“Oğlum “narkobarondur”, mən də zibillikdə dəmir yığıram”, - oğlu İrana casusluqda ittiham olunan ata

21-07-2023, 12:54           
“Oğlum “narkobarondur”, mən də zibillikdə dəmir yığıram”, -
Bakının Binə qəsəbəsində yaşayan Hacıyevlər ailəsinin iki üzvü bu ilin martında kütləvi miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma ittihamı ilə həbs edilib.

Ailə deyir ki, onların oğlunu və yeznəsini polis eyni gündə aparıb və uzun müddət onlardan xəbər ala bilməyiblər.

Videonu bu linkdən izləyin.

Ailənin başçısı Rəhmət Hacıyev deyir ki, “sadə bir vətəndaşı" narkotiklə həbs ediblər: "Məcbur ediblər, döyüblər, işgəncələr altında onlara deyiblər ki, sən hökmən bunu boynuna almalısan. Boynuna almasan, ailəsiylə, atası-anasıyla bunlara çox hərbə zorba gəliblər ki, ailənizi gətirərik bura”, - o BBC-yə danışıb.
Rəhmət Hacıyev deyir ki, özü tullantılar arasından dəmir yığıb gününə 15 manat pul qazanır və indi bu qazancla körpə uşaqlı iki ailəni dolandırmalıdır.

Oğlunun və kürəkəninin həbsindən üzülən ata deyir, üstəlik kommunal xərclər, dolanışıq qayğıları onun belini büküb.

“15 manatı mən nə təhər çatdırım bu ailəyə? Xırda uşaqlar var, evimdə 4 əsgər böyüyür. Mən sabah necə bu dövlətə bu əsgəri verim? Deyim ki, sizin atanız günahsız həbs olunub?” - Rəhmət Hacıyev bildirib.
Apreldə polis tərəfindən saxlanmış Ruslan Əliyevin xanımı Rəna Hüseynova da BBC-yə deyir ki, onun həyat yoldaşını kütləvi miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma maddəsi ilə həbs ediblər. Rəna xanım deyir ki, onun həyat yoldaşı piano müəllimi olub, piano təmirindən gündəlik çörəkpulunu çıxarıb.

Rəna xanım deyir ki, həyat yoldaşı həbs olunandan sonra yerli mediada onun və başqalarının görüntüləri yayılıb və onlar İrana casusluqda ittiham olunublar.

“Bir neçə gündən sonra üzə çıxarırlar ki, bunlar İran casusudur, "Kərimə dövlət" düzəltmək istəyirlər. Sizin nə ixtiyarınız var, belə şey çıxarırsız? Bu informasiya hardan sızıb? Daxili İşlər Nazirliyindən sızıb. Utanmadan yazırlar ki, Daxili İşlər Nazirliyi belə deyir. Daxili İşlər gözləsin məhkəmə olsun. Bəlkə bu insan günahkar deyil, bəlkə heç nə etməyib, bəlkə elə-belə oturub söhbət edib sonra çıxıb gedir.Bax, mənim apardığım bu şəkli orda yaymışdılar. Yoldaşımı, başqa uşaqların şəklin yaymışdılar ki, onlar İran casusudur. Məhkəmə olmamışdan əvvəl bunu yayırsızsa, onda biz məhkəməni neynirik? Lazım deyil də, artıq boynuna qoyduz da!" - Rəna Hüseynova deyib.

Rəna xamım iddia edir ki, onların evindən tapılan dini məzmunlu əşyaları istintaqçılar əvvəldən qoyublar.

“Deyirlər şəkil çəkiblər. Nəyin şəklin çəkə bilərlər? Hamısı internetdə var, Google-da hamısı çıxır, Milli Məclis harda, ünvanı, telefonu hamısı çıxır, siz kimi aldatmağa çalışırsız? Danışıb, xəyal edib casus, vətən xaini. Vətən xaini kimi nə ötürə bilər? Strukturda işləmir, orqanlarda işləmir, heç bir sirrinizi bilmir, heç nə bilmir, nə hərbidə iştirak edir, o nəyi sata bilər? Xain "satqın" deməkdir, o nəyi satıb?” - Rəna Hüseynova əlavə edib.
Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, Müsəlman Birliyi hərəkatının 50-yə yaxın üzvü həbs olunub, yerli mediada onlar narkotacir kimi təqdim olunublar.

Rüfət Səfərov Azərbaycanın müxtəlif bölgələrində yüzlərlə inanclı şəxsin həbs olunduğunu güman edir.

Hüquq-mühafizə orqanları BBC-nin bununla bağlı sualını cavablandırmayıb, amma tez-tez dini inanclı hansısa şəxslərin narkotik və ya casusluq ittihamları barədə saxlanılması barədə rəsmi məlumatlara rast gəlinir.

Bu ilin mayında ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadliğı üzrə Komissiyasi Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyətin mənfiyə doğru dəyişdiyini bildirib və dövlətinə tövsiyə edib ki, Azərbaycanı Xüsusi Nəzarət Siyahısına daxil edilsin.

