Biləcəridən o yana gedənlər və getməyənlər – “Qanımızda var, kənarda olanda darıxırıq”
31-07-2023, 08:48
İllərdir, azərbaycanlı futbolçuları tənqid hədəfinə çevirən səbəblərdən biri də legioner həyatı yaşamaqda maraqlı olmamaları, necə deyərlər, Biləcəridən o yana gedə bilməmələri idi. Ancaq son vaxtlar bu tendensiya dəyişib. Xüsusən, bu yay bir neçə futbolçumuz özünü ölkə xaricində sınamağa qərar verdi. Bu mövzuda futbol mütəxəssisi ilə söhbətləşməyə qərar verdik və həmsöhbət kimi vaxtilə Ukraynanın “Volın”, Rusiyanın “Uralan” klublarında çıxış etmiş Samir Əliyevi seçdik. Hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını çalışdıran Əliyev Pressklub.az saytına müsahibəsində maraqlı məqamlara toxundu.
“Xaricdə oynaya bilən, səviyyəli yerli futbolçu qıtlığı var”
– Mütəxəssislər, mətbuat, eləcə də azarkeşlər azərbaycanlı futbolçuları legioner həyatı yaşamaq istəmədiklərinə görə tez-tez tənqid edirdilər. Artıq vəziyyətin dəyişdiyinin şahidi oluruq. Nə baş verdi ki, futbolçularımız ölkədən çıxmağa maraq göstərməyə başladılar?
– Bu, çox geniş və dərin mövzudur. Legioner həyatı yaşayan azərbaycanlı futbolçuların sayının az olmasının səbəbləri haqda saatlarla müzakirə apara bilərik. Futbolçularımızın son vaxtlara qədər legioner həyatı yaşamaq istəmədikləri fikri ilə razı deyiləm. Acı da olsa, reallıq budur ki, bizdə xaricdə oynaya bilən, səviyyəli yerli futbolçu qıtlığı var. Son 4-5 ilə fikir versək, görərik ki, Azərbaycan çempionatında bu illərdə 8, 10 komanda çıxış edib. Yaxşı səviyyədə birinci divizionumuz, ümumiyyətlə, ikinci dəstəmiz olmayıb. Üstəgəl, çempionatda legioner limiti 7+4, ondan öncə isə 6+5 olub. Təsəvvür edin ki, 8-10 klubun var və hər birinin heyətində Azərbaycan futbolunun yetişdirdiyi oyunçuların sayı 4-5-dir. Nəzərə alaq ki, son illər Rusiya, Ukrayna və başqa ölkələrdən olan, milliləşdirilmiş futbolçular da klublarımızda çıxış edirlər. Deməli, azərbaycanlı oyunçuların sayı azdır. Say az olduqda, keyfiyyətli futbolçular da istər-istəməz az olur. Müsbətə doğru dəyişikliklər var. Ötən mövsüm çempionatda idman prinsipi qorundu, sonuncu yeri tutan komanda birinci diviziona yuvarlandı. Aşağı dəstədə isə birinci yeri tutan komanda Premyer Liqaya yüksəldi. Yeni mövsümdən artıq Premyer Liqa və birinci liqa ilə yanaşı, ikinci liqa da olacaq. Bu ildən birinci liqaya da böyük maraq var. Bütün liqalarda idman prinsipləri qorunduğu halda, inanıram ki, futbol da, futbolçularımız da inkişaf edəcək və gələcəkdə ölkə xaricində oynayan yerli oyunçularımızın sayı daha çox olacaq.
– Sanki Mahir Emrelinin 2 il öncə “Legiya”ya gedişi digər futbolçularımızı da “silkələdi” və xarici klubların bizim oyunçularla maraqlanmasına yol açdı. Razısınızmı?
