Putin sözünü pozdu: Ərdoğanın cavabı gözlənilməz oldu – Müsahibə
11-07-2023, 11:27
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Teref.az olaraq onunla müsahibəni təqdim edirik.
- “Azov” alayının komandirləri Kiyevə qaytarıldıqdan sonra Moskva Ankaranı anlaşmanı pozmaqda ittiham etdi. Sizcə, Ankaranın bu gözlənilməz addımı nə ilə bağlıdır?
- Putin bundan əvvəl demişdi ki, mən taxıl sazişindən çıxıram. Ərdoğan da söz vermişdi ki, müharibə bitənə qədər “Azov” alayının komandirlərini Ukraynaya verməyəcəm, amma verdi. Yəni sən sözünü pozursansa, mən də sözümü pozuram. Sən hansı əməli edirsənsə, mən də o əməli edirəm, mənim nəyim səndən əskikdir?!
Bəs Ankaraya etirazı kim bildirdi? Peskov. Putindən səs çıxmadı. Əvəzində nə dedilər? Ərdoğan dedi ki, ola bilsin, Putin bir aydan sonra Türkiyəyə gəldi. Putinin Türkiyəyə gəlməsi onun üçün böyük hədiyyədir. Putin öz xalqına işarə verir ki, mənim təcrid olunmağım haqda fikirlər yanlışdır, görürsünüz, Türkiyə kimi hörmətli bir dövlətə gedirəm, amma məni həbs etmirlər, əllərimi qandallamırlar, Haaqaya təhvil vermirlər, yəni mənim həbsim barədə söz-söhbət boş şeydir. Bu səfər Putinə çox lazımdır.
“Azov” alayının komandirləri də cəhənnəm görüb-çıxmış adamlardır. Əsirlikdə olublar, əziliblər. Türkiyədə 11 ay müalicə alıblar, bərpa olunublar, indi öz ölkələrinə qayıdıblar. Düşünmürəm ki, təzədən əllərinə silah alıb döyüşməyə gedəcəklər.
- Bəs bu gəlişmələr Türkiyə-Rusiya əlaqələrinə necə təsir göstərəcək?
- Türkiyə-Rusiya münasibətləri belə xırda şeylərə görə gərginləşməz. Uşaq deyillər ki, xırda bir şeyə görə cırtqoz kimi əsəbləşib düşsünlər ortaya, əlaqələri pozsunlar. Türkiyə o boyda təyyarə vurmuşdu. Axırda nə oldu? Təzədən barışdılar. Bunlar xırda şeylərdir, sonra hər şey qaydasına düşür.
- Rusiya-Azərbaycan əlaqələrində də bir gərginlik hiss olunur. Rusiya rəsmisi Mariya Zaxarovanın Laçın yolu ilə bağlı ittihamına xarici işlər naziri Ceyhun Bayramov soyuqqanlı və tutarlı cavab verdi. Bu haqda nə düşünürsünüz?
- Bizim Rusiya ilə əlaqələrimiz həmişə gərgin olub. Amma bizim hakimiyyətin diplomatik məharəti ondan ibarətdir ki, heç vaxt münasibətləri həddindən artıq gərginləşməyə qoymur. Həmişə macal yeri qoyur ki, dil tapılsın. İndi də belə olacaq. Əlaqələrin bundan artıq gərginləşəcəyini düşünmürəm.
- Bəs indiki halda Rusiyanın açıq ittihamlarının və Laçın yolu ilə bağlı sərt çağırışları nə ilə bağlıdır?
- Su içsinlər, əsəbləri sakitləşəcək. Biz onların bu hədələrinə və təhdidlərinə fikir vermirik. Vəssalam!
- Xankəndi və ətrafı ilə bağlı son müzakirələr haqda necə düşünürsünüz? Ermənilər ehtiyat edirlər ki, Azərbaycan ordusu yeni antiterror əməliyyatlarına başlaya bilər.
- Başlaya bilər. Ona görə də, papaqlarını qarşılarına qoyub düşünsünlər və beynəlxalq hüquqa uyğun olaraq, bizim ərazimizdə yerləşən qanunsuz erməni hərbi birləşmələri davasız-şavasız, ölüm-itim olmadan çıxıb getsinlər. Biz bunu deyirik, onlardan əlavə bir şey istəmirik ki.
- Bəs məsələ bu şəkildə həllini tapacaqmı?
- Bu, tərəflərin mövqeyindən, xüsusən də Qərbin Ermənistana verdiyi məsləhətlərdən asılıdır. Əgər qətiyyətlə və sərt şəkildə Ermənistandan tələb etsələr ki, qanunsuz birləşmələrini çıxar, yoxsa vurub dağıdacaqlar, onda sakitcə çıxaracaqlar. Yox, görsə, xəstə cəmiyyət tələb edir ki, çıxarma, onda Paşinyan gözləyəcək ki, Azərbaycan ordusu vurub dağıtsın. Bundan sonra bir az qarğış edəcəklər, ağlayacaqlar, amma olana çarə yoxdur, barışacaqlar.
- Mümkün əməliyyatlara Rusiyanın təpkisi necə ola bilər? Zaxarova demişdi ki, yerdəki vəziyyətə uyğun davranacaqlar.
- Rusiya nə edə bilər?! Rusiya Ukraynada ilişib. Heç nə edə bilməz. Bölgədə onun qüvvəsi yoxdur, ikinci cəbhə açmaq təpəri də yoxdur. Ona indi ikinci cəbhə lazımdır? Ukrayna ordusunun hücumlarının qarşısını güclə alır. Yoxdur, əlavə gücləri yoxdur, heç nə edə bilməzlər.
- ABŞ-ın Ermənistandakı səfiri Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına dəstəyiyini bildirdi. ABŞ-ın bizi razı, erməniləri narazı salan bu açıqlaması nə ilə bağlıdır?
- Çox düzgün bəyanat və sözdür. Əsl diplomata yaraşan ağıllı bəyanatdır. Bəli, bizim məqsədimiz erməniləri qırmaq və öldürmək deyil. Bizim məqsədimiz sadəcə öz ərazi bütövlüyümüzü bərpa etməkdir, başqa niyyətimiz yoxdur.
- Sizcə, Ermənistan rəhbərliyinin istər bu məsələ, istərsə də sülh danışıqları ilə bağlı mövqeyi necədir?
- Onlar xəstə erməni cəmiyyətinin əsiridirlər. Təsəvvür edin ki, Ermənistanda mütəşəkkil, varlı, hakimiyyəti təzə itirmiş, amma mediada, iqtisadiyyatda, orduda, dövlət aparatında və təhlükəsizlik orqanlarında mövqeləri olan adamlar var ki, onlar Rusiyaya bağlıdırlar, Rusiyadan maaş alırlar, Rusiyanın casuslarıdır. Onlar erməni xalqının xamlığından yararlanaraq, manipulyasiya edə bilirlər. Buna görə də, düşünürəm ki, hər şey yavaş-yavaş qaydasına düşəcək.
- Yəni Paşinyan və komandası onlardan fərqli olaraq, sülh istəyir?
- Bəli, istəyir.