Putinin Dərbənd səfərinin gizlinləri: Azərbaycana qarşı nə planlaşdırılır? – Müsahibə

4-07-2023, 11:39           
Putinin Dərbənd səfərinin gizlinləri:
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– “Vaqner” lideri Yevgeni Priqojinin qiyamı ətrafındakı müzakirələr bitmək bilmir. Siz bu haqda nə düşünürsünüz: nə baş verdi, bunda əsas hədəf nəydi, nə əldə olundu və Priqojinin daxildəki dəstəkçiləri kimlər idi?

– Əslində, Priqojinin bu addımı Rusiyada davam edən qiyamın yalnız görünən tərəfidir. Bu səbəbdən bunun ətrafındakı müzakirələr bitmir, çox güman ki, yaxın zamanda da bitməyəcək. Bu, Rusiyanın son 30 ilində baş vermiş ilk belə hadisədir. Vaxtilə – 1993-cü ildə Yeltsinə qarşı da qiyam olmuşdu. Həmin qiyam uğursuzluqla bitmişdi. 30 il sonra Rusiyada növbəti belə bir hadisə baş verir. Qiyamın əsas səbəblərindən biri kimi mən Rusiya hakimiyyətinin hərbi qanadı ilə Kreml arasındakı münaqişəni görürəm. Həmin münaqişənin Rusiyanın Ukraynaya təcavüzü nəticəsində dərinləşməsi son nəticədə hakimiyyət böhranına və qiyama səbəb oldu.

“Hakimiyyət böhranı” dedikdə qəribə səslənə bilər, çünki bunun görünən əlamətləri yoxdur. Əslində, diqqətlə baxdıqda bunun əlamətlərini görmək olar. Əvvəla, Rusiyanın hakim elitasında Putinin Ukraynaya hücum qərarından məmun olmayan xeyli insan var. Belələri daha çox Rusiyanın hərbi dairələrindədir. Çünki faktiki olaraq, Putinin başlatdığı savaşın hər mənada məsuliyyətinin böyük hissəsi hərbçilərin üzərinə düşdü.

Digər çevrələr də var. Məsələn, Rusiya oliqarxiyası ciddi beynəlxalq sanksiyalara məruz qaldı, onların bütün aktivlərinə, daşınar-daşınmaz əmlaklarına, mülklərinə həbslər qoyuldu. Nəticədə oliqarxlar uzun illər topladıqları sərvətləri itirmək təhlükəsi ilə üzləşdilər. Təbii ki, belə bir durumla üz-üzə qalanlar Putin hökumətindən məmnun ola bilməzlər. Digər yandan, Putinin özünün təşəbbüsü ilə yaradılmış “Vaqner”in müharibəyə qoşulması, az qala ordunu əvəzləmək iddiası bu böhranın yetişməsinə gətirib çıxardı. Dediyim kimi, bu, davam edən qiyamın yalnız görünən kiçik hissəsidir. Onun böyük hissəsi isə Putinin Ukraynaya təcavüz qərarından narazı olanların səfərbər olunaraq qiyama açıq və ya gizli dəstək verməsidir. Məhz belə bir dəstək sayəsində Priqojin çox rahatlıqla, 5-10 min əsgərlə az qala Moskvanı götürəcəkdi.

Düşünürəm ki, bütün qurumlarda dəstəkçilər vardı. İlk növbədə, Müdafiə Nazirliyində, Daxili Qoşunlarında (“Rosqvardiya”), o cümlədən digər silahlı qurumlarda, güc strukturlarında və Federal Təhlükəsizlik Xidmətində (FSB). Bütün bu qurumlardan sabotaj olmasaydı, Priqojin heç vaxt belə bir qiyamı törədə bilməzdi. Nəticədə Rusiyada siyasi böhran baş verdi.

– Qiyam Rusiyanın Ukraynadakı əməliyyatlarından artan narazılıq fonunda baş verdi. Hesab etmək olarmı ki, bu, belə səylərin başlanğıcıdır? Bu durumda Putini nə gözləyir?