– Əlbəttə, Mahir Emrelinin “Legiya”ya keçidi böyük maraqla qarşılandı. Bu da “Qarabağ”ın son illərdə avrokuboklarda layiqli çıxış etməsi ilə bağlı idi. “Qarabağ”ın uğurlarından sonra Azərbaycan futboluna və futbolçularına marağın artdığını gördük. İstərdim ki, legioner həyatı yaşayan futbolçularımızın sayı daha çox olsun. Hazırda “Qarabağ”da Elvin Cəfərquliyev, Toral Bayramov və Nəriman Axundzadə kimi gənc futbolçular var. İnanıram ki, onlar da 1-2 ilə özlərini ölkədən kənarda sınayacaqlar. Bunun həm Azərbaycan millisinə xeyri dəyəcək, həm də azərbaycanlı futbolçulara maraq daha da artacaq.
“Mahirin “Legiya”da qalması düzgün deyildi”
– Mahirin “Legiya”dakı karyerası əla başlasa da, azarkeşlərlə bağlı başına gələn insidentdən sonra Polşa klubunu tərk etməli oldu. Sizcə, Emreli həmin vaxt komandadan ayrılmaqla düz etdi?
– Bəli, Mahir “Legiya”da legioner həyatına çox uğurlu başladı. İstər çempionat oyunları, istərsə də avrokubok matçlarının əksəriyyətində əsas heyət üzvü kimi meydana çıxırdı və qollarını sıralayırdı. Biz də ümid edirdik ki, Mahir orada daha da püxtələşib, Polşa çempionatından Avropanın daha güclü liqalarına gedəcək. Təəssüf, xoşagəlməz hadisə ilə üzləşdi. “Legiya” Polşanın köklü klublarından biridir, daim çempionluq uğrunda oynayır və komandanın çox çılğın azarkeşləri var. Bir neçə ardıcıl uğursuz nəticədən sonra azarkeşlərlə məlum problem yarandı. “Legiya”dan getdikdən sonra Mahirin karyerasında bir balaca eniş yaşandı. Nəticədə “Emreli “Legiya”dan ayrılmaqla düz, ya səhv etdi” sualı ortaya çıxdı. Məncə, həmin an üçün, yəni o insidentdən sonra Mahirin orada qalıb karyerasını davam etdirməsi düzgün deyildi. Subyektiv fikrimdir ki, Emreli “Legiya”dan ayrılmaqla düz etdi. Sadəcə, oradan oynaya biləcəyi bir komandaya getməliydi. Həmin vaxt “Dinamo”da Xorvatiya millisinin iki hücumçusu oynayırdı. Mahir onlarla rəqabətdə çətinliklə üzləşə bilərdi, elə də oldu. Buna baxmayaraq, Mahirin daim oynaya və daha da inkişaf edə biləcəyi komandaya keçəcəyinə inanıram.
– Mahirin Xorvatiya ilə yanaşı, Türkiyə karyerası da istədiyi kimi alınmadı. Bunun səbəbini nədə görürsünüz?
– Avropada oynamaq asan deyil. Çünki orada da oyundankənar oyunlar olur. Bir neçə səbəblər var. Mahirin istər “Dinamo”da, istərsə də “Konyaspor”da karyerasının o qədər də uğurlu alınmamasını – çox vaxt ehtiyatda oturması və ya meydana çıxıb özünü göstərməməsi, hücumçu kimi qol vura bilməməsini psixoloji durumla bağlayardım. Çünki Mahir “Dinamo”ya keçəndə başqa məşqçi idi, sonra yenisi gəldi. Üstəgəl, bayaq dediyim kimi, Zaqreb klubunda rəqabət güclü idi. “Dinamo” və “Konyaspor” sıradan bir komanda deyil. “Dinamo” Xorvatiyanın top-klubudur. “Konyaspor” isə çempionatında medallar uğrunda oynayır və Türkiyə Superliqası zəif liqa deyil. Bundan əlavə, Mahirin zədələndiyi vaxtlar da oldu, hətta millidə də bir müddət qol vura bilmədi. Bunlar üst-üstə gəldikcə, həm yerli, həm də xarici mətbuat, azarkeşlər üstünə getdilər. Bu cür basqı ilə üzləşəndə möhkəm olmaq lazımdır. Belə məqamlarda istər-istəməz psixoloji sarsıntı keçirirsən. Səbəbi məhz bunda görürəm. Amma Mahir möhkəm oğlandır. İnanıram ki, bunların öhdəsindən gələcək və azarkeşləri sevindirəcək.
