Əcnəbi məşqçilər Azərbaycan futboluna nə verib? - “Bunu etmək faciədir”

22-07-2023, 12:04           
Əcnəbi məşqçilər Azərbaycan futboluna nə verib? -
"Qurban Qurbanov ərizə yazıb, gedəcəkdi..."
Adrian Mutunun “Neftçi”nin baş məşqçi təyin edilməsi xəbəri bir çox ölkənin mətbuatında
işıqlandırıldı. Yaxın keçmişin məşhur futbolçusunun Azərbaycana gəlişi “Neftçi”nin reklamı,
adının dünya mediasında çəkilməsi baxımından uğurlu oldu. Bəs Mutunun təyinatı “flaqman”ın
çıxışına, nəticələrinə necə təsir edəcək? Azarkeşlər arasında rumıniyalının “Neftçi”də yaxşı işlər
görə biləcəyinə inananlarla müqayisədə inanmayanlar daha çoxdur.
Bu mövzuda Azərbaycan yığmasının sabiq futbolçusu, vaxtilə “Neftçi”də oynamış və məşqçi
işləmiş Kamal Quliyevlə söhbətləşdik. Quliyev Pressklub.az saytına müsahibəsində həm
Mutunun “Neftçi”yə gətirilməsindən danışdı, həm də bu vaxtadək Azərbaycana gəlib-getmiş
əcnəbi məşqçilərin ölkəmizdəki fəaliyyətinə toxundu.
“Uğurun açarını tapa bilməyib”
– Ötən mövsüm uğursuzluq yaşayan “Neftçi” Laurentsiu Regekampfı göndərib, yerinə yenə
əcnəbi məşqçi gətirdi. Adrian Mutunun təyinatını necə qarşıladınız və ondan nə gözləyirsiniz?
– Söhbətə Regekampfın “Neftçi”dəki fəaliyyətindən başlamaq istəyirəm. Artıq çempionatın
gedişində görünürdü ki, Regekampf “Neftçi”ni uğura apara biləcək məşqçi deyil. Onun
gəlişindən sonra edilən transferlər də uğursuz idi. Hər məşqçinin öz oyun üslubu olmalıdır.
Regekampfın rəhbərliyi altında “Neftçi”nin matçlarına baxanda görünürdü ki, komandanın heç

bir oyun üslubu, strategiyası yoxdur. Müqayisə üçün “Qarabağ”a nəzər salaq. Fəxr edirəm ki,
belə nümunəvi komandamız var. “Qarabağ” öz oyun tərzinə uyğun futbolçular gətirir. Regekampf
“Neftçi”də yaddaqalan bir iş görmədi ki, onu qiymətləndirəsən. Yəni, uğursuz seçim idi. Allah
“Neftçi”nin sabiq baş məşqçisi, bir yerdə işlədiyimiz Böyükağa Hacıyevə rəhmət etsin. O deyirdi
ki, birinci özümüzünkülərə qiymət verməliyik. Mən də o cür düşünürəm. Yerli mütəxəssis
deyəndə ki, filan şeylər lazımdır, klub rəhbərləri onu bir o qədər də ciddiyə almır, çünki dediyi
şeylər xərc tələb edir. Amma xarici məşqçi gəlib bizim dediyimizi deyəndə onun üçün hər şərait
yaradılır. Belə olmamalıdır. Əcnəbi məşqçilərin nə əl-ayağı, nə bilgisi bizdən artıq deyil. Ataların
bir sözü var: “Yada yalaq, qohuma dalaq”. Bizim futbol sferamızda bu prinsiplə hərəkət edirlər.
Mən “Neftçi”nin uğursuzluqlarında təkcə baş məşqçini yox, “Neftçi”ni idarə edən şəxsləri də
günahlandırıram. Onların hamısı ötən mövsümdəki uğursuzluqlara görə öz xoşları ilə, yəni
sponsorlar onlara deməmiş istefa ərizələrini yazmalıydılar. Çünki işin öhdəsindən gələ
bilmədilər. Regekampfın qarşısına qoyulan çempionluq hədəfinə çatmayacağı mövsümün
gedişindən bəlli idi. Çempionluq şansı itən kimi Regekampf istefa ərizəsini yazıb getməliydi.
