"Kimin maaşı çoxdur, özəl pensiyadan yaralana biləcək" - Deputat
2-08-2023, 09:44
"Hazırda bir sıra ölkələrdə özəl pensiya fondları mövcuddur. Bu fondlar işçiyə, vətəndaşa pensiyaya çıxarkən daha çox vəsait qazanmaq imkanı yaradır". Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. O qeyd edib ki, şərtlərə əsasən, vətəndaş vəsaitin müəyyən hissəsini icbari sığorta fonduna, müəyyən hissəsini də özəl sığorta fonduna ödəyir: "Bunlar toplanır və vətəndaş daha çox pensiya almaq imkanı qazanır. Təbii ki, bu da könüllü əsasda olur. Heç bir vətəndaşı bunu məcbur etmək olmaz. Kimin maaşı artıqdır, kimin imkanı varsa, onlar üçün şərait yaranacaq. Özəl sığorta fondlarının bir xüsusiyyəti də ondan ibarətdir ki, onlar vətəndaşla müqavilə bağlayacaq. Beləliklə, sığorta ilə vətəndaş qarşılıqlı şəkildə fonda yığılan vəsaiti investisiya, başqa qiymətli kağızlara qoya, daha çox gəlir götürə bilərlər. Nəticədə vətəndaş bundan daha çox bəhrələnə bilər. İstənilən halda bunun pensiyaçılarımıza xeyri olacaq”.