Karvan bu yolla Xankəndiyə çatdırılacaq: Azərbaycanın şərti... - Sabiq nazir detalları açıqladı

28-07-2023, 09:49           
Karvan bu yolla Xankəndiyə çatdırılacaq: Azərbaycanın şərti... -
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Laçın sərhəd-buraxılış məntəqəsindən keçidlər üçün Azərbaycanın şərtlərinin olduğu bildirilir. Burada başlıca şərtlər nədən ibarətdir?

- Laçında olan sərhəd-buraxılış məntəqəsinin iki funksiyası var. Bu da Qarabağda olan ermənilərin buradan istifadəsinin təmin edilməsi və rus sülhməramlılarının təminatın Ermənistandan deyil Azərbaycandan həyata keçirilməsidir. Elə əvvəldən də Azərbaycan çalışırdı ki, sülhməramlıların təminatı öz ərazisindən həyata keçirilsin. İndi də artıq bunun üçün tam bir şərait mövcuddur. Çünki indi Ağdam istiqamətindən bura quru yol da mövcuddur. Həmçinin Füzuli Beynəlxalq Aeroportundan da istifadə etmək olar.

- Rusiya bu prosesə necə əks təsir göstərə bilir?

- Təminatı öz əlimizdə saxlasaq istənilən məsələni həll edib təsir gücümüzü da artıra bilərik. Bunu hər kəs bilir. Əslində Moskva da bunu yaxşı başa düşür. Ona görə də, Rusiya öz əlaltıları ilə Xankəndidə bu porsesə qarşı teatral səhnələr qurur. Eyni zamanda Moskva məntiqsiz bəyanatlar verməklə də prosesi pozacağını düşünür.

- Qərbin bu məsələyə münasibəti necədir?

- Faktiki olaraq Qərbdə də bu məsələni yaxşı başa düşürlər. Heç təsadüfi deyil Avropa İttifaqının prezidenti Şarl Mişel Ağdam-Xankəndi yolunun istifadə edilə biləcəyini açıqlamışdı. Yəni, proseslərin əsas gedişi bununla bağlıdır. Açıq desək ermənilərin burada rolu ikinci dərəcəlidir. Azərbaycan Moskvaya sübut etmək istəyir ki, onun ərazisində olan istənilən sülhməramlı əməliyyat öz nəzarətində olacaq. İndi də bu proseslər gedir.

- Moskva görüşü və ondan öncə Rusiya-Azərbaycan arasında olan gərginliyin bu prosesə nə dərəcədə aidiyyatı var idi?

- Moskva görüşü və ondan öncə Azərbaycan və Türkiyəyə qarşı səslənən bəyanatlar bu məsələnin tərkib hissəsi idi. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz məqsədlərinə nail olacaq.

- Ermənistanın hümanitar yardımı təxribatına qarşı Azərbaycanın real yardım inkanlarını necə dəyərləndirmək olar?

- Hazırda Ermənistandan Laçın istiqamətinə gələn və orada olan yardım karvanı ilə bağlı yanaşmalar fərqlidir. Ola bilsin ki, onlara bu karvanı digər yollarla müşayiət edib Xankəndiyə çatdırmaq təklif edilib. Bu təklifə onların hə və ya yox cavabı artıq məntiqsiz görünür. Çünki onlara deyilir ki, “yardım etmək istəyirsinizsə, bunu biz dediyimiz kimi edəcəksiniz”.

- Yəni siz deyirsiniz ki, Azərbaycan belə bir təklif verib...

- Bəli! Azərbaycan təklif edib ki, bu karvanı polis maşınının müşayiəti ilə öz bildiyi marşurutla aparılmasını təmin edə biləcək. Amma ümumilikdə Azərbaycan tərəfindən hər hansı yardımın olub-olmaması məsələsi gündəmdə deyil. Bu təminat ola bilər. Çünki yol açıqdır. Qarabağda olan ermənilər bundan öncə hansı malları alırdısa o malları Azərbaycanın təmin etdiyi yollarla ala bilərlər. Amma hər yerdə olduğu kimi Xankəndidə bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq alış-veriş olmalıdır. Bu da Azərbaycan manatı ilə həyata keçirilə bilər. Yəni, təminat bu şəkildə qurula bilər. Çünki Azərbaycanın digər rayonlarında olduğu kimi Xankəndidə də eyni qaydalar mövcud ola bilər. Bura Azərbaycan ərazisidir.

- Sizcə, Qarabağ ermənilərinin bu prosesə uyğunlaşması nə vaxta qədər davam edə bilər?

- Faktiki olaraq indiki proseslər bir növ tədris xarakteri daşıyır. Yəni Qarabağ erməniləri öyrəşdirilir ki, qaydalar belə olacaq. Sadəcə olaraq onlar bu qaydalara tabe olmaq istəmirlər. Azərbaycan da buna qarşı heç bir güc tətbiq etmədən Qarabağ ermənilərini bu qaydalara riayət etməyə sövq edir. Ölkə başçısının da dediyi kimi “kim burada vətəndaş kimi yaşamaq istəmirsə onun üçün yol açıqdır”. Ona görə də, burada bütün qaydalar Azərbaycanın dediyi kimi olacaq. Çünki burada ayrı bir imkan yoxdur. Fakt bu gün Azərbaycan Ermənistandan gələn karvanı Laçın yolundan yox öz bildiyi və özünün müşayiəti və nəzarəti ilə istənilən ünvana çatdırmağa hazır olduğunu deyir. Azərbaycan bununla da öz ərazisində bütün hərəkətləri və vəziyyəti idarə etdiyini bəyan edir. Ona görə də, burada hansısa teatr tamaşası qurmağa ehtiyac yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.