Azərbaycanlı müğənni: "Türkiyənin önəmli bəstəkarlarıyla bir sıradayam" — MÜSAHİBƏ
18-05-2016, 17:18
Gənc müğənni Aytac Vidadiqızı Ölkə.Az-ın suallarını cavablandırıb.
- Aytac, sanki bir ara boşluq oldu. Bunun da iki səbəbi ola bilər. Ya böyük bir layihəylə gəlirsiniz...
-Bu araları nəzərdə tutursunuz?
- Bəli.
-Bu aralar başım ailəmə qarışıb. İstənilən peşə sahibi ailə quranda sənətindən uzaqlaşır. İndi yenidən sənətimə vaxt ayırmaq istəyirəm. İndi yazdır, yaza və yaya aid mahnılar hazırlamışam. Adətən soyuq aylarda daha güclü işləyirəm.
- Bildirdiniz ki, ailənizə görə sənətdən uzaqlaşmışdınız. Yoldaşınız icazə vermirdi?
- İstər-istəməz yeni ailə quranda insanın başı ailəsinə qarışır, yeni düşüncələr yaranır. Qətiyyən sənətimdən uzaqlaşmıram, əksinə tamaşaçılara sürprizlərim olacaq. Türkiyədə də çox gözəl işlər görəcəyimə inanıram.
- Türkiyə şou biznesinə qatılmaq ideyası özünüzündür, yoxsa həyat yoldaşınızın?
- Bu ideyanı o mənim ağlıma saldı. Bəzi səbəblərə görə razılaşmaq istəmirdim. Bizim müğənnilərdən neçəsi gedib, heç nə alınmayıb geri qayıdıb. Mənim düşüncələrim tamamilə fərqlidir və ilk addımım mahnımla oldu, oranın Bəstəkarlar İttifaqına üzv oldum. Mənə çox isti münasibət göstərdilər. Bəlkə də yoldaşım Türkiyə vətəndaşı olduğuna görədir. Axı onlar bir az çox vətənpərvərdirlər. Amma halbuki burada mənə elə şərait yaratmamışdılar. Artıq Türkiyənin ən böyük bəstəkarlarının sırasındayam. Orada tədbirlər olanda, kiminsə yası olanda telefonuma mesaj gəlir, tədbirlərinə çağırırlar. Orada olmasam da, önəmli sayılıram. Bu da məni çox sevindirir.
- Azərbaycanı birdəfəlik tərk etmək fikriniz varmı?
- Orada yaşamağı düşünürəm, amma bura gəlib getmək şərtilə.
- Türkiyənin Bəstəkarlar İttifaqının üzvü olandan sonra türk sənətçilərin sizə müraciətlərinin sayı artıbmı?
- Aşkın Nur Yengi kimi tanınmış müğənni mənim mahnıma qulaq asıb, sifariş verdi ki, onun üçün də yazım. Heç vaxt belə olacağına inanmazdım. İndi məndən mahnı gözləyir. Mustafa Ceceliyə də mahnı verəcəyəm.
- Daha hansı türk sənətçilərdən təklif var?
- Bizim Sərdar Ortaça təklifimiz ola bilər. Çünki yoldaşımın dayısı Sərdarın prodüseridir. Dueti ancaq onunla düşünə bilərəm.
- Həmin dueti də özünüz yazmaq istəyirsiniz?
- Sərdar Ortaç özü də bəstəkar olduğu üçün o da yaza bilər.
- Azərbaycanlı müğənnilərdən sizə müraciət edib, mahnı istəyənlər olubmu?
- Təkliflər çoxdur, amma bəzi müğənnilərdə mahnılarım "yatıb".
- Məsələn kimlərdə?
- Demək istəmirəm. Balaca bir cümlə deyəndə də yozulur, daşım ağırdır.
- Siz o müğənnilərə pulla vermisiniz, yoxsa?
- Xahiş ediblər, yoldaşıq deyə, mən də mahnımı hədiyyə etmişəm.
- Yəqin ki, gələcəkdə bunu həm də biznes kimi düşünürsünüz.
- Burada inanmıram, çünki həvəsimi öldürüblər. Bir ara efirə öz mahnılarımla çıxdım, yaşlı və özlərini çoxbilmiş sayan bəzi sənətçilər dedilər ki, bəsdir öz mahnılarını oxudun, bəstəkarlara da müraciət et. Bəstəkarlara müraciət etdim, xalq mahnıları oxudum, onların təbirincə desək, səviyyəli işlər ortaya çıxardım, amma heç bir xeyri olmadı. Çünki burada qazanc ancaq toydan gəlir. Qara camaatın qulağına nə xoş gəlirsə, onu da sevirlər.
- İndi də toylara gedirsinizmi?
- Bəli, gedirəm. Amma indi toylar azalıb.
- Atanız Vidadi Bərdəlinin sizin müğənni olmağınıza münasibəti necə idi?
- Lap əvvəl istəmirdi, sonra razılaşdı, bir yerdə çıxışlarımız da oldu.