“Düşündü ki, Avropa ölkələrindən belə təklif gəlməyəcək”
– “Qarabağ”ın Mahir Emrelini geri qaytarmaq istədiyi haqda xəbərlər yayılıb. Sizcə, Mahir belə məqamda hansı addımı atmalıdır?
– Biz də mətbuatdan oxuyuruq ki, “Qarabağ” Mahiri geri qaytarmaq istəyir. Bu xəbərlərin nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Legioner həyatı yaşamış biri kimi mən də vaxtilə səhvə yol verib geri qayıtmışam. Mahir daha möhkəm olmalıdır. “Dinamo”da qalmasa belə, xaricdə oynaya biləcəyi bir kluba keçməlidir. “Qarabağ”da Mahir gedəndən sonra Musa Qurbanlı daha çox oynamağa başladı. Musa da getdi, hazırda “Qarabağ”da Nəriman Axundzadə kimi gənc yetişir. Son təlim-məşq toplanışında yoldaşlıq oyunlarında iştirak etdi. Artıq avrokubok görüşlərində də Qurban Qurbanov Nərimana güvənir, ona şans verir. Mahir getdi, ondan sonra Musa başladı özünü göstərməyə. İndi Musa getdi, istərdim ki, Nəriman da oynasın, püxtələşsin və o da xaricə getsin. Bu ənənəni davam etdirmək lazımdır. Nəriman da gələcəkdə xarici kluba keçmək istəyirsə, arxayınlaşmamalı, öz üzərində daha çox işləməlidir. İlk növbədə, “Qarabağ”ın əsas heyətində daha çox yer almağa çalışmalı, belə-belə püxtələşməli və Mahirin, Musanın davamçısı olmalıdır.
– Bu yay Azərbaycanı tərk edən futbolçulardan biri də Ramil Şeydayev oldu. Amma Ramilin qərarı heç də birmənalı qarşılanmadı. Çünki o, güclü çempionata yox, daha çox pul qazanmaq məqsədilə Tailanda üz tutdu. Şeydayevin bu qərarını necə qarşıladınız?
– Bir çoxu Şeydayevin qərarını birmənalı qarşılamadı. Ramil bunadək 2 müxtəlif vaxtda “Qarabağ”ın formasını geyindi, bundan əlavə Azərbaycanda “Sabah”ın da heyətində çıxış etdi, həmçinin Türkiyə, Slovakiya və Rusiya klublarında oldu. Yəni bundan öncə bir neçə dəfə cəhd etdi ki, yüksək səviyyədə futbol oynasın. Onu da nəzərə alaq ki, Şeydayevin artıq 27 yaşı var. Üstəlik, Tailanddan elə bir müqavilə təklif etdilər ki, o da artıq uşaq deyil. Düşündü ki, belə bir müqavilə, şərtlər qarşılığında Avropa ölkələrindən heç kim ona təklif göndərməyəcək. Əlbəttə, Şeydayevin daha güclü çempionata getməsini istərdik. Amma hər bir futbolçunun qərarına hörmətlə yanaşmaq lazımdır. Ramilin səhv, yoxsa düz qərar verdiyini zaman göstərəcək, bunu indidən deyə bilmərik. Gələcəkdə Tailand çempionatından Avropa klubuna keçə də bilər.
