəllim, Pakistanda nə baş verir? İmran Xan hakimiyyətdən getsə də, əhali onu hakimiyyətə geri qaytarmaq üçün kütləvi mitinqlərə başlayıb. Onun getməsində əsasən kimlər maraqlıdır?

- Əslində Pakistan xalqı baş nazir İmran Xanın getməsinə icazə vermədi. Amma parlament fərqli qərar çıxardı. Hazırda Pakistan parlamentində əsas səs çoxluğu amerikayönümlülərdədir. Bilirsiniz ki, Pakistanda marağı olan dövlət Böyük Britaniyadır. İngiltərə dünya siyasətində həmişə başqalarının əli ilə siyasət yürüdən dövlətdir. Hətta İngiltərənin bəzi nazirləri də Pakistan kökənlidir. Hətta Londonun meri də Pakistan mənşəlidir. Yəni İngiltərənin Pakistana təsiri böyükdür.

- İmran Xanın dili ilə desək, Birləşmiş Ştatlar Pakistanı niyə qarışdırmaq istəyir?

- Amerika Birləşmiş Ştatları 80 milyardlıq silah-sursatı Əfqanıstana təsadüfən buraxmamışdı. Onların planı bu silahlardan həm Rusiyaya, həm də İrana qarşı istifadə etmək idi. Birləşmiş Ştatlar 1997-ci ildə bir plan hazırlamışdı. Vaşinqton Əfqanıstanla sərhəddə Vəziristan adlı bir dövlət qurmaq istəyir. Həmin plana əsasən İran beş yerə parçalanmalıdır. Onlardan biri də Vəziristan adlı dövlət yaratmaq layihəsidir. Həmin plandan Pakistan da bir növ zərər çəkirdi. Çünki gələcəkdə Kəşmirin Pakistanda olan hissəsini də ondan alaraq “Vəziristan dövləti”nə birləşdirmək istəyirdilər. İmran xan bu planı pozdu. Ona görə də amerikalılar öz aləmində İmran Xanı cəzalandırmaq istədilər. Bundan başqa, bir nüvə silahına malik dövlət kimi Pakistanın Türkiyənin yanında olması NATO-nu, o cümlədən Birləşmiş Ştatları çox narahat elədi. Yəni ABŞ Türkiyənin yanında bir nüvə dövləti olmasını istəmir. Artıq Türkiyə birmənalı şəkildə türk dünyasının deyil, islam dünyasının liderinə çevrilir. Təbii ki, bu da islam dünyası ilə xristian aləminin qarşıdurması deməkdir. Bu da amerikalıların maraqlarına uyğun gəlmirdi. Burada da ən güclü halqa Pakistan idi. Ona görə də İslamabadı, daha dəqiq desək, İmran Xanı zərərsizləşdirməyə çalışdılar.

- Bəs Pakistanda son olaylar başlamasaydı, proseslərin axarı haraya istiqamətlənəcəkdi?

- Əgər bu proseslər Pakistanda başlamasaydı və İmran Xana xalqın dəstək mitinqi olmasaydı, növbə Türkiyənin idi. Yəqin ki, daha sonra Azərbaycana keçəcəkdilər. Bu, erməni-xristian dünyasının bir siyasətidir. Təbii ki, Azərbaycan və Türkiyə bu kimi məsələlərdə Rusiya ilə konfrantasiyaya getmədi. Bu məsələ də var: bilirsiniz ki, dünən İranın SEPAH adlı qurumu Türkiyə ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək üçün öz düşüncə tərzinə və səviyyəsinə uyğun video yayıblar. Onu Türk dünyasına tətbiq edirlər. Bunların heç biri təsadüfi deyil. Bunların hamısı düşünülmüş və ardıcıl həyata keçirilən bir siyasətdir.

- İmran Xan istefa verməyə bilərdimi?

- İmran Xan ona görə istefa verdi ki, ölkədə qarşıdurma olmasını istəmədi. Amma hazırda xalq onu müdafiə edir. Orada ingilislərin dəstəklədiyi Şahbaz Şərif adlı birini baş nazir qoymaq istəyirdilər. Amma hələ bu da alınmır. Bilirsiniz ki, İmran Xan dünyada tanınan məşhur idmançı olub. Həm ABŞ-da, həm də İngiltərədə yaşayıb. Yəni onların siyasətini kifayət qədər yaxşı bilir. Ona görə də onu zərərsizləşdirmək istəyirlər. Bu, Qərbin planıdır. Amma dediyim kimi, bunun Türkiyə və Azərbaycana çox ciddi ziyanları ola bilər. Çünki İmran Xan gedəndən sonra həmin halqa zəifləyəcək. Yəni Pakistanda onun yerinə gələcək adamın Türkiyəyə münasibətinin nə qədər isti olacağını deyə bilmirəm. Pakistanın əvvəlki rəhbəri Pərviz Müşərrəfin Türkiyəyə münasibəti çox yaxşı idi. Çünki o, Türkiyədə təhsil almışdı. Amma Nəvaz Şərif hakimiyyətə gələndən sonra bir az aranı qarışdırdı. Yeni gələcək baş nazirin nə edəcəyi bəlli deyil.

