Vurğun Əyyub və Misir Mərdanovu Türkiyəyə göndərən sabiq nazir: - “Yerindən duran deyir ki...”

28-11-2022, 18:35           
Vurğun Əyyub və Misir Mərdanovu Türkiyəyə göndərən sabiq nazir: - “Yerindən duran deyir ki...”
Azərbaycanda test üsulu ilk dəfə olaraq 1992-ci ildə ali məktəblərə tələbə qəbulu prosesində, sonradan isə orta ixtisas məktəblərinə qəbulda tətbiq olunub.

Artıq uzun müddətdir ki, tələbə qəbulunda uğurlu addım sayılan bu üsulun tətbiqi bir sıra neqativ halların qarşısını aldı. Ancaq ötən müddət ərzində test üsulunun ölkədə tətbiqi ilə bağlı müxtəlif fikirlər səslənib və bu üsulun hazırlanmasında əsas kimin rolu olduğun dair müzakirələr səngimir.

Bugünlərdə isə millət vəkili Vahid Əhmədov belə bir fikir bildirib ki, Elçibəy hakimiyyətə gələndə iki ciddi məsələ qoyub: “Birincisi, rus ordusunun Azərbaycandan çıxarılması, ikincisi, qəbul imtahanlarında test üsulunun tətbiq olunması, çünki kasıb təbəqənin uşaqlarının təhsil almasına şərait yaradılması bu yolla mümkün idi. Rəhmətlik Vurğun Əyyub, Kamran İmanov və mən bu məsələ üzərində birlikdə işlədik”.

Qəbul imtahanlarının test üsulu ilə keçirilməsi və onun hazırlanmasında kimlərin rolu olub?

TEREF.AZ-ın məlumatına görə, sabiq təhsil naziri, professor Firudin Cəlilov Cebhe.info-ya bildirib ki, testi “tətbiq edənlərin” sayı minə çatıb:

“Hər yerindən duran deyir ki, testi mən gətirmişəm. Azərbaycanda ilk dəfə test imtahanlarını mən keçirmişəm. Həmin dövrdə 2 min tələbəni test imtahanından keçirib Türkiyəyə göndərmişəm. O dövrün adamları bunu yaxşı bilir. Bu proses iyun ayında baş verib. Həmin imtahanlardan 3 ay sonra ölkənin ali məktəblərinə test imtahanları tətbiq edilib. Ancaq testlə bağlı qaydaların hazırlanması mənim kabinetimdə olub. Mən o vaxtı Baş nazirin müavini idim. Orada rəhmətlik Vurğun Əyyub iştirak edirdi, Kamran İmanovu da mən gətirmişdim. Vurğun Əyyubdan sonra bir il Kamran İmanov rəhbərlik etdi. Həmin prosesdə ola bilər ki, mən olmayan ərəfədə Vahid bəy də iştirak etsin. Çünki o dövrdə mənim kabinetimdə 20-30 nəfər toplaşıb, qəbul qaydalarını hazırlayırdılar. O dövrdə Misir Mərdanov təhsil nazirinin müavini idi. Mən Vurğun Əyyub və Misir Mərdanovu Türkiyəyə göndərdim və gedib qəbulla bağlı sənədləri gətirdilər, onun üzərində işlədilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.