Qurumun hesabatına görə, Azərbaycanda ötən il azı 19 nəfər inancına görə həbs edilib və onlardan əksəriyyəti Müsəlman Birliyi Hərəkatının üzvüdür.

Azərbaycan hökümətinin hesabata münasibəti hələlik bəlli deyil. Bununla belə, Azərbaycan hakimiyyəti tez-tez bəyan edir ki, ölkədə bütün azadlıqlar, o cümlədən din, etiqad azadlığı tam şəkildə təmin edilir və dini-siyasi baxışına görə heç kim təqib edilmir.

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının son hesabatında Azərbaycanda davamlı insan hüquqları problemləri sırasına həbsdə sistemli işgəncə və pis rəftarı da aid edib.

Hüquq-mühafizə orqanları rəhbərliyi bu hesabata reaksiya verməsə də, hakimiyyət bir qayda olaraq, belə hesabatları qərəzli adlandırır və hər hansı işgəncə və pis rəftar iddialarını rədd edir.

Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, Azərbaycanda bütün dinlərə, o cümlədən İslam dininə də böyük hörmət və ehtiram var.

Onun sözlərinə görə, müstəqillikdən sonra ölkədə tikilən məsçidlərin sayı, dövlətin dini icmalara qayğısı diqqəti əks etdirir.

"Hər hansı inancına görə vətəndaşın həbs olunması bu, ümumiyyətlə qeyri-mümkün olan haldır. Hər bir kəs qanunu pozursa, qanuna rayət etmirsə, əlbəttə, o, qanun qarşısında cavab verməlidir. Bu onun dini inancının nə olmasına, hansı siyasi partiyaya mənsub olmasına, hansı sosial təbəqəyə aid olduğuna baxmayaraq, bir fərq yaratmır. Azərbaycanda qanunlar alidir və hər bir vətəndaş da qanunlara riayət etməlidir", - Aydın Hüseynov deyib.
Hüquq müdafiəçisi Rüfət Səfərov iddia edir ki, hakimiyyətə yaxın media vasitəsi ilə ictimai rəydə yaradılan yanlış rəy də belə kütləvi həbslərə rəvac verir.

Bakıda fikrini soruşduğumuz sakinlərin əksəriyyəti inanclı şəxslərin həbsi ilə maraqlanmadığını desə də, bu addımı dəstəkləyənlər və əksini düşünənlər də oldu.

Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, əgər şəxsin əməlində cinayət əməli varsa, casusluq edibsə, dövlətə xəyanət meyilləri varsa, Cinayət Məcəlləsinin 274-cü maddəsi üzrə tərkib elementlərindən biri ortaya qoyulmalıdır. Düşmən tərəfə hansı şəkildə keçib, dövlət sirrini necə verib, kommunikasiyalar, maddi sübutlar ortada olmalıdır və bu mötəbər dəlillərə əsaslanan sübutlar şəklində olmalıdır ki, biz hüquq müdafiəçiləri baxaq və qiymət verək. Amma bu sübutlar yoxdur, sadəcə, zamanında İranda təhsil almış və ya oranın dini, hərbi-siyasi elitasına rəğbəti olan, şiə məzhəbinə qulluq edən Azərbaycan vətəndaşı, axı, avtomatik olaraq cinayətkar anlamı daşımalı deyil”.

Həm qardaşı, həm də həyat yoldaşı eyni gündə saxlanılan Ziyafət Hacıyeva deyir ki, onların yaxınları sanki oğurlanıb.

Əvvəllər onun həyat yoldaşı İranda təhsil almasına görə dəfələrlə polisdə dindirilsə də, sonradan sərbəst buraxılıb, o deyir.

Ziyafət Hacıyeva əlavə edir ki, ancaq bu dəfə öz ayağı ilə polisə gedib, bir neçə gündən sonra isə ailəyə onun həbs olunduğu deyilib.

“Yeddi gün qardaşımın uşaqları öz atalarının köynəyi ilə yatıb-durub. Öz körpəm də elə. Harda yazılıb ki, sən yeddi gün ailəyə, vətəndaşa məlumat vermədən onun uşağını oğurlayıb saxlayasan. Yoldaşımdan əlavə dostunu da aparıblar, nədi, yoldaşım rayondan gələndə onunla görüşüb. Sanki Azərbaycanda qatı cinayət törədib, o, kimlə görüşübsə, onu da aparıblar. Çoxdur, hardasa yaxın, qonşu, tanış, 15 nəfər var. Hamısı da dini inanclı olanlar”, - Ziyafət Hacıyeva deyir.

Son aylarda saxlanan bəzi inanclı şəxslərin yaxınları iyunun əvvəlində Baş Prokurorluğun qarşısında aksiya keçiriblər.

Həbs olunanların və hüquq müdafiəçilərinin səsləndirdiyi iddialarla bağlı suallarımıza Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti cavab verməyib.

Azərbaycan hakimiyyəti vaxtaşırı bəyan edir ki, əməlində cinayət tərkibi olmadığı halda heç kim cinayət məsuliyyətinə cəlb edilmir.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.