“Oturub “pul üçün ssenari yazacam” deyə, nəsə yazsan, heç nə əldə edə bilməzsən” - deputat
27-07-2022, 10:23
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Azərbaycanfilm-100" adlı ssenari müsabiqəsinin qəbul mərhələsi başa çatıb. Kinostudiyanın 100 illiyi münasibətilə elan olunan müsabiqə ”Qarabağ" mövzusunda keçirilib. Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.
Qeyd edək ki, müsabiqəyə 60 müraciət daxil olub. Bu müraciətlərdən 7-si reqlamentə uyğun olmadığı üçün qəbul olunmayıb. Digər 53 ssenari isə Ekspert Şurasının müzakirəsinə həvalə olunub.
Qalibləri kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Ssenarilərin oxunması prosesi davam edir. Ekspert Şurasının artıq ilk müzakirəsi keçirilib. Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 000, 8 000 və 5 000 manat məbləğində mükafat veriləcək.
Qaliblərin adları avqustun 2-də Azərbaycan kinosu günündə elan olunacaq.
Maraqlıdır, bəs məşhurlardan kimlər müsabiqəyə qoşulub? Qarabağ qələbəsindən bəhs edən film ssenarisi üçün 10 min manat yetərlidirmi? Təqdim olunan ssenarilərin səviyyəsi kifayətdirmi? Teref.az-ın məlumatına görə, ekspert Şurasının üzvü, əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: ”Ssenarilərin oxunma mərhələsi hələ başa çatmayıb. Bu həftə komissiya üzvləri iki dəfə görüşəcəklər, daha sonra qərar veriləcək.
Ssenarilərin necə olmasına gəldikdə isə bu haqda hər hansı məlumat, şərh vermək qadağandır. Yalnız onu deyə bilərəm faciəvi bir şey yoxdur, ssenarilərin səviyyəsini normal qarşılamaq olar.
O ki qaldı Qarabağ qələbəsindən bəhs edən ən yaxşı ssenari üçün 10 min manat təyin olunmasına, bu məsələdə maddi ölçü olmamalıdır və bu məlum məsələdir. Rəqəmlər, maddiyyat məni o qədər də düşündürmür. “İstehsalat”, “təşkilat”, “islahat”, “maddiyyət” sözləri mənə o qədər də yaxın deyil. Rəqəmlər məni maraqlandırmır və buna görə də deyə bilməyəcəm ki, ssenariyə veriləcək pul az və ya çoxdur".
Ayaz Salayev şəxsən özü Qarabağ qələbəsi ilə bağlı ssenari təqdim etmədiyini dedi: “Lakin iyun ayında Qərbi Azərbaycanla bağlı tammetrajlı sənədli filmi bitirmişəm. Filmdə 1988-ci ildə azərbaycanlıların Ermənistandan necə qovulduqları əks olunur. Yəni Qarabağ müharibəsindən 2 il əvvəl baş verənləri göstərməyə çalışdım.
Bədii film çəkmək haqqında düşünürəm, amma bu, müharibə haqqında olmayacaq. Ümumiyyətlə, Qarabağ haqqında bədii film çəkmək böyük məsuliyyət tələb edir. Bu mövzuya yanaşma yolları çox çətindir. Təsəvvür edin, heç vaxt Qarabağı görməyən uşaqlar onun azadlığı uğrunda ölümə getdilər, şəhid oldular. Onlar müharibədən əvvəl bizim ətrafımızda idilər, hamımız onları ictimaiyyətdə, küçədə görmüşük, yanımızdan ötüblər. Bəlkə də küçədə onlardan hansınısa görəndə heç əhəmiyyət verməmişik, amma sonra onlar birdən-birə şəxsən özümü deyə bilərəm ki, məndən ruhən qat-qat yüksək oldular... “
“Milli kinomuzun hazırkı vəziyyətini necə dəyərləndirirsiz” sualına isə Ayaz Salayev bu cür cavab verdi: “Dəfələrlə bu haqda fikrimi bildirmişəm ki, kinonun vəziyyətini hansısa islahatlarla dəyişmək mümkün deyil. Kinonun vəziyyətini dəyişə bilən yalnız istedad, beyin və sənətkarlıqdır. Kinoya yeni sənətkarlar, ona mədəniyyətimizin bir hissəsi kimi yanaşan, çox yüksək səviyyəli, zamanı diqqətlə dəyərləndirən insanlar gəlməlidir. Kinomuzu yalnız bu amillər dəyişə bilər. Azərbaycanın 2 əsrlik acı taleyi var. Ölkəmizin mədəniyyəti, incəsənəti bu illər boyu Rusiyanın ideologiyasının təsiri altında inkişaf edir. Artıq 30 ildir ki, müstəqil dövlətik. Bu baxımdan artıq mədəniyyətimizə, incəsənətimizə, o cümlədən kinomuza əsl milli təfəkkürlü, milli ruhlu insanlar lazımdır, nəinki kepkalı, bığlı ”qədeşbalalar". Düşünürəm ki, Mirzə Fətəli Axundovdan əvvəlki dövrdə hansısa nöqtəyə qayıdıb, tamamilə başqa yolla getməliyik".
Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov isə bunları qeyd etdi: “Deyərdim ki, ssenari müsabiqəsi üçün 10 min manat Azərbaycan üçün hazırkı reallıqla böyük məbləğdir. Yəni bu, istehsalata buraxılmayan ssenari üçündür. Hətta deyərdim ki, bu günə qədər olan müsabiqələrdən ən yüksək qiymətdir”.
Millət vəkili, AYB-nin üzvü Aqil Abbas da mövzu ilə bağlı danışıb: “Həmin müsabiqəyə ssenari təqdim etməmişəm. Lakin bu haqda artıq ssenarim var.
Onu deyə bilərəm ki, müharibə hələ təzə bitib və bu haqda dərhal film çəksək, “multfilm” olar. Gərək ssenari oturuşsun. Ruslar İkinci Dünya müharibəsindən dərhal sonra filmlər çəkirdilər, o da demək olar ki, “multfilm” idi. İllər sonra möhtəşəm, sanballı filmlər ortaya çıxmağa başladı. Ssenari üçün 10 min manat təyin olunmasına gəldikdə, hesab edirəm ki, bu məsələdə maddiyyat deyil, mənəviyyat öz sözünü deməlidir. Yəni oturub “pul üçün ssenari yazacam” deyə nəsə yazsan, heç nə əldə edə bilməzsən. Doğrudur, pul vacib şeydir, amma birinci amil deyil".
Aqil Abbas qeyd etdi ki, hazırda keyfiyyətli ssenaristlərə ehtiyac var, bunun üçün də müəyyən kurslar təşkil edilməlidir: “Sovet dövründə ssenaristlər, rejissorlar Moskvaya gedib, orada kurslar keçir, təhsil alır, böyük məktəb keçirdilər. İndi həmin mühit yoxdur. Buna görə də müəyyən kurslar təşkil etmək, ssenaristlər üçün mühit yaratmaq lazımdır".