– Əlbəttə, Rusiyanın Ukraynadakı uğursuzluğu cəmiyyətdə narazılıq yaradıb. Bu da qiyam vaxtı Putinə dəstəyin olmamasında göstərdi. Qiyamçıların ələ keçirdikləri Rostov Rusiyanın ən böyük şəhərlərindən biridir. Rostov Rusiyanın cənub şəhəridir, orada faktiki olaraq, əhali qiyamçılara dəstək verdi. Halbuki uzun illər Rusiya cəmiyyətinə və dünyaya başqa fikirlər çatdırılırdı. Guya Rusiya əhalisinin az qala 95 faizi Putin üçün ölümə getməyə hazırdır, onun siyasətini, hər addımını dəstəkləyirlər və sair. Amma qiyam tam fərqli mənzərəni ortaya çıxardı. Əlbəttə, bunun bir çox səbəbləri var. Bunlardan biri Rusiyada aparılan sosial-iqtisadi siyasətdir ki, bu, iflasa uğrayıb. Eyni zamanda, Rusiyadakı qanunsuzluq və özbaşnalıq, hakimiyyətin kriminallaşması, korrupsiya və sair.

Əlbəttə, insanları qıcıqlandıran əsas məsələ Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və onun fəsadlarıdır. Bunun nəticəsi idi ki, nəinki ayrı-ayrı dövlət qurumları tərəfindən, hətta cəmiyyətdən də qiyamçılara müqavimət olmadı.

Dediyim kimi, bu qiyam başlanğıcdır. Bu, zəncirvari proses kimi davam edə, daha ağır fəsadlarla müşayiət oluna bilər. Hətta vətəndaş müharibəsinə qədər getməsi mümkündür. Düzdür, vətəndaş müharibəsi elə də inandırıcı deyil. Çünki vətəndaş müharibəsi o halda baş verir ki, ölkədə ən azı iki tərəf olsun, bu tərəflərin də öz ideoloji platforması, silahlı qüvvələri və istinad nöqtələri olsun. İndi Rusiyada belə bir şey yoxdur. Rusiyada bütün resurslar hakimiyyətin əlində cəmləşib. Yəni xalqın – vətəndaşların bu prosesdə iştirakı qeyri-mümkündür. Bu mənada, qalan bütün hallar baş verə bilər. Məsələn, dövlət çevrilişi, hərbi qiyam, üsyan və sair.

Putini nə gözləməsinə gəlincə, məncə, onu nə gözləyirdisə, baş verdi. Putin de-fakto hakimiyyətini itirdi. Faktiki olaraq, Putin bu gün ingilis kralını xatırladır. O, real hakimiyyətə təsir vasitələrini itirdi. Bu, Putinin davranışında, digər rəsmilərin bəyanatlarında və dövlətin daxili siyasətində özünü göstərir. Putin artıq qiyamdan əvvəlki Putin deyil. Hazırda Putinin əlində əvvəlki hakimiyyət resurslarının heç 20-30 faizi də qalmayıb. Putin de-fakto hakimiyyəti itirib.

– Sizcə, Rusiyada mümkün iqtidar dəyişikliyi durumunda hakimiyyəti kimlər götürə bilər? Belə bir dəyişiklik Rusiyanın gələcək taleyini necə formalaşdıracaq? Məsələn, bu halda Rusiyanın qeyri-nüvə dövlətinə çevriləcəyini, bir sıra bölgələrində müstəqillik hərəkatlarının güclənəcəyini deyənlər var.

