Bu, Qərbin Azərbaycanla bağlı planı idi - Siyami
18-07-2023, 11:38
Bədii-sənədli filmlərin müəllifi, güneyli rejissor Rza Siyaminin Kult.az-a müsahibəsi:
- Rza bəy, rejissor karyeranız və özünüz barədə danışardınız…
- 1990-cı ildə Tehran Universitetinin kinorejissorluq bölümünü bitirib, Savalan TV-də fəaliyyətə başlamışam. Bir çox qısametrajlı bədii və sənədli filmlər çəkirdim. Bu dövr SSRİ-nin dağılması ilə üst -üstə düşürdü. Bir çox insan Azərbaycanın müxtəlif rayonlarından Arazın bu tayına, bizimkilər də o taya axın edirdi. Qəribə günlər idi və qəribə duyğular yaşanırdı. O hadisələrin təsiri altında “Vüsal günləri” adlı ssenari yazaraq Savalan kanalına təqdim etdim. Kanal regional olduğu üçün tammetrajlı film çəkməyə imkanları yox idi. Ssenari 1945-46-ci illərdə Təbrizdə qurulan Pişəvəri hökumətinin çöküşündən sonra Arazın o tayana keçən bir şəxsin taleyindən bəhs edirdi. O, Sovet İttifaqı dağılandan sonra Ərdəbilə qayıdır, qarşılaşdığı olaylar isə filmin əsas mövzusunu təşkil edirdi.
- Deyəsən, həmin filmin baş rol ifaçısı da azərbaycanlı aktyordur…
- Elədir. Bu ssenarini çəkmək və filmin baş rolunun ifaçısını Azərbaycan Respublikasından seçmək məqsədi ilə 1997-ci ilin dekabr ayında birinci dəfə Bakıya gəldim. İlk tanışdığım şəxs isə köhnə dost deyə biləcəyim kinorejissor Ənvər Əbluc olur. Onunla birgə bir neçə aktyorla görüşdükdən sonra aktyor Həsən Məmmədovu seçməyə razılaşdıq. Həmin gündən mənim Azərbaycan kinosu ilə əlaqələrim yarandı. 1998-ci ilin fevralında Həsən müəllim çəkiliş üçün İrana gəldi. Tehran, Məşhəd, Ərdəbil, Astara və bir neçə kənddə çəkilişlər həyata keçirdik. Film o illərdə prokata çıxa bilməsə də, İranın bir çox telekanallarında orijinal Azərbaycan türkcəsi ilə, eyni zamanda fars dilində dublaj olunaraq yayımlanır.
- Azərbaycan kino xadimləri ilə əlaqələriniz yenə davam edir?
- Bəli, hələ də davam edir. 2000-ci il “Şeyx Şamil” bədii filminin bəzi səhnələrini Bakıda çəkmişəm. Elmira Şabanova o filmdə rol alıb. 10 il ərzində Azərbaycanda Muğam, Novruz bayramı ənənələri, ortaq ədəbi irsimiz və s. mövzuda bir neçə sənədli film də çəkmişəm. Həmçinin, 2022-ci ildən ilk cənublu rejissor olaraq Azərbaycan Kinematoqrafçılar İttifqının üzvüyəm.
- Bəs Azərbaycan kinosu haqqında nə deyə bilirsiniz?
- Azərbaycan kinosu ilə hələ uşaq vaxtlarımdan tanışam. Ərdəbildə yaşayanlar üçün Azərbaycan televiziyası Azərbaycan kinosu ilə əlaqə vasitəsi idi. Bir çox Sovet Azərbaycan filmini elə kiçik yaşlarımdan AzTV-dən izləmişəm. Hətta dünya kinosunu da Həmidə xanım Ömərovanın təqdimatında “Retro” verilişindən öyrənirdik.
- Azərbaycan Kino Agentliyi ilə bağlı nə düşünürsünüz, milli kinonun inkişafına müsbət təsirləri ola bilərmi?
- Kino Agentliyinin nizamnaməsini oxumuşam. Yaxşı, ətraflı və mükəmməl məqamlara toxunulub. Bunları indi praktik hala gətirmək çox da asan deyil. Bəzi detalların üzərində kino ictimaiyyəti mütəmadi müzakirə edib, danışmalıdır.
- Sizin təklifləriniz nədir?
- İran və Türkiyə kinolarında təcrübə olunmuş üsullara toxunmaq istərdim. Hər ikisi də müsbət nəticələr verib. Azərbaycan kinosunda tətbiq oluna bilər.
Belə ki, kino təhsili və təlimini universitetlərdən kənar ilk olaraq 15 yaşlı yeniyetmələrdən başlamaq lazımdır. Bu üslub 1980-ci illərdə İranda başlayıb. Dərsdən tam fərqli idi. Kino tarixi filan keçirilmirdi, hətta tələbələr üçün film də nümayiş olunmurdu. Onun yerinə foto çəkmək, rəssamlıq, reportaj yazmaq kimi kurslar təşkil olunurdu. 1 il ərzində məktəbli uşaqlar həftədə 3 gün, axşam vaxtı 3 saat kurslara gəlirdilər və bu onların təhsilinə heç də əngəl olmurdu.