- Onun adı sizə kömək olurmu?
- Onun adı qazancımda daha çox kömək oldu. Nə qədər çörək qazanmışamsa, atamın adına görə qazanmışam.
- Atanızın sənət dostları sizə yetərincə dəstək oldumu?
- Yarıdan çoxu dəstək olmadı. Bizim evə gedib gələn adamlar var idi ki, dəstək vermədilər.
- Ən çox kimin dəstəyini hiss etdiniz?
- İlqar Muradov, Mənsum İbrahimov dəstək oldular.
- Atanızın yaxın dostlarından biri də Manaf Ağayev idi. O dəstək oldumu?
- Manaf müəllim atamla yaxın dost olublar.
- Nəsə ürəksiz danışdınız. Deyəsən gözlədiyiniz dəstəyi görməmisiniz?!
- (gülür) Nə deyim e mən?
- Öz ifanızda yeni mahnılar eşidəcəyikmi?
- Bəli, iki mahnım var. Biri ritmik özbək mahnısıdır, biri də türklərə xas qaynanaya həsr olunmuş mahnıdır.
- Qaynananıza həsr etmisiniz?
- (gülür) Hamı elə deyir, amma belə bir şey yoxdur. Hər iki mahnıya klip, yaxud videoçarx çəkdirmək istəyirəm.
- Azərbaycanda əksər efirlər pulludur...
- Türkiyədə Aydilge adında bir müğənni var, yoldaşım deyir, bu nə müğənnidir ki, radiolar onun mahnılarını davamlı şəkildə verirlər. Səsi də həddən artıq pisdir. İnana bilmirəm, onun mahnılarını davamlı şəkildə necə verə bilərlər. Bizdə televiziyalara, radiolara müraciət edəndə də konkret məbləğ deyirlər.
- Nə qədər istəyirlər?
- Hər qiymətə var, bilənlər bilir. Bizim camaat elə bilir ki, müğənnilər kef edirlər. Adi indi oturmuşuq, şəkil çəkdirim paylaşım, deyəcəklər ki, kefdəsiniz e. Amma bilmirlər ki, nə qədər əziyyət çəkirik. Toylarımız azalıb, 1000-1500-ə toya gedirik, üstünə o qədər də qoyub televiziyaya, radioya veririk. Şəxsən mənə sosial şəbəkə vasitəsilə xeyli sayda toy dəvətləri gəlib.
- Müğənni efirə tez-tez çıxanda deyirlər ki, sponsor tapıb. Sizdə bu mənada vəziyyət necədir?
- Sponsorum yoxdur. Toya gedəndə pulumu bir neçə yerə ayırıram. Ümumiyyətlə, pulumu planlı şəkildə xərcləyə bildiyim üçün, işlərimi yoluna qoya bilirəm. Siz dediyiniz təzə çıxan müğənnilərə aiddir. Onlara sponsor mütləqdir. Əziyyət çəkib, özlərini həlak etməsinlər, çox çətin sənətdir. Həvəsi olanlara da məsləhət görmürəm, girməsinlər bu işə (gülür).
- Türkiyəyə gedən sənətçilərimizin əksəriyyəti populyarlığın əsas yolunu oradakı yarışmalarda, xüsusən "O Səs Türkiyə"də iştirakda görürlər. Belə bir planınız vamı?
- Selami Şahin mənə öz bəstəsini vermişdi. O ərəfədə Türkiyəyə getmişdim. Həmin layihəyə qatılmaq istədim, dedi ki, nəbadə ora qatılma. Əgər burada iş görmək istəyirsənsə, yarışmaya qatılma. Dünya çapında yarışmaya qatılan müğənniyə bayağı, qeyri-ciddi, sənəti olmayan kimi baxırlar. Yarışmanı gözümdən saldı.
- Razılaşırsınızmı, bu layihənin Azərbaycandakı analoqu səs etibarilə daha güclü idi?
- Azərbaycanda olan səslər kimi səslər dünyada yoxdur. Musiqimiz çox zəngindir, heyif ki, qədrini bilməynlər var. Hansısa yarışmalarla iş bitmir, gənclərə dəstək olmaq lazımdır.
- Mahnılarınızın sözlərini də özünüz yazırsınız...
- Son iki-üç ildə sözlərini də özüm yazıram.
- Bəs hansı şairlərin şeirlərinə bəstələriniz var?
- Bəxtiyar Vahabzadədən, Nüsrət Kəsəmənlidən, bəzi cavan şairlərdən şeirlər götürmüşdüm. Mahnılarımın sayını bilmirəm. "Həyatdan tələbim" adlı mahnım var. İnanıram ki, gənclər çox bəyənəcəklər.
- Özünüz ifa edəcəksiniz, yoxsa hansısa həmkarınıza hədiyyə olacaq?
- Məndən yaxşı oxusa verərəm.
- Həyatdan tələbiniz nədir?
- (gülür) Bu nə sualdır? O mahnını çıxardaram, bilərsiniz. Orada ürəyimdən gələn sözlər var.