300 illik imperiya siyasəti bitir: Vaşinqtonda sülhlə bağlı razılıq olsa... - İLGİNC GƏLİŞMƏ

3-05-2023, 19:39           
300 illik imperiya siyasəti bitir:
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Cümşüd bəy, Vaşinqtonda Azərbaycan-Ermənistan Xarici İşlər nazirlərinin görüşü davam edir. Sizcə, indiki halda bu proseslər tərəfləri sülhə nə dərəcədə yaxınlaşdıra bilər?

- Əslində, bu prosesdə ABŞ-la Rusiya arasında olan nüfuz savaşı özünü daha qabarıq göstərir. Çünki Moskva Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin öz müstəvisində bağlanmasını istəyir. Bu baxımdan hazırda Vaşinqton danışıqlarının davam etməsi də Rusiyaya necə təsir edilməsi məsələsi ilə bağlıdır. Amma burada ermənilərin yanaşması da önəmlidir. Çünki onlar öz fikirlərini asanlıqla və tezliklə dəyişirlər. Ona görə də, ermənilərin sülh sazişində maraqlı olmaları o qədər də inandırıcı görünmür. Rusiya isə özünün Qafqaz siyasətinə uyğun Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil.

- Rusiyanın bu prosesə yanaşması necədir?

- Xarici işlər nazirləri öz ölkələrinə qayıtdıqdan sonra yenidən qarşılıqlı ittihamların başlaması da mümkündür. Erməni tərəfi növbəti dəfə Azərbaycanı bu və ya digər məsələlərdə ifttiham etməyə başlayacaq. Ona görə də, Vaşinqton danışıqlarından nikbin bir sonluq gözləntisi azdır. Çünki Rusiyanın tutduğu mövqe bunu deməyə əsas verir. Bu ölkə həmişə dağıdıcı mövqedə dayanıb. 300 ildir bu bölgə Rusiyanın dağıdıcı imperiya siyasətinin qurbanına çevrilib. Hələ də Rusiya bu regionu əlindən buraxmaq istəmir.

- Yəni siz iddia edirsiniz ki, Rusiya hazırkı mərhələdə sülhə imkan verməyəcək. Bu nə dərəcədə adekvat yanaşmadır?

- Bu reallıqdır. Ola bilsin erməni tərəfindən yenidən təxribatlar olsun. Hətta hərbi qarşıdurmanın olması ehtimalı da var. Ona görə də, hazırkı proseslərin gedişində başqa bir şey görünümr.

- Rusiya niyə sülh sazişinin imzalanmasını özü üçün təhlükəli gediş hesab etsin ki?

- Rusiya təşəbbüsü öz əlindən vermək istəmir. Bu ölkə həm də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı görünmür. Çünki sülh sazişinin imzalanması rus sülhmıramlılarının bu regionu tərk etməsi deməkdir. Eyni zamanda sülh regionun Rusiyanın və onun siyasi nəzarətindən çıxması ilə nəticələnə bilər. Rusiya ona görə də, maksimum dərəcədə çalışacaq ki, bu prosesə mane olsun.

- ABŞ-ın bu dərəcədə fəallığı fonunda hansı nəticə əldə edilə bilər?

- Əgər sülhə yaxın olsaq Azərbaycan bununla da Cənubi Qafqazın favorit dövlətinə çevriləcək. Eyni zamanda Azərbaycan yeni siyasi düzəndə vacib aktorlardan birinə çevrilmiş olacaq. Bu Azərbaycanın suverenliyinin tam təmin olunması deməkdir. Qarabağ məsələsi bu mənada tamamilə gündəmdən çıxacaq. Beləliklə, Azərbaycan 300 ildən sonra Rusiyanın imperiya siyasətindən qopmuş olacaq. Ona görə də, ABŞ-ın bu mənada fəallığının müsbət mənaları var.

- Ermənistan bir müddətə öncəyə qədər Qarabağda beynəlxalq müşahidəçilərin olması məsələsini ortaya atmışdı. İndiki mərhələdə bu formulun mahiyyətini necə şərh etmək olar. Erməni tərəfinin artıq bu iddialardan tamamilə imtina edəcəyi gözlənilirmi?

- Bu sözsüz ki, Azərbaycan üçün məqbul olan variant deyil. Avropa İttifaqının və digər beynəlxalq təşkilatların bu kimi missiyası ilə razılaşsaq gərək o zaman sərhədlərin qorumnası ilə bağlı Rusiya ilə də razılıq əldə edilsin. Bu da prosesdə balans yaratmaq üçün oluna bilər. Amma bu inandırıcı olan məsələ deyil. Azərbaycan isə öz daxilində olan məsələləri özü həll edir. Hazırkı mərhələdə isə Azərbaycan düzgün mövqe tutub. Biz Avropaya, Qərbə üstünlük vermirik. Ölkəmiz daha çox balanslaşdırılmış siyasət yürüdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.