“Musa atası və əmisi ilə məsləhətləşib, düzgün qərar verdi”
– Əvəzində, “Qarabağ”ın digər futbolçusu Musa Qurbanlı İsveçin “Yurqarden” klubu ilə müqavilə bağladı. Musanın bir qədər tez xaricə üz tutduğunu düşünənlər də var. Musanın legioner həyatı yaşamasının vaxtı çatmışdımı və ondan gözləntiləriniz nədir?
– Bu gün İsveç, Norveç kimi ölkələrin futbolunda tamam başqa strategiya ilə işləyirlər. Bilirik ki, Skandinaviya klublarının əsas məqsədləri gənc futbolçuları yetişdirib, daha güclü klublara satmaqdır. İsveç çempionatı Avropa skautlarının daim izlədikləri liqadır. Fikrimcə, Musa özbaşına qərar vermədi. Atası Qurban Qurbanov və əmisi Musa Qurbanovla məsləhətləşib düzgün qərar verdi. Çünki məqsəd İsveçdə püxtələşib, oradan da daha güclü çempionata getməkdir. İsveç çempionatı infrastruktur, azarkeş və skautlar baxımından Azərbaycan Premyer Liqası ilə müqayisədə öndədir. Tez də deyil, gec də deyil, Musa tam zamanında getdi. Əlbəttə, indi öz üzərində dayanmadan işləməlidir. Musanın oradan daha güclü liqalara gedəcəyinə inanıram.
– Bu yay həmçinin Coşqun Diniyev Türkiyənin birinci liqa təmsilçisi “Ümraniyespor”a, Cəlal Hüseynov Bolqarıstan klubu “Arda”ya, Vüsal İsgəndərli isə Albaniyanın “Eqnatiya” komandasına keçdi. Bu 3 futbolçudan hansına daha çox ümid bəsləyirsiniz?
– Coşqun və Vüsaldan fərqli, Cəlal Hüseynovu daha yaxından tanıyıram. “Arda”ya keçməmişdən qabaq U-21-in düşərgəsində oldu və Türkiyə yığmasına qarşı matçda meydana çıxdı. Onu yaxşı tanıyan biri kimi deyə bilərəm ki, Coşqun və Vüsalla müqayisədə daha gəncdir. Cəlalın qırağa çıxmağa can atması, gedib legioner həyatı yaşayaraq daha da qabağa getməsi sevindirici haldır. Millinin düşərgəsində Cəlalla söhbətlərimiz oldu. Ona legioner həyatı yaşamış biri kimi öz məsləhətlərimi verdim. İnanıram ki, Cəlal yeni komandasında daha uğurlu çıxış edəcək.
Coşqun haqqında isə onu deyə bilərəm ki, artıq 28 yaşı var, karyerasının pik vaxtıdır. Bir az gecikmiş olsa da, Coşqun da çox yaxşı addım atdı. İstəyim odur ki, Coşqun orada sona kimi tab gətirsin, oynasın, Superliqa klublarının diqqətini çəksin və karyerasını Azərbaycanda yox, xaricdə bitirsin.
Albaniya klubuna keçən Vüsalın yaşı çox deyil, bundan sonra da artıra, önə gedə bilər. Bu yay bir neçə oyunçumuzun Azərbaycandan çıxmasının yaxşı tərəfi odur ki, onlar getdikcə Azərbaycan klublarında başqa uşaqların əsas heyətə düşməsinə, özlərini göstərərək gələcəkdə legioner həyatı yaşamasına şərait yaranır. Coşqun Türkiyədə, Cəlal Bolqarıstanda, Vüsal Albaniyada, Musa İsveçdə, Ramil Tailandda, Anton Krivotsyuk Cənubi Koreyada layiqli çıxış edəcəksə, azərbaycanlı futbolçulara xarici klublar tərəfindən diqqət daha da artacaq. Legioner həyatı yaşayan oyunçularımızın sayı artdıqca milli komandamızın da nəticələri yaxşılaşacaq.
“Gərək xarakter göstərəsən”
– Başqa hansı azərbaycanlı futbolçuların xaricdə özünü yaxşı tərəfdən göstərmək bacarığında olduğunu düşünürsünüz?