Özünə hörmət edən məşqçi belə davranır. O ki qaldı Adrian Mutunun təyinatına, gərək
komandanı hazırlayıb rəsmi oyunlara çıxartsın ki, müsbət dəyişikliklərin olub-olmadığını görə və
işinə qiymət verə bilək. Amma bir klubun uğuru baş məşqçi ilə yanaşı, idarəçilərdən də asılıdır.
– Əksəriyyət Mutunun məşqçilik karyerasında heç bir uğur qazanmadığını əsas gətirərək onun
“Neftçi”yə əvvəlki əzəmətini qaytara bilməyəcəyini düşünür…
– Bir məşqçi, ümumiyyətlə, işçi gətirəndə onun tərcümeyi-halına, olduğu sahədə hansı uğurlara
imza atdığına baxırlar. Razıyam ki, bu günədək heç bir klubda uğur qazanmayan məşqçinin
“Neftçi”ni əvvəlki əzəmətinə qaytaracağı inandırıcı deyil. Deməli, Mutu məşqçi kimi uğurun
açarını tapa bilməyib, hələ axtarır.
“Ayağını sığalladı, topuğundan öpdü”
– Mutudan öncə “Neftçi”nin türkiyəli məşqçi Sərgən Yalçınla danışıq apardığı haqda xəbərlər
yayılmışdı. Hətta Sərgənin Bakıya gəldiyi, lakin tərəflərin maliyyə məsələsində razılaşa
bilmədikləri yazıldı. Mutu ilə müqayisədə Sərgənin “Neftçi” üçün xilaskar olmaq imkanı daha
çox idi, ya yox?
– Sərgən dövrünün güclü futbolçusu olub. Hətta onu “Türkiyənin Maradonası” adlandırırdılar.
Peşəkar idmançı rejiminə fikir versəydi, futbolçu kimi daha böyük yerlərdə olardı. Sərgən gecə
həyatı yaşayan, səhərə qədər yatmayan futbolçu olub. Rejiminə fikir verməyə-verməyə dövrünün
ən güclülərindən olub. Görün, nizam-intizama əməl etsəydi, hansı zirvəyə qalxardı. Allahın
verdiyi istedad idi. Sərgən doğuşdan futbolçu olub. Amma… Bəlkə də çoxu məni qınayacaq,
Sərgəni elə də güclü məşqçi saymıram. Yenə deyirəm, “Neftçi”nin əvvəlki əzəmətini qaytarmaq
tək məşqçidən asılı deyil. Klubun idarəçilərindən, futbolçuların keyfiyyətindən də çox şey asılıdır.
Səviyyəli oyunçular alınmalıdır. Bizim “Neftçi”də işlədiyimiz, yəni Sadıq Sadıqovun klub
prezidenti olduğu dövrü yada salmaq istəyirəm. Həmin vaxt edilən transferləri xatırlayın. Biz
nəyinsə xatirinə sıradan futbolçu gətirmirdik. Sadıq müəllim komanda ilə nəfəs alırdı.
Yadımdadır, “Qarabağ”la oynayırdıq. Birinci hissədə futbolçumuz Erik Ramosun topuğu şişdi.
Həkimimiz Boris Xetaqurov onun ikinci hissədə meydana çıxmasına razı deyildi. Fasilədə Sadıq
müəllim paltardəyişmə otağına daxil oldu. Əyilib Ramosun ayağını dizinin üstünə qoydu və
başladı sığallamağa, ayağa qalxanda da topuğundan öpdü. Bəziləri elə bilirlər ki, klub rəhbəri
21.07.2023, 23:04 Əcnəbi məşqçilər Azərbaycan futboluna nə verib? - “Bunu etmək faciədir”
https://pressklub.az/ekskluziv/ecnebi-mesqciler-azerbaycan-futboluna-ne-verib-bunu-etmek-faciedir/ 3/6
yekəxana olmalıdır. Mən futbolda Sadıq Sadıqov kimi ikinci rəhbər görməmişəm. O elə edəndən
sonra Ramos qayıtdı ki, nə danışırsınız, ikinci hissədə də oynayacam. Sadıq Sadıqovun həmin
hərəkəti bizə “Qarabağ”la oyunda 3 xal qazandırdı. Buna görə də düşünürəm ki, Sərgən də
gəlsəydi, “Neftçi”ni bizim işlədiyimiz dövrdəki “Neftçi” səviyyəsinə çatdıra bilməzdi.