– İndiki məqamda Rusiyada hakimiyyətin açıq şəkildə götürülməsi baş verməyəcək. Məsələ budur ki, Rusiya bu gün hər tərəfdən beynəlxalq təzyiq və təcridlərə məruz qalır. Rusiya Ukraynada ciddi uğur qazana bilmir, daxilində ciddi problemlər yetişməkdədir. Belə bir durumda prezidentin hakimiyyətdən uzaqlaşdırılmasına heç kim getməyəcək. Bu da qeyri-qanuni, qeyri-konstutision və güc vasitəsilə mümkündür ki, buna gedəcəkləri inandırıcı görünmür. Düşünürəm ki, çevriliş saray çevrilişi şəklində və kabinetlərdə baş verəcək. Bu da artıq baş verib. İddia edirəm ki, artıq Putin hakimiyyətdən kənarlaşdırılıb. O, yalnız şəkil kimi qalın, dövləti idarə edənlər isə başqalarıdır. Burada iki qrupa üstünlük vermək olar. Bunlardan biri Putinin də daxil olduğu Kremldəki FSB oliqarxiya qrupudur. Bu gün həmin qrupun lideri kimi Nikolay Patruşev görünür. Digəri isə hərbi qanaddır, ordu rəhbərliyi, ilk növbədə də Baş Qərargah.

Belə bir durumda kimsə prezidentin dəyişdirilməsinə getməyəcək. Əslində, baş verəcək məğlubiyyətdə istər daxili, istər xarici siyasətdə, istərsə də Ukrayna savaşında bütün məsuliyyət hakimiyyəti götürəcək şəxsin üzərinə düşəcək. Ona görə də, ən əlverişlisi Putini dekorasiya kimi saxlayıb, sonda baş verəcək uğursuzluqların səbəbkarı kimi onu göstərməkdir.

Digər yandan, Putinin formal olaraq əvəzlənməsi mövcud sistemin sınması, bütün hakimiyyət arxitekturasının dağılması demək olacaq. Bu da uğursuzluğa aparan yoldur. Amma Putini səssizcə kənarlaşdırmaq, onu səlahiyyətsiz bir adam çevirmək, amma prezident kimi göstərmək və dövləti kölgədən idarə etmək – indiki məqamda belə bir model mümkündür. Əminəm ki, bu, artıq baş verib.

İndi Putinin açıq formada dəyişdirilməməsinin səbəblərindən biri də, ölkədə separatizmin baş qaldırmasının qarşısını almaqdır. Rusiya təkcə etnik yox, regional-iqtisadi amillər üzrə parçalana bilər.

Rusiyanın qeyri-nüvə dövlətinə çevrilməsi məsələsinə gəlincə, bu, inandırıcı deyil. Birincisi, Rusiyanın parçalanmasında Qərb ölkələri, dünya maraqlı deyil. Təsəvvür edin ki, Rusiyanın yerində 5 nüvə dövlətinə sahib dövlət yaranır. İndi gəl, bunların hər biri ilə danışıqlar apar, nüvə silahları ilə bağlı razılaşma əldə et. Buna görə də, düşünürəm ki, dünya Rusiyada mərkəzləşmiş hakimiyyətin qalmasında maraqlıdır. Amma istənilən halda, Rusiyada separatçı hərəkatların güclənməsi prosesi olacaq. Bu, zaman məsələsidir.

Əslində, Rusiyanın bir neçə regionunda nəzəri baxımdan müstəqillik hərəkatlarının yaranması mümkündür. Rusiyanın əksər etnik regionlarında etnik azlıqlar əhalinin çox cüzi hissəsini təşkil edir. Bir sıra regionları çıxmaq şərtilə. Məsələn, Tatarıstan, Dağıstan, Çeçenistan və digər Şimali Qafqaz respublikaları. Bu regionlarda ola bilər. Amma bunların milli azadlıq hərəkatlarına və ya Rusiyanın parçalanmasına qədər gedib çıxacağı inandırıcı görünmür.

– İndiki halda Rusiya daxilində artan gərginlik Ukraynadakı müharibənin gedişatına necə təsir göstərəcək? Artıq Ukrayna ordusunun uğurla irəliləməsi, əraziləri azad etməyə başlaması barədə məlumatlar gəlir.

