“Adil Kərimlinin əlində elə səlahiyyətlər yoxdur ki, mədəniyyəti qaldırsın” - HƏQİQƏTƏN DƏ...

20-07-2023, 09:47           
“Adil Kərimlinin əlində elə səlahiyyətlər yoxdur ki, mədəniyyəti qaldırsın” - HƏQİQƏTƏN DƏ...
“Mədəniyyətdən söhbət gedirsə, mədəniyyət naziri ən azından Polad Bülbüloğlu kimi dünya şöhrətli bəstəkar, dünya mədəniyyətindən gələn biri adam olmalıdır. Yeni mədəniyyət naziri Adil Kərimlinin isə əlində elə səlahiyyətlər yoxdur ki, mədəniyyəti qaldırsın, yaxud harasa daşısın. Bu barədə onu qınaya da bilmərəm. Çünki mədəniyyət ilk növbədə efirdən başlayır. Efirdə, televiziyalarda isə heç bir mədəniyyət yoxdur. Televiziyalar azaddırlar, kimi istəyirlərsə, onu göstərirlər. İçində “kloun” Xalq artistləri olmaq şərti ilə...”

TEREF.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış opera müğənnisi Ülvi Qılınc deyib.

Müğənni nazir Adil Kərimlinin bundan sonra mədəniyyət sahəsində nəsə edə biləcəyini düşünmür: “Bu, heç ağlıma da gəlmir. Mədəniyyət naziri ən azından Rasim Balayev kimi bir şəxs olmalıdır ki, mədəniyyət sahəsindən başı çıxsın. Mədəniyyət naziri böyük sözdür. Yenə də deyirəm, Adil Kərimli bugünkü mədəniyyətə heç nə edə bilməz, gücü çatmaz, çünki bu səlahiyyət ona verilməyib. Ümumiyyətlə, dünya tarixində mədəniyyət naziri yox, dövlətin həqiqi sənətkarları, həqiqi səsləri qalır. Bu dəqiqə sual versəniz ki, Rəşid Behbudovun dövründə mədəniyyət naziri kim olub, cavab verə bilməzlər. Çünki Rəşid Behbudov özü sənətkar, möhtəşəm ifaçı olub. Bu məsələdə mədəniyyət naziri nə edə bilər ki? Mədəniyyət naziri özü fitri istedad, böyük bəstəkar olsa, başqa məsələ. Onda özü də tarixdə qalar. Necə ki Polad Bülbüloğlu mədəniyyət naziri kimi yox, musiqidə böyük şəxsiyyət, bəstəkar, müğənni kimi tarixdə qalacaq...”

Ü.Qılınc dünya ölkələrindən də nümunə çəkib: “Amerikada Mədəniyyət Nazirliyi tamamilə başqa sahəyə, yəni həqiqi mədəniyyətə qulluq edir. Bu, olmasa, Mədəniyyət Nazirliyi heç kimə lazım deyil. Eşitməmişəm ki, Avropada Mədəniyyət Nazirliyi kiməsə lazım olsun. Bugünkü Mədəniyyət Nazirliyinin səlahiyyətləri kiməsə kağızın üstündə ad paylamaq, kimsə öləndə ona başsağlığı verməkdən ibarətdir, vəssalam. Bunu dövlət özü də edə bilər, heç Mədəniyyət Nazirliyi olmasa da, olar...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.