– Xaricə yollanmaq gücündə olan futbolçularımız yenə var. İstər cavanlar olsun, istər təcrübəlilər, gedib oynaya bilərlər. Hələ transfer pəncərəsi bağlanmayıb. Ola bilər, kimlərsə agentlərin vasitəsilə danışıqlar aparır. Avrokubokda oynayan klublarımızın yerli futbolçuları özlərini yaxşı tərəfdən göstərməklə xarici komandaların maraq dairəsinə düşə və transfer oluna bilərlər. Çalışdırdığım U-21 yığmamızda da belə futbolçular var. Bir çoxuna ümidimiz var ki, gələcəkdə çox yaxşı yerlərdə ola bilərlər. Fərid Yusifli, Veysəl Rzayev, Samir Abdullayev, Samir Məhərrəmli, Emil Səfərov, Abdulla Rzayev və daha bir neçəsi gələcəkdə xaricdə oynamaq gücündədirlər.
– Vaxtilə legioner həyatı yaşamış biri olaraq, ölkə xaricinə yollanan futbolçularımıza hansı məsləhətləri verərdiniz?
– Hansı ölkədə oynamağından çox şey asılıdır. Mən Ukrayna və Rusiyada oynadığımdan, dil baxımından problem yaşamadım. Legioner həyatı yaşayan futbolçu üçün istər komanda yoldaşları, istərsə də baş məşqçi ilə dialoq qurmaq baxımından xarici dili bilməsi vacibdir. Bundan əlavə, oynadığın ölkənin mentalitetini bilməlisən. Bu, həmin ölkənin adət-ənənələrinə öyrəşmək və hörmət etmək baxımından önəm daşıyır. Legionersənsə, yerli futbolçulardan daha güclü olmalısan. Daha yaxşı olmaq üçün isə hər məşqdə, hər oyunda özünü sübut etməlisən, güclü rəqabətə dözməlisən. Ehtiyatda qalanda ruhdan düşmək olmaz, əksinə öz üzərində daha çox işləməlisən. Məşqçinin tələblərini, oyun fəlsəfəsini qavramalı, komandaya tez uyğunlaşmalısan. Bir sözlə, gərək xarakter göstərəsən. Bizim qanımızda var, kənarda olanda, tək qalanda ailəmiz, yaxınlarımız üçün darıxırıq. Bu maneələri aşmaq lazımdır ki, çətinliklərlə üzləşməyəsən.
– Maddiyyat, infrastruktur baxımından qat-qat üstələdiyimiz qonşularımızdan fərqli olaraq, dünyanın top liqalarında, böyük klublarında oynaya biləcək futbolçu yetişdirə bilmirik. Səbəbi nədə görürsünüz?
– Səbəb sadədir. Azərbaycan və Gürcüstan klublarının avrokuboklardakı çıxışını müqayisə etsək, bizim klub futbolumuz daha öndədir. Bu da sırf legionerlərin hesabınadır. Görürük, avrokubokda çıxış edən Gürcüstan klublarının heyətində gənc gürcü futbolçular çoxluq təşkil edirlər. Bu da maddiyyatla bağlıdır. Bundan əlavə, onlarda klubların məqsədi tamam başqadır. Gürcüstan klubları çalışırlar ki, futbolçuları yetişdirib kənara satsınlar və pul qazansınlar. Biz də tədricən bu istiqaməti götürməliyik. Bunu etsək, klublarımızda yerli futbolçuların sayı daha da artacaq. Nəticədə kənara çıxa biləcək futbolçuların da sayında artım müşahidə olunacaq. İnanaq ki, gələcəkdə həm klub, həm də milli səviyyəsində daha yaxşı uğurlara imza atacağıq. Amma bunun üçün ilk növbədə düzgün strategiya lazımdır. Təəssüf ki, bu gün bir çox klubumuzda bu, yoxdur.
Pressklub.az