– İstənilən halda daxildə sabitliyin pozulması müharibədə uğursuzluğa gətirib çıxarır. Azərbaycan 90-cı illərdə belə bir təcrübəni yaşayıb. Eləcə də Gürcüstan. Bu gün Rusiya həmin təcrübəni yaşaya bilər. Məhz müharibədə uğursuzluğun olmaması üçün iqtidar dəyişikliyini rəsmiləşdirmirlər. Bunu pərdə arxasında həll edirlər. Amma gözə görünməyən iqtidar dəyişikliyi də, Rusiyanın Ukraynada məğlub olacağı ehtimalının artmasına birmənalı təsir göstərəcək. Ukrayna və onun müttəfiqləri də çalışacaqlar ki, Rusiyanı məğlub etsinlər. Belə bir məğlubiyyət Rusiya daxilində sabitliyi bir qədər də pozacaq. Deməli, daxili siyasi sabitliyin pozulması məğlubiyyət ehtimalını artırır, məğlubiyyət də daxili siyasi stabilliyi pozur.

– Bizi maraqlandıran əsas məsələ bizim regionla bağlıdı. Rusiyanın uğursuz Ukrayna əməliyyatı və Kreml daxilindəki xaotik durum Ermənistan – Azərbaycan prosesinə necə təsir edəcək?

– İstənilən halda Rusiya daxilində sabitliyin pozulması regionumuza müsbət təsir göstərməyəcək. Bir çoxları düşünür ki, belə bir durum Cənubi Qafqaz, elə Mərkəzi Asiya üçün yeni imkanlar yaradacaq. Bu ehtimalı istisna etmirəm. Amma bu ehtimal olduqca azdır. Daha böyük ehtimal daxili sabitliyə nail olmaq üçün Rusiyanın yeni cəbhə açmasıdır. Bu istiqamətlərdən biri də Cənubi Qafqaz ola bilər. Biz görürük ki, Vaşinqton və Brüssel Ermənistan və Azərbaycan arasında sürətlə sülhün əldə olunmasına çalışır. Amma hələ də Rusiyanın bu prosesə təsiri yetərincədir. Bu səbəbdən də Rusiya danışıqlar prosesini pozmağa müvəffəq olur. Hər dəfə danışıqlar ərəfəsində və ya ondan sonra qarşıdurmalar baş verir, itkilər olur. Bu da sülh prosesinə mənfi təsir göstərir. Amma biz bundan daha pisi ilə üzləşə bilərik.

Daxili sabitliyini qorumaq və ya onu bərpa etmək istəyən Rusiya qonşularına qarşı yeni təcavüzlərə əl ata bilər. Bunlardan biri də Cənubi Qafqaz regionudur, bunu unutmamalıyıq. Hesab edirəm ki, buna görə də Azərbaycan və Ermənistan sülh prosesini sürətləndirməlidir. Heç olmasa, qısa müddətdə çərçivə sazişini imzalamlıyıq. Digər yandan, Azərbaycan şimal sərhədlərini gücləndirməlidir. Bu, sərhədlərin bağlanması ilə yox, sərhəd boyu silahlı qüvvələrin yerləşdirilməsi ilə özünü göstərməlidir. Çünki təxribat ehtimalı getdikcə artacaq. Putinin Dağıstana (Dərbənd) səfəri, guya onun turizm məsələlərini müzakirə etmək üçün bura gəlməsi, bölgədə Ramzan Kadırovla görüşməsi, görünür, təkcə daxili məsələlərlə bağlı deyil.

Əlbəttə, Putin Kadırovdan dəstək umur, eyni zamanda, həmin Kadırovdan və Putin dəstəkçisi olan digər silahlı, hərbiləşdirilmiş qüvvələrdən Cənubi Qafqaza qarşı təxribat törətməklə bir “xarici təhlükə” faktoru yaratmaq üçün istifadə edə bilərlər. Ona görə də düşünürəm ki, bu gün bu istiqamətdə daha diqqətli olmalıyıq./teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.