- Elə o da keçmiş baş nazir Nəvaz Şərifin qardaşıdır...

- Hə, deməli, bu şəxs də Türkiyə-Pakistan münasibətlərində müsbət rol oynamayacaq. O zaman yeni gələn baş nazir - əgər gələcəksə - ondan da pis olacaq. Pərviz Şərifi hakimiyyətə təsadüfi gətirmirlər. Ona görə də mən narahatam ki, Pərviz Şərifin gəlişindən sonra Azərbaycanla Türkiyənin üzərinə daha çox gələcəklər. Yəni bu üçlük halqasını qırmaq istəyirlər. Bunun nə dərəcədə alınacağını gələcək göstərəcək. Ola bilər ki, Pərviz Şərif Pakistan daxilində başqa bir xətt götürsün, belə olan halda onu da devirəcəklər. Çünki ötən müddət ərzində həm Türkiyəyə, həm də Pakistana qarşı xüsusi bir sevgi formalaşıb. 44 günlük Vətən Müharibəsində də biz bunu gördük. Biz o qədər də böyük dövlət deyilik ki, bu işlərdə həlledici rol oynayaq. Bu kimi məsələlərdə Türkiyənin müəyyən rolu ola bilər. Bizim ən böyük arzumuz odur ki, qardaş Pakistan dövləti Türkiyə ilə bizim yanımızda olsun.

- İmran Xan yenidən xalqın təkidi ilə hakimiyyətə qayıda bilərmi?

- Ola bilər. Çünki Pakistanın kütlə psixologiyası çox güclüdür. Xalq ona edilən yaxşılığı heç zaman unutmur. İmran Xanın vaxtında Pakistan dünyaya açılmışdı. Dünyanın hesablaşdığı bir dövlət idi. İndoneziyadan sonra ən çox əhalisi olan müsəlman dövlətdir. Yanındakı Banqladeş də üçüncü müsəlman ölkəsidir. Pakistan heç də zəif dövlət deyil. Oraya Çin sülhməramlılarının gəlməsi də Amerikanın maraqlarına ziddir. Bu amilə də fikir vermək lazımdır ki, nə üçün sülhməramlılar Çindən gəldi, başqa yerdən gəlmədi?! Eyni zamanda, Əfqanıstandakı “Taliban” hakimiyyəti də İmran Xanı istəyir. Bu da maraqlı məqamlardandır.

- Şahbaz Şərifin baş nazir olduğu təqdirdə Türkiyə-Azərbaycan-Pakistan arasındakı mövcud hərbi əməkdaşlıq əlaqələri zəifləyəckmi? Yoxsa hərbi müstəvidən başqa digər bütün sahələrdə paralel zəifləmə görəcəyik?

- Hərbi əlaqələrin zəifləyəcəyinə inanmıram. Çünki Pakistanda həmişə siyasi hakimiyyət hərbi hakimiyyətdən ehtiyat edib. Orada hərbi hakimiyyət daha güclüdür. Təbii ki, Şahbaz Şərif gələndən sonra Pakistanın iqtisadi hakimiyyəti də zəifləyəcək. Əhalinin böyük hissəsi İmran Xanı istədiyinə görə ola bilər ki, vətəndaş itaətsizliyi də gündəmə gəlsin. Ona görə də Şahbaz Şərifin İslamabadın xarici siyasətində hər hansı böyük dəyişiklik eləməsi alınmayacaq. Hərbi sahədə onun eləmək istədikləri ümumiyyətlə, mümkün olmayacaq. Çünki onların Türkiyə ilə birgə fəaliyyət göstərdikləri istiqamətlər mövcuddur. Xüsusən də “Bayraktar”lar məsələsini burada vurğulamaq yerinə düşər. Ola bilər ki, siyasi sahədə müəyyən soyuqluq yaransın. İmran Xanı həbs eləsələr, öldürəcəklər. Əhali də buna imkan vermir. Bu, Qərbin sifarişidir. Pakistanda həbsxanada siyasilərin öldürülməsi adi hal alıb. Baxın, Qəddafini öldürdülər, amma heç nə dəyişmədi. Əksinə, Liviya daha pis günə qaldı. Üstəlik Pakistan xalqı başa düşür ki, xristian dünyasının islam dünyasına müəyyən diskriminasiyası var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.