İkinci təcrübə kino istehsalatının özəlləşdirməsidir ki, bu Türkiyə kinosunda tətbiq olunub. Türkiyədə dövlətə aid heç bir kino istehsalı ilə məşğul olan firma və təşkilat yoxdur. Dövlətin birbaşa film istehsal etməsi Sovet sisteminə aiddir, bugünkü Azərbaycanın iqtisadi modelinə heç də uyğun deyil. Ağır olsa da, deməliyəm, kinostudiyanı muzeyə çevirmək lazımdır ki, dövlət ayırdığı vəsaiti özəl şirkətlərə dəstək kimi versin. Hər filmin tam büdcəsi olmamalıdır. Çünki firmalar özləri də sposor, yaxud da müxtəlif fondlardan vəsait tapmağa cəhd etməlidirlər. Bu iki yolla gedilərsə, Azərbacan kinosunda 5 ilin içində inkişafa şahid ola bilərik.
- Güney Azərbaycanda kino sahəsinin inkişafı nə yerdədir?
- Bu tayda olan kinonun vəziyyəti haqda bir neçə məqama toxunmaq olar. Estetika və üslub olaraq bizim Azərbaycan filmləri elə İran kinosu ilə eynidir. Yəni, başqa bir kino dili - filan ortada yoxdur. Amma 10-15 il var ki, gənclərimiz öz qısa, bədii və sənədli filmlərini Azərbaycan türkcəsində çəkirlər. Bu filmlər bir çox beynalxalq festivallarda iştirak edib, mükafat qazanıb. 2015-ci ildən bu yana tammetrajlı bədii filmlərin istehsalı bir axın, hətta İran kinosunda yeni dalğaya çevrildi. Ondan əvvəl də filmlər çəkilmişdi, amma İran kinosunda hələ öz yerini tapa bilməmişdi.
- Təcrübəli rejissor olaraq gənclərə yol göstərirsiniz?
- Mən həm Türkiyədə, həm də Azərbaycanda gənc kinematoqrafçıların əsərlərindən ibarət film həftələri keçirmişəm. Türkiyədə ilk dəfə 2015-ci ildə “İpək Yolu” film festivalında Mehmet Güləryüz bu yolu bizə açdı. Sonralar kinoyazar Rza Oylumla birlikdə Malatya və İstanbulda proqramlarımız olub. Süat Köçər və İhsan Kabil də bu proqramlara dəstək veriblər.
2018-ci ildə Azərbaycan Respublikasının 100 illiyində Bakıda İncəsənət və Mədəniyyət Universitetində Rafiq Quliyevin dəstəyi, İlqar Nəcəfin yardımı il güneyli kinematoqrafçıların çəkdiyi filmlər nümayiş olunub. Bakı Beynalxalq Qısa Filmlər festivalının direktoru Fehruz Şamiyev festivalda “Dili bizim” adlı bir bölüm açaraq, 3 ildir bizim qısa filmləri nümayiş etdirir. 10-12 filmimizi Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə Bakı və başqa şəhərlərdə nümayiş etdirmək istəyirik. İttifaqın katibi Əli İsa Cabbarov bunu həyata keçimək üçün çox cəhd göstərdi, amma təəssüf ki, iki ölkə arasında yaşanan siyasi gərginlik bu günə kimi planlarımızın həyata keçirilməsinə imkan verməyib.
- Görünən odur ki, Güney və Quzey Azərbaycan kinosunun bir-biri ilə sıx əlaqəsi var. Bəs, ortaq filmlər çəkmək fikriniz varmı?
- Azərbaycan Respublikası ilə ortaq film çəkmək, bizim arzularımızdan biridir. Bir neçə ekran işimiz çəkilib, amma bunu bir hərəkata çevirmək lazımdır. 2019-cu ildə bir komediya ssenarim üçün cəhd elədim və yaxşı nəticələr də alındı. Amma pandemiya səbəbindən yarımçıq qaldı. Müəyyən səbəblərdən hələ də başlaya bilmirik.
- Son günlər haqqında çox danışılan “Cilovluq” filmi haqqında da məlumat verərdiniz…
- Bu, tammatrajlı bədii-sənədli filmdir. Cilovluq Birinci Dünya müharibəsinin sonlarında Urmiya, Salmas və Xoy kimi şəhərlərdə baş verən faciənin adıdır. O zaman Osmanlı torpaqlarından bizim ərazilərə axın edib qaçqın kimi gələn assuri və süryanilərə rəhmi gələn xalqımız onlara yardım edir. Amma onlar yavaş-yavaş yerli ermənilərlə biləşərək rus, fransız güclərinin dəstəyi ilə silahlanıb türklərə qarşı soyqırım törədirlər. Tarixçilərin yazdığına görə, 120 min müsəlman o olaylarda qətlə yetirilib. Soyqırım Güney Azərbaycanla yanaşı Anadolunun şərqində, Van və Hakkaridə, paralel olaraq Bakı, Quba və Şamaxıda da həyata keçirilib. Bu hadisə Arazın şimalında 31 Mart Azərbaycanlıların Soyqırımı kimi qeyd olunur. İlk dəfə olaraq mən bu filmdə 3 olayın biri-biri ilə əlaqəsinə və vahid plan olduğuna toxunmuşam. Filmdə Qərbin torpaqlarımızda xristian dövləti qurmaq niyyətinə aydınlıq gətirilir. Ekran işini İranla yanaşı, Azərbaycan və Türkiyədə də nümayiş etdirmək fikrimiz var. Ümid edirəm ki, bu il həyata keçirə biləcəyik.