"Vaxtıilə Muxtar Babayevin rəhbərlik etdiyi şirkətə tövsiyyələr vermişdim, qəbul etmədi"

19-07-2023, 10:54           
"Vaxtıilə Muxtar Babayevin rəhbərlik etdiyi şirkətə tövsiyyələr vermişdim, qəbul etmədi"
"Muxtar Babayevin o vaxt rəhbərlik etdiyi “Azərikimya” İB-ə konsultasiya verəndə məlum oldu ki, qurumda ümumiyyətlə layihə idarə edilməsi yoxdur"

Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazlardan 28, prezidentin məsələnin araşdırılması ilə bağlı hökumətə verdiyi tapşırıqlardan bir həftə keçir. Ancaq hələ də Söyüdlü sakinlərinin şikayətlərinin taleyi ilə bağlı araşdırma nəticələri açıqlanmır.

İqtisadçı ekspert Elçin Rəşid Abzas Media-ya deyir ki, Gədəbəydəki vəziyyətin təhlili və atılacaq addımlar Muxtar Babayev üçün çətin olmamalıdır, çünki hələ 6 il əvvəl o, “Azərikimya” İB-də işləyəndə onlara layihələrin idarəolunması ilə bağlı tövsiyyələr verib.

Onun sözlərinə görə, burada əsas məsuliyyət həm də İqtisadiyyat Nazirliyinin payına düşür:

“Muxtar Babayevin o vaxt rəhbərlik etdiyi “Azərikimya” İB-ə konsultasiya verəndə məlum oldu ki, qurumda ümumiyyətlə layihə idarə edilməsi yoxdur. Gördüm qəbul etmirlər, bir yol xəritəsi çəkdim və başda da yazdım ki, qaydaları qəbul etmək üçün rəhbərliyin iradəsi olmalıdır. Layihələrin idarə olunması ilə bağlı qaydaların qəbul olunmamasının əsas günahkarı İqtisadiyyat Nazirliyidir. Mən layihələrin idarə olunması ilə bağlı bu nazirliyə də dəfələrlə tövsiyyələr vermişəm. Əvvəl təlimlər vasitəsilə bu istiqamətdə bir az səriştələri olsa da, sonradan bilən adamlar da çıxdı deyə, nazirliyin layihələrin seçilməsi, prioritetləşməsi, dizaynı və s. məsələlərlə bağlı heç bir səriştəsi qalmayıb. Problem ondadır ki, qaydalar olmadıqda, layihələri qəbul edən tərəf öz xərclərini azalatmaq, əlavə gəlirlər yaratmaq, bütün dövlət layihələrini əlverişli vəziyyətə salmaq, korrupsiogen elementlərdən istifadə etmək üçün bütün şəraiti yarada bilir”.

Ekspert deyir ki, qaydalar məcbur edir ki, bütün layihələr iqtisadiyyatın maraqlarına xidmət etsin, optimallaşdırılsın, zərər çəkən tərəflərə kompensasiya verilsin.

“Qaydaların olmaması imkan verir ki, qızıl-mədən şirkəti icmaya dəyən zərəri ödəməsin və irəli düşsün. Hazırda İqtisadiyyat Nazirliyi bilərəkdən bu məsələdən yan qaçır. Onlara təqdim edilib, onlar isə təqdim edilən məsələni həmişə inkar ediblər. Beləliklə də layihələr üzərində subyektiv səlahiyyət güclərini saxlayırlar və layihələrin iqtisadiyyatın maraqlarına yox, kiçik qrupların maraqlarına xidmət etməsinə şərait yaradırlar. Söyüdlüdə baş verənlər, bunun əlamətlərindən biridir. Bunun iqtisadiyyata vurduğu zərər daha böyükdür” – deyə iqtisadçı bildirib.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru İlham Hüseynli Abzas Media-ya deyir ki, mədən sənayesindən zərər çəkən şəxslərə kompensasiya verilməlidir. Bununla bağlı işlək təcrübə var.

Onun sözlərinə görə, fəaliyyətin tibbi və ekoloji ziyanları varsa, bunu ekspertlər qiymətləndirməlidir və daha sonra kompensasiya və ya fəaliyyəti dayandırmaqla bağlı qərar verilməlidir.

“Məsələn, əvvəldən ekspertlər müəyyən edirlər ki, buradakı fəaliyyətdən qazanc olsa da, ekoloji fəsadlar daha ciddi olacaq, ona görə o fəaliyyət dayandırılır. Söyüdlüdəki hadisələr kimi də olur bəzən. Şirkət öz işini görəndən sonra artıq əhali siqnal verir, onda da artıq iş dayandırılır və qiymətləndirilmə aparılır. Qiymətləndirmədən sonra dəyən ziyanın kompensasiya edilməsi mümkün olursa, davam edirlər, olmursa, dayandırılır” – deyə İlham Hüseynli bildirib.

Söyüdlüdə qızıl şirkətinin fəaliyyətinin ətraf mühitə təsirlərini araşdırmaq üçün 21 iyunda Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyaya sədrlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.