ABŞ Qarabağda niyə Azərbaycanı müdafiə etdi? - Erməni politoloqdan maraqlı yanaşma

11-07-2023, 00:19           
ABŞ Qarabağda niyə Azərbaycanı müdafiə etdi? -
Politoloq Boris Novasardyan yerli mətbuata müsahibəsində ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı danışıqlar prosesində vasitəçiliyi və bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verib.

Siyasi ekspert ABŞ-ın Cənubi Qafqazdakı maraqlarının dəyişməsini zəruri edən səbəblərin Ermənistan-Azərbaycan münasibətlərinə və Qarabağdakı vəziyyətə təsirini belə izah edib:

-Cənab Navasardyan, ABŞ-ın Ermənistandakı səfirinin məlum rezonanslı bəyanatı nədən qaynaqlanır? Nə üçün ABŞ albanları etnik təmizləmədən xilas etmək üçün Kosovonun müstəqilliyini tanıdı... Qarabağda ermənilərin təhlükəsizliyinə isə yalnız ümid verir?

-İndiki vəziyyətdə Birləşmiş Ştatlar üçün hansı dövlətlərin münaqişə tərəfi olmasından daha çox Vaşinqtona münaqişənin necə həll edilməli olması vacibdir.

Düşünürəm ki, ABŞ-ın axtardığı budur. Kosovo məsələsində biz iki tərəf arasında qarşıdurma gördük ki, onlardan biri ABŞ-ın potensial müttəfiqi, digərini isə regional siyasətdə ABŞ-ın maraqlarına zidd olan istiqamətin təmsilçisi hesab edilirdi. Biz o vaxt Serbiyada baş verənləri və o zaman ABŞ-ın müdaxiləsini xatırlayırıq (NATO 1999-cu ildə Belqrad və Serbiyanın digər şəhərlərini bombalamışdı – red.). Qarabağ nizamlanmasına gəlincə, biz münaqişənin hər iki tərəfinin ABŞ-a yaxın olduğu tamamilə fərqli bir vəziyyətlə üzləşirik. Müvafiq olaraq, amerikalıların münaqişənin xeyrinə həll edilməli olduğu o qədər də qəti mövqeyi yoxdur. Konkret vəziyyətdən, qüvvələrin bölgüsündən asılı olaraq, ABŞ mümkün sülhə və vəziyyətin sabitləşməsinə gətirib çıxaracaq siyasət yürütməyə çalışır. 2020-ci ilin müharibəsinin nəticələrini və qüvvələrin hazırkı nisbətini nəzərə alaraq hesab edirəm ki, Vaşinqton bu barışığa nail olmağın yeganə yolunu Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini Azərbaycanın tərkibində təmin etməkdə görür.

-Maraqlıdır ki, Amerika səfirinin sözləri onun sələfi, o zaman Moskvada Amerika diplomatik missiyasının rəhbəri təyin edilmiş Lin Treysinin mövqeyi ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Xüsusilə, səfir Treysi 2021-ci ilin avqustunda jurnalistlərə bildirib ki, Qarabağ münaqişəsi həll olunmayıb, çünki Qarabağın statusu hələ müəyyən edilməyib. İndi ABŞ Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Vaşinqtonun mövqeyinin belə kəskin dəyişməsini necə izah edirsiniz?

- Düşünürəm ki, ilk növbədə Ermənistanın mövqeyində dəyişiklik var. Ermənistan-Azərbaycan münaqişəsi ətrafında gedən proseslər baxımından da faktiki olaraq dəyişikliklər mövcuddur. Burada ABŞ-ın bölgəmizdəki siyasətini müəyyən etmək üçün əlbəttə ki, Ukrayna müharibəsini, Rusiya amilini nəzərə almaq lazımdır. Ermənistanın mövqeyi isə 2020-ci il müharibəsindən sonra bir neçə dəfə dəyişib. Bu mövqedən asılı olaraq, ABŞ münaqişənin aradan qaldırılmasında öz rolunun müxtəlif variantlarını görürdü. 2021-ci ildə Ermənistan Qarabağ ərazilərinin (ən azı Hadrut rayonu və Şuşanın) “azad edilməsi”ni müdafiə edib və “xilas naminə ayrılma” prinsipini müdafiə edib. Bu, hakim qüvvənin, “Vətəndaş Müqavilə”sinin 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı proqramında öz əksini tapıb. İndi Ermənistan Bakının Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə əməl olunması müqabilində Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünün tanınmasının tərəfdarıdır. Bu baxımdan, biz həm də əsas vasitəçilərdən biri kimi ABŞ-ın davranışının transformasiyasını müşahidə edirik.

Müşfiq Abdulla
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.