Hərbi analitik: “Ya qanunlarımızı qəbul edib adam kimi yaşayacaqlar, ya da...”
31-07-2023, 17:58
“Hazırkı mərhələdə Azərbaycan Ordusunun anti-terror əməliyyatı keçirəcəyini istisna etmirəm. Amma bu, indiki məqamda Qarabağdakı şərti erməni icmasının liderlərinə təzyiq faktoru kimi də görünə bilər. Buna baxmayaraq, bütün hallarda anti-terror əməliyytının keçirilmə ehtimalı artır. Hesab edirəm ki, son zamanlar radikal mövqedən çıxış edən separatçıların danışıq və davranış formasını bu təhlükə müəyyən qədər sakitləşdirəcək”.
Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə Azərbaycanın Xankəndi şəhərindəki separatçı ermənilərin qanunsuz fəaliyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilərin başqa cür davranmaq, Azərbaycana qarşı çıxmaq və sona qədər belə davam etmək imkan və şansı yoxdur.
A. İsazadə bir neçə gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan hərbi cinayətkar V. Xaçaturyanla bağlı durumu Xankəndidə yaşayan ermənilərə xəbərdarlıq sayır: “Saxlanılan həmin şəxs məndən 2-3 yaş böyük və ya kiçik ola bilər. 1990-cı ildə bizim yaşda olan insanlar bu müharibədə iştirak edib, biz torpaqlarımızı qorumağa çalışmışıq, onlar isə ölkəmizi işğal etməyə tələsiblər. Digər tərəfdən, bu şəxs 1991-ci ildə törədilən cinayət əməlinə görə, təqsirkar elan edilib. Halbuki o zaman Sovet imperiyası dağılmamışdı, amma erməni quldur dəstələrinin Azərbaycan kəndlərinə hücumları başlamışdı. Həm də indi ermənilərin yaşadığı Qarabağın dağlıq hissəsində belə adamların sayı az deyil”.
İsazadənin xatırlatmasına görə, bir müddət əvvəl prezident Əliyev elan edib ki, Azərbaycan tərəfi məsələnin sülh və ədalətlə həllini istəyir və amnistiya verməyə hazırdır. “Amma nədənsə, bu xəbər Xankəndiyə ya gedib çatmadı, ya da qulaqardına vurmağa cəhd etdilər. Prezidentin dediyi amnistiya hələ elan edilməyib, odur ki, hazırda belə cinayət işləri əsasında saxlanma və həbslər həyata keçirilə bilər”,- hərbi analitik əlavə edib.
İsazadə qeyd edib ki, ermənilərin nisbətən kompakt yaşadığı Qarabağdakı ərazilərdə 1950 və 1960-cı illərdə doğulan kişilərin mütləq əksəriyyəti Azərbaycana qarşı ədalətsiz müharibənin iştirakçılarıdır: “Yəni lazım gəlsə, çoxlu sayda ermənilər həbs oluna bilər. Mən demirəm ki, hamısını tutacağıq, amma belə bir imkan yaranır. Yəni ora-bura şikayət etməyin nəticəsi olmayacaq. Düşünürəm ki, Vaqif Xaçaturyanın həbsi Qarabağdakı ermənilərə xəbərdarlıqdır, açıq mesajdır. Yəni gəlin, Azərbaycanın qanunlarını qəbul edin, adam kimi yaşayın. Bu halda amnistiya da ola bilər. Əks tədiqdə Xaçaturyan kimi şəxslərin sayı çoxdur və onların cəzlandırılması davam edəcək”.