Araikin qızları Xocalı aeroportundan qaçırıldı, özünü buraxmadılar, Rusiya onu... - Polkovnik
19-07-2023, 00:07
Separatçıların əski parçasının Xocalı aeroportundan asılması faktı nə birinci, nə də ki sonuncudur. Rus sülhməramlıları həmişə Rusiya bayrağı ilə separatçıların əski parçasını yan-yana saxlayıb. Bu, əslində dünyada Rusiyaya separatçılara olan dəstəyinə görə verilən titulun mahiyyətini təsdiqləyir. Dəfələrlə rus sülhməramlılarının komandanı separatçıların əski parçasının altında oradakı terrorçularla görüşüb. Ona görə də, onların bu davranışına çox da təəccüblə yanaşmaq lazım deyil. Bu, onların xarakteri ilə bağlıdır.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, burada Rusiyanın məqsədi bölgədə separatizm meyillərinin daha da genişlənməsindən ibarətdir:
“Baş separatçı Araik Arutyunyanın məhz bu müstəvidə demarşlar etməsi də təəccüblü deyil. Əslində Arutyunyanı Qarabağda saxlayan elə sülhməramlılardır. Çünki o, buradan gedən kimi oradakı işləri pozulacaq. Rusiya da bunu istəmir. Onların istəyi Arutyunyanın Qarabağda qalmasıdır. Hətta onun sonuncu dəfə İrəvana getmək istəyi belə rədd edilib. Sülhməramlılar ehtiyat edir ki, o, Qarabağdan getsə geri qayıtmayacaq. Ona görə də, baş separatçının qızlarını Xocalıdakı aeroportdan yola salıblar. Bunun ardınca onun digər ailə üzvlərini İrəvana göndəriblər”.
Polkovnik hesab edir ki, Arutyunyanın İrəvanda peydə olması böyük səs-küy yaradacaq:
“Faktiki olaraq Azərbaycan əraziyə helikopterlərin uçuşuna qadağa qoyacaq. Digər bir məlumatda Azərbaycanın helikopterlərin uçuşuna speratçıların istifadəsi qadağan olunması şərti ilə razılıq verdiyi deyilir. Bu da baş verən proseslərin mahiyyətini göstərir. Çünki Azərbaycanın şərti o olub ki, separatçılar həmin helikopterlərdən istifadə etsə, onlar yerə salınacaq”.
Üzeyir Cəfərova görə, əslində separatçıların son fəallığı Rusiyanın yaratdığı şoudur:
“Onlar separatçıların maraqlarına diqqət çəkmək istəyir. Araikin çadır qurması, Azərbaycana hədə dolu mesajlar göndərməsi sülhməramlıların təşviqi ilə baş tutur. Bunun fonunda isə separatçıların olduğu yerlərdən və Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bu da gərginliyin artan xətt üzrə davam etdiyini göstərir”.