İrəvanda əsir saxlanılan əsgərin anası: - “Mənə dedilər ki, iyulun 13-də...”
7-07-2023, 17:52
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ayının 13-də Azərbaycan Ordusunun Ermənistanda əsir saxlanılan əsgəri Hüseyn Axundovla görüşəcək.
TEREF.AZ bildirir ki, bunu Cebhe.info-ya hərbçinin anası Şəlalə Axundova deyib. Şəlalə Axundova oğlunun onunla danışmasını tələb etdiyini bildirib:
“Bizə bu uşaqlarla bağlı məlumat verən yoxdur. Ancaq televizorun qarşısında oturub xəbərlərə baxıram. Əsəbimdən taqətim qalmayıb. Heç kim mənə məlumat vermədi ki, oğlunuza 20 il iş veriblər. Dövlət Təhlükəsizliyi Xidmətindən bildiriblər ki, narahat olmayın. Ayda bir dəfə yanına gedilir, ayın 13-də yazdığım məktubu verəcəklər. Mən də oğlumun mənimlə danışmasını tələb etmişəm”.
O bildirib ki, Azərbaycan Ordusunun əsirlikdə saxlanılan digər əsgəri Aqşin Bəbirov da ailəsi ilə danışıb:
“Ombudsman Səbinə Əliyeva onların ailələri ilə danışması üçün beynəlxalq qurumlara ərizə ilə müraciət etmişdi. Amma birini danışdırdılar, Hüseynin mənimlə danışmasına icazə vermədilər”.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.