– “Neftçi” bütün çempionluqlar və kuboklarını yerli məşqçilərin rəhbərliyi altında qazanıb. Yerli
məşqçi ilə Avropa Liqasının qrup mərhələsinə düşməklə tarix yazıb, yerli məşqçi ilə Birlik
Kubokunun qalibi olub. Hətta “ağ-qaralar”ın sonuncu ölkə çempionluğu da yerli məşqçinin adı
ilə bağlıdır. Belə olan halda, baş məşqçi postuna yenə əcnəbinin gətirilməsi nəyə xidmət edir?
– Yaxşı sualdır. İlk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan
komandası məhz bizim işlədiyimiz “Neftçi” oldu. Azərbaycan çempionu və ölkə kubokunun
qalibi olduqdan sonra Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdik. Sizin də qeyd
etdiyiniz kimi, “Neftçi” bütün uğurlarını yerli məşqçilərin rəhbərliyi altında qazanıb. Digər
komandamız “Qarabağ”a da böyük uğurları məhz azərbaycanlı məşqçimiz Qurban Qurbanov
qazandırdı. Çempionatda ilk yerlərdən birini tutub avrokuboklara vəsiqə qazanmaqla deyil.
Əksəriyyəti təsnifat mərhələsindən evə qayıdıb, bu, uğur deyil. Təsnifat mərhələsində oynamaq
üçün əcnəbi məşqçiyə ehtiyac yoxdur. Öz məşqçilərimiz də avrokuboka rahatlıqla vəsiqə
qazana bilərlər. İş odur ki, orada addım-addım irəli gedəsən. İndi “cırtdan dövlətlər”in də futbolu
inkişaf edir. Biz isə yerimizdə sayırıq. Təkcə “Qarabağ”ın uğurlarının arxasında gizlənmək olmaz!
“Qarabağ”da kişilər əla iş görürlər, bu, öz yerində. Amma yığma komandalarımız da yaxşı çıxış
etməlidir. Futbolumuzda son illər qazanılan nailiyyətlər ancaq “Qarabağ”ın, Qurban Qurbanov və
klub rəhbərliyinin adı ilə bağlıdır. Digər klublarımız da işə bu cür yanaşmalıdırlar. Çempionatda
yer tutduğun futbolçuların səviyyəsi ilə avrokubokda qrupa düşmək mümkün deyil. Nəticə
olduqca daha keyfiyyətli futbolçular gətirməlisən. Mən olsaydım, “Neftçi”nin baş məşqçisi
postunda yerli mütəxəssisə üstünlük verər, artıq qalan pula isə keyfiyyətli transferlər edərdim.
“İşimi görə bilməsəm, ərizəmi yazıb gedərəm”
– Hansı yerli məşqçiləri “Neftçi”yə əvvəlki gücünü qaytara biləcək səviyyədə sayırsınız?
– “Neftçi”nin qabağında oturuşmuş, hər il çempionluğa oynayan və avrokuboklarda qruplara
vəsiqə qazanan komanda var. “Neftçi”yə gələn məşqçi Azərbaycan futbolu ilə maraqlanmağa
başlayanda görür ki, “Qarabağ” illərdir hegemonluq edir. Futbolçularla tanış olanda görəcək ki,
“Neftçi”nin heyəti keyfiyyət baxımından “Qarabağ”ın heyətindən yetərincə geridədir. Söhbət həm
yerli, həm də legioner oyunçuların səviyyəsindən gedir. “Neftçi”nin yeni baş məşqçisi daha
səviyyəli futbolçuları gətirməyə məcburdur. Bunun üçün də klub rəhbərliyi pul xərcləməlidir.
Xərcləməsən, yenə çempion ola bilməyəcəksən. “Neftçi” təkcə bir il çempion olmağı yox,
avrokuboklarda da uğurlu çıxış etməyi qarşısına məqsəd qoymalıdır. İşinin peşəkarı olan həm
gənc, həm də yaşlı məşqçilərimiz var. Biz güvənmirik ki, məsələn, Kamal Quliyev gəlib “Neftçi”də
uğura imza atacaq. Mən gətirdikləri rumından da, italyandan da fərqli olaraq, işimi görə
bilməsəm, ərizəmi yazıb gedərəm. Rəhbərliklə danışıqda konkret özümə vaxt qoyaram ki, filan
müddətdə komandanı yaxşıya doğru dəyişə bilməsəm, vəzifəmi tərk edəcəm. Kamal Quliyevi
əcnəbi məşqçilərdən fərqləndirən budur!
– “Sabah”a son mövsümdə gümüş medal qazandıran və komandanı avrokuboka çıxaran
əcnəbi məşqçi Murad Musayevin işini necə qiymətləndirirsiniz?

– Murad Musayev başqa məsələ… Paxıl olmayan, həqiqəti danışan istənilən futbol
mütəxəssisinə və ya azarkeşə bu sualı versəniz, Murad haqqında yaxşı danışar. Həqiqətən də,
kişinin oğlu “Sabah”da iş gördü. Adamın üstündə Allah var, “Sabah” Murada qədər hansı
səviyyədə idi, onun gəlişindən sonra hansı səviyyədədir? Murad Musayevin işini yüksək
qiymətləndirirəm, düzgün yoldadır. Kişi iş gördü və görməkdə davam edir. Murad son illərdə
Azərbaycana gələn əcnəbi məşqçilərdən ən uğurlusu, işi ilə özünü göstərənidir.
“Klub prezidenti olsam, Kaxanı gətirmək üçün milyonumdan keçərəm”
– Azərbaycanda uğur qazanan əcnəbi məşqçilər çox olmayıb. Murad Musayevdən başqa
burada işləmiş hansı xarici məşqçiləri fərqləndirə bilərsiniz?
– Bir neçə xarici məşqçi ilə çalışmışam. Millidə Karlos Alberto Torresin rəhbərliyi altında
oynamışam. Ondan özünü futbolçu kimi aparmaq qaydasını öyrəndik. Klub karyeramda da bir
neçəsi ilə işləmək imkanım olub. Rasim Kara futbolumuza peşəkarlıq gətirdi, klublarda işləyən
şəxslərin öz missiyalarını necə yerinə yetirməli olduqlarını bizə aşıladı. Komandanın kapitanı
necə olmalıdır, onu başa saldı. O deyirdi ki, kapitan hər kəsin hörmət etdiyi biri olmalı, onun sözü
baş məşqçinin sözü kimi qəbul edilməlidir. Rasim Karadan çox şey öyrəndik.
Uğur qazanmaq cəhətdən isə birinci Kaxaber Sxadadzenin adını çəkərdim. Azərbaycana gəlibgetmiş əcnəbi məşqçilərin ən yaxşısı Kaxa olub. İstər savadı, istərsə də işi ilə ən xoş sözlərə
layiqdir. “Standard” komandasında rəhbərliyi altında oynamışam. İnandırım sizi, həmin vaxt
ikinci gəncliyimi yaşayırdım. Sadəcə, Kaxanın dediklərini yerinə yetirirdim, əlavə heç nə
etmirdim. Hər şeyi elə başa salırdı ki, dediklərini çox rahatlıqla qavraya və meydanda tətbiq edə
bilirdin. Sxadadze işinin peşəkarıdır. Hansısa klubda prezident olsam, Kaxaberi baş məşqçi
gətirmək üçün milyonumdan da keçərəm. Ona o qədər pul verdiyimə heyfsilənmərəm də.
“Qəbələ”ni 2 dəfə Avropa Liqasının qrup mərhələsinə çıxartmış Roman Qriqorçuku da qeyd
etmək istəyirəm. O da işinin peşəkarıdır, Azərbaycandakı fəaliyyəti yaxşı alındı. Taktiki cəhətdən
savadlı məşqçidir. Amma Sxadadze ilə Qriqorçuk arasında qalsam, Kaxanı üstün tutaram.
Kaxaberlə işləmişəm deyə, onu daha yaxından tanıyıram. İnsan var ki, onu hansısa işə qoyanda
mütləq yoxlamalı, nəzarətdə saxlamalısan. Sxadadzeni işdə nəinki yoxlamağa, heç ona tərəf
baxmağa da ehtiyac yoxdur. Əsl peşəkardır.

“AFFA-da Qurbanın millini çalışdırmasını istəməyən qüvvələr var idi”
– Milli komandanın baş məşqçisi Cyanni de Byazinin fəaliyyəti haqda da fikirləriniz
maraqlıdır…
– Hər şey göz qabağındadır. Futbolumuzun rəhbər şəxsləri milli 5 oyunda qələbə qazanmışdı
deyə, onunla müqavilənin müddətini uzatmağa qərar verdilər. Hər məşqçinin qarşısına qoyulan
tapşırıq var. De Byazini gətirəndə də qarşısına konkret hədəflər qoyulub. Məşqçi tapşırığın
öhdəsindən gələ bilmirsə, onunla yeni müqavilə bağlamaq… bu, mənim üçün faciədir. Əcnəbi
məşqçilər gəlib çörəyimizin ən yağlı yerini yeyirlər, uğursuz olanda da deyirlər ki, Azərbaycanda
futbolçu yoxdur. Şəxsən mən yığmanın baş məşqçi postunda dəyişiklik gözləyirdim. Çünki
Canni de Byazi qarşısına qoyulan vəzifəni yerinə yetirə bilməmişdi.
– AFFA vaxtilə Qurban Qurbanovu Millətlər Liqasında qrup birincisi olmadığımıza görə
yığmadan kənarlaşdırdığı halda, Canni de Byazi iki dəfə adıçəkilən turnirdə qrup birincisi
olmaq tapşırığının öhdəsindən gələ bilmədi. Buna rəğmən, hər iki halda millidə qalmasına
qərar verildi. Buna nə ad vermək olar?
– Tamamilə razıyam. Bayaq da dedim, biz yada yalaq, qohuma dalağıq. AFFA-da Qurbanın
millini çalışdırmasını istəməyən qüvvələr var idi. Çünki Qurban onların işinə mane olacaqdı,
bunu açıq şəkildə deyirəm. Qurban yığmaya gələndən sonra aşağı yaş qrupları üzrə millilərə də
yeni məşqçilər gətirdi və bir proqram tərtib olundu. Bütün səlahiyyətlər baş məşqçidə olmalıydı.
Bunu isə AFFA rəhbərliyində istəməyən şəxslər var idi, onlara bu, sərf etmirdi. Yəni məsələ
Millətlər Liqası deyildi. Sadəcə, həmin hadisə Qurbanı uzaqlaşdırmaları üçün bir təkan oldu, bu
planı sürətləndirdi. Qurban Millətlər Liqasında qrup birincisi olmaq tapşırığının öhdəsindən
gəlsəydi belə, gələcəkdə ona maneələr törədiləcəkdi. Belə olan halda isə Qurbanı tanıyan biri
kimi deyirəm ki, özü istefa ərizəsini yazıb gedəcəkdi. Amma qarşısına qoyulan vəzifəni yerinə
yetirə bilməyən Canni de Byazini hər dəfə saxlayırlar. Mən de Byazinin yerində olsam,
uğursuzluq fonunda qala bilmərəm. İnsan necə haram çörək yeyər? Rəhbərlik qovmursa, de
Byazi özü istefa ərizəsini yazmalıdır. Görür AFFA rəhbərliyinin onu göndərmək fikri yoxdur,
düşünür ki, niyə də qalıb yüksək məvacibimi almayım?!
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.