Xankəndiyə qaz, işıq, su təminatı başlayır: Bərdə-Ağdam yolu açılır... - Bölgədə mühüm gəlişmə

21-07-2023, 13:24           
Xankəndiyə qaz, işıq, su təminatı başlayır:
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb:

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, son zamanlar Xankəndi və ətrafında hələ də qalmaqda olan separatçıların fəallığı müşahidə edilir. Separatçılar aksiyalar təşkil edərək dünya ictimaiyyətini şantaj edir. Çalışırlar ki, bölgədə "humanitar böhran" yaşanması ilə bağlı yalan məlumatlar tirajlansın. Sizcə, indiki halda separatçılara məhz bu müstəvidə fəallıq göstərməyə imkan yaradanlar kimlərdir və məqsədləri nədir?

- Aksiyalar və onların yaratdığı hay-küy Qarabağda hələ də qalmaqda olan separatçı rejimin son müqaviməti hesab edilir. Onlar artıq Azərbaycan Prezidentinin sistemli xarakter daşıyan siyasətinin uğurlarının stresini yaşayır. Eyni zamanda son Brüssel görüşləri və bunun nəticələrinə uyğun olaraq Avropa İttifaqının Prezidenti Şarl Mişelin vermiş olduğu açıqlamalar separatçıların bütün ümidlərini alt-üst etdi. Humanitar yardımın Azərbaycan vasitəsilə həyata keçirilməsinə Aİ prezidentinin müsbət münasibəti onları və separatçıları müdafiə edən Rusiyanın müvafiq dairələrini ciddi şəkildə narahat edir. Bəlli olur ki, bu razılıq mahiyyətcə iki ölkə rəhbərliyi arasında razılaşdırılmış bir fikirdir. Xankəndiyə humanitar yardımın Bərdə-Ağdam istiqamətindən təmin edilməsi Brüssel görüşlərinin nəticəsi olaraq ortaya qoyulmuş mövqedir. Bu, əslində Azərbaycan Prezidentinin növbəti siyasi-diplomatik uğurudur.

- Xankəndidə yaşayan ermənilərə Azərbaycan vasitəsi ilə yardımların çatdırılması reinteqrasiya prosesinə necə təsir göstərəcək?

- Sözsüz ki, Xankəndiyə Azərbaycan tərəfindən yardımların çatdırılması reinteqrasiyanın başlanması deməkdir. Bu artıq Qarabağda yaşayan ermənilərlə Azərbaycan arasında bağlantının yaradılmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda olan separatçılar və terrorçular istisna olmaqla, digər dinc erməni sakinləri öz vətəndaşları hesab edir. Qarabağ erməniləri də ölkəmizin digər vətəndaşları kimi dövlətin yaratdığı imkan və imtiyazlardan yararlana bilər. Təbii olaraq reinteqrasiya prosesinin başlaması ilə Xankəndiyə su, elektirik enerjisi, qaz təchizatı da Azərbaycan vasitəsi ilə həyata keçiriləcək. Bununla da İran və Ermənistandan olan təchizatlar dayandırılacaq. Bunların fonunda artıq Xankəndidə erməni dramı deyil, Azərbaycan manatı dövriyəyə girəcək.

- Azərbaycanın bu addımlarından sonra bölgədə rus sülhməramlılarının aqibəti necə olacaq? Rusiya tərəfinin son bəyanatlarının bu məsələlərə bağlılığını necə şərh etmək olar?

- Sülhməramlı qüvvələrin Qarabağdan getməsi ilə Rusiyanın buradakı imperialist siyasətinə son qoyulacaq. Eyni zamanda Rusiyanın Xarici İşlər Nazirliyinin son bəyanatı erməni xislətindən formalaşan bir yanaşma kimi izah edilə bilər. Kremldə mövcud olan müxtəlif qruplar arasında imperiya düşüncələri ilə yaşayan kifayət qədər adamlar var. Burada Rusiya XİN və dövlət aparatında kifayət qədər erməni və onlara bağlı şəxslər mövcuddur. Məhz bu qruplar Azərbaycanın Qarabağda bir güllə atmadan reinteqrasiya məsələsini həll etməsindən çox narahat olurlar. Sözsüz ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-ə cavabı olduqca adekvat idi. Həmçinin Azərbaycanın Rusiyadakı səfirinin bu ölkənin xarici işlər nazirinin müavini ilə görüşməsi və ölkəmizin mövqeyini çatdırması olduqca önəmli idi.

- Azərbaycan-Rusiya gərginliyi fonunda təxribatların xarakteri və istiqamətində hansı dəyişikliklər ola bilər?

- Məsələn, ola bilsin hansısa rus zabiti Azərbaycan ərazisinə bir raket atar və nəticədə böyük dağıntılar baş verər. Rusiya isə Azərbaycandan üzr istəməklə məsələ bitər. Bu, ehtimaldır təbii ki. Amma bu cür dağıntıların bir üzrlə aradan qaldırılması sözsüz ki, mümkün deyil. Əslində bu təxribat ehtimalları da mümkündür. Ona görə də, burada Azərbaycanın dövlət maraqlarından çıxış etmək lazımdır. Rusiya Azərbaycanla imzalamış olduğu sənədlərə hörmət etməyə çağırılmalıdır. Amma bütün bunların fonunda güman edilmir ki, Vladimir Putin səviyyəsində Azərbaycan və Türkiyə ilə Rusiyanın münasibətlərinin korlanmasına razılıq olsun. Bu əslində Rusiyanın maraqlarına xidmət edən yanaşma deyil. Ona görə də, Rusiyanın Azərbaycan qarşı olan hərəkətlərinə diplomatik şəkildə cavab verilməlidir. Sülhməramlıların yarıtmazılığı bir daha Rusiya rəhbərliyinin diqqətinə çatdırılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.