“Onlar İmam Hüseynə arvadı iranlı olduğuna görə yas saxlayırlar” - Elşad Miridən İLGİNC AÇIQLAMALAR
14-07-2023, 16:15
“Peyğəmbərimizin sağlığında 6 uşağı - 3 qızı və 3 oğlu vəfat edib. Bununla bağlı hansısa səhih, yalan, doğru, yaxud uydurma bir xəbər varmı ki, peyğəmbər özü həmin aylarda ölən uşaqları ilə əlaqədar şadlığın keçirilməsinə qadağa qoyub? Yaxud özü başqa tədbirlərin keçirilməsinin əleyhinə olub? Xeyr, bu barədə heç nə yoxdur. Əksini iddia edən varsa, buyursun”.
TEREF.AZ bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
O, Məhərrəmlik ayının gəlməsi ilə bağlı toyların və digər mərasimlərin keçirilməsi haqqında aparılan müzakirələrə münasibət bildirib.
Xatırladaq ki, hər il Məhərrəm ayı ərəfəsində Azərbaycanda bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur və bu barədə müxtəlif fikirlər səsləndirilir.
E. Miri xatırladıb ki, Məhəmməd peyğəmbərin (s.a.v.) yaşadığı dövrdə Qurani-Kərim anlayışı yekunlaşıb:
“Çünki peyğəmbər vəfat edəndən sonra Quran tam olaraq əlimizdə olub. Peyğəmbərin 632-ci ildəki vəfatından sonra 680-ci ildə olmuş bir hadisəni - Kərbəla hadisələrini İslamlaşdırıb təqdim etmək və həmin gün hansısa tədbir keçirib-keçirməmək nə dərəcədə doğrudur? Bunun İslama nə qədər aidiyyəti var?
Məsələnin digər tərəfinə baxaq. İkinci Qarabağ müharibəsində minlərlə gəncimiz şəhid oldu. Görəsən, həmin günlərdə İmam Hüseynə görə şadlıq keçirməyənlər bunu nəzərə aldılarmı? Bunu gündəmə gətirdilərmi? Təəssüflər olsun ki, xeyr. Burada söhbət İmam Hüseyndən getmir, çünki onun gözümüz, başımız üstdə yeri var. Amma faktiki olaraq, əgər İmam Hüseynə yas mərasimini keçirirsənsə, niyə İmam Həsənə, İmam Əliyə və digər İmamlara niyə keçirmirsən?”
“Burada bir sual işarəsi yaranır. Bəzi fars şovinistləri və yaxud başqaları bunu edirlər. Çünki İranın o dövrdəki supergüc dövləti olan Sasanilər imperiyasının ərəblər tərəfindən süquta uğradılmasından sonra sonuncu Sasani hökmdarı olan III Yezdəgirdin qızı Şəhrbanunun İmam Hüseynin arvadı olması faktı İmam Hüseynə yas saxlanılmasına gətirib çıxarıb.
Yoxsa bu məsələnin İslama heç bir aidiyyəti yoxdur. Bu, tarixdir. Tarixdə insanlar var ki, ata-babasının öldüyü günü toy belə ediblər, heç yadlarına da düşməyib. Ona görə də insanlarımız bu məsələdə dindən sui-istifadə edərək, məsələni başqa məcraya yönəldir”, - müsahibimiz